Məhkəmə qərarları › İş №2-1(114)-3156/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3156/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3156/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin üzərindən elektrik xəttinin götürülməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı fərdi yaşayış evinin üzərindən elektrik xəttinin götürülməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur.

2. İddiaçı “Qərb” RETSİ-yə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, yaşadığı ünvanın üstündən qonşuluqda yerləşən aqlay sexinə gedən elektrik xətlərinin onun həyətyanı torpaq sahəsindən çıxarılması üçün köməklik göstərilməsini xahiş etmiş, “Qərb” RETSİ tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda yaşayış evinin həyətyanı sahəsindən keçən xəttin yerinin dəyişdirilməsi üçün ASAN xidmət mərkəzinin "xxxx" ASC-nin 13-cü bölməsinə müraciət etməli olması bildirilmişdir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən evin üzərindən cavabdehin çəkdiyi elektrik xəttinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC onun istehlakçı və əmlak hüquqlarını pozaraq heç bir qanuni əsası olmadan ona məxsus ünvan 2 ünvanda yerləşən evin və həyətin yerləşdiyi ərazidən o evdə olmadığı vaxt və onun icazəsi olmadan elektrik xətti çəkmişdir. Dəfələrlə cavabdehdən tələb etsə də, müxtəlif bəhanələr irəli sürərək xəttin yerini dəyişmir. Nəticədə özü və ailə üzvləri, o cümlədən azyaşlı nəvələri təhlükə ilə üz-üzə qalıblar. Elektrik xətti hər hansı səbəbdən qırılıb həyətə düşə və bədbəxt hadisə baş verə bilər. Ona görə də məcbur qalaraq istehlakçı və mülkiyyət hüququnun bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

7. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. İddiaçı məhkəmə iclasında "xxxx" ASC-yə müraciətinin olmadığını, bununla bağlı ASAN xidmət mərkəzinə yaxınlaşmadığını, sadəcə “Qərb” RETSİ-yə müraciət etdiyini bildirmişdir.

9. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında İddiaçı "xxxx" ASC-nin ASAN xidmət mərkəzində yerləşən bölməsinə müraciət etməli olduğunu, yalnız bundan sonra əraziyə baxış keçirilərək, xəttin yerinin dəyişdirilməsi üçün layihə-smetanın tərtib edilə biləcəyini bildirmişdir.

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

13. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. İddiaçı tələbində həmin fərdi yaşayış evinin üzərindən cavabdehin çəkdiyi elektrik xəttinin götürülməsini tələb edir.

14. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələblərə müvafiq olaraq İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının fərdi yaşayış evinin üzərindən elektrik xəttinin götürülməsi ilə bağlı cavabdehə müraciəti və cavabdehin müraciətdən imtinası isə iş materialları ilə müəyyən edilmir.

15. Belə ki, İddiaçı “Qərb” RETSİ-yə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, yaşadığı ünvanın üstündən qonşuluqda yerləşən aqlay sexinə gedən elektrik xətlərinin onun həyətyanı torpaq sahəsindən çıxarılması üçün köməklik göstərilməsini xahiş etmiş, “Qərb” RETSİ tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda yaşayış evinin həyətyanı sahəsindən keçən xəttin yerinin dəyişdirilməsi üçün ASAN xidmət mərkəzinin "xxxx" ASC-nin 13-cü bölməsinə müraciət etməli olması bildirilmişdir. Bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə müvafiq müraciət olunmamışdır.

16. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

17. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar