Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-316/2024 28.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, birinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, müvafiq əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin tabeleyində Dövlət Tibbi-Sosial Eksperüza və Reabilitasiya Agentliyinə müraciət etsə də, cavabdeh orqan tərəfindən ona birinci dərəcə əlillik verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinasına səbəb isə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulması qeyd edilmişdir. Halbuki, ərizəsinə əlavə etdiyi Tibbi-Sosial Ekspert Komisiyası tərəfindən verilmiş məlumat sənədində ona “Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik ampulutasiyası, sağ budun 1/3 səviyyəsindən ampulatisiyasından sonrakı vəziyyət, ağırlaşma özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğu var” diaqnozu qoyulması qeyd edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh orqan mənim halhazıki vəziyyətini, yəni orqaniziminin funksiyalarının tamamilə pozulması, kənar şəxslərin köməkliyinə ehtiyacının olmasını və kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmədiyini nəzərə almamışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 28 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə etiraz ünvanlayaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 851/2023 nömrəli ekspert rəyi, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər və cavablar əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə keçirilən müayinənin nəticəsində “Bud-çanaq oynağı və bud nahiyəsinin travmatik amputasiyası, sağ budun yuxarı 1/3 səviyyəsindən amputasiyasından sonrakı vəziyyət. Ağırlaşma, özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğu var” diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə keçirilən müayinənin nəticəsində “Bud sümüyü cisminin (diafizinin) sınığı, sol budun orta 1/3-də zəif bitişən sınığı. Sümükdə metal fiksator. Sağ budun yuxarı 1/3 səviyyəsindən amputasiyasından sonrakı vəziyyət”, xx.xx.2022-ci il tarixdə keçirilən müayinənin nəticəsində “Bud-çanaq və diz oynaqları arasındakı səviyyədə travmatik amputasiyası, sağ bud sümüyünün yuxarı 1/3-i səviyyəsinin ağrılı amputasiyon güdülü, sağ bud çanaq oynağının koksartrozu, reginar osteopozrozu, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı (intromedulyar osteosintezid\ən sonra) sol diz oynağının bükücü kontrakturası (açma 165 dərəcə) əzələ atrofiyas, daimi ağrı sindromu və dayaq hərəkət funksiyasının pozulması. İntramedulya osteosintezindən sonrakı vəziyyət” müddətsiz İİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2023-cü il tarixdə keçirilən müayinənin nəticəsində “S78.1 Bud-çanaq və diz oynaqları arasındakı səviyyədə travmatik amputasiyası, Sağ bud sümüyünün yuxarı 1/3-i səviyyəsinin ağrılı amputasion güdülü. Sağ bud çanaq oynağının İİİ dərəcəli koksartozu. Regionar osteoporoz. Sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı (intramedulyar osteosintezdən sonra). Sol diz oynağının qonartozu İİİ dərəcəli, açıcıbükücü kontrakturası (açma-165 dərəcə, bükmə-133 dərəcə) əzələ atrofiyası, daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının pozulması” təyin edilmiş və göndərişin tam doldurulmaması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmiş, şəxsin əlillik hüququnu dəqiqləşdirmək məqsədilə yaşadığı ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşmağı tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş bütün müayinələrin nəticəsi olaraq ona birinci dərəcə əlillik dərəcəsi təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞnin xx.xx.2023-cü il tarixli, T 851/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndəriş tam doldurulmuş və qeyd edilən “Sağ bud sümüyünün yuxarı 1/3-i səviyyəsinin ağrılı amputasiya güdülü, sağ bud-çanaq oynağının İİ dərəcəli koksartrozu, regionar osteoparoz, sol bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, intramedulyar osteosintezdən sonrakı, sol diz oynağının qonartrozu İİİ dərəcə, açıcı-bükücü kontrakturası (açma 165, bükmə 155), əzələ atrofiyası, daimi ağrı sindromu və dayaqhərəkət funksiyasının pozulması” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Qeyd edilən şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişiklərlə öz təsdiqini tapdığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür və “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.8-ci bəndinə uyğun olaraq ümumi səbəbdən, müddətsiz orqanizmin funksiyalarının 70% (yetmiş faiz) pozulması barədə qərarına uyğun olaraq İİ qrup əlilliyin təyinatı düzgün olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixlərdə təyin edilmiş diaqnozlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud olsa da, həmin diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.8-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 70% pozulmasına səbəb olduğundan, cavabdeh orqan tərəfindən iddiaçıya İİ dərəcə əlilliyin təyin edilməsi düzgün olmuşdur. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar İ dərəcə əlillik əlaməti təyin etmir. Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək İİİ dərəcə əlillik, 61-80 faizədək pozulması halında İİ dərəcə əlillik və 81-100 faizədək pozulması hallarında isə İ dərəcə əlillik müəyyən edilir. İddiaçıda olan mövcud xəstəliklər onun orqanizminin funksiyalarının 70% pozulmasına səbəb olduğundan cavabdeh orqan tərəfindən ona haqlı şəkildə İİ dərəcə əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində İ dərəcə əlilliyin təyin edilməməsi mövqeyi haqlıdır və bu səbəbdən iddia təmin edilməməlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci dərəcə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-316/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-316/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver