Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3160/2024 23.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı və nümayəndəsi-Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə qarşı “ödənişin dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 18 may 2023-cü il tarixli uçot və siyahıya alınma ilə bağlı imtina cavabının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə 22 dekabr 1993-cü il tarixdə müharibə dövründə hərbi xidmət borcunu yerinə yetirərkən şəhid olmuş oğlu X5 X11 şəhidlərinin siyahısına salınması, şəhid kimi uçotunun aparılması, onun şəhid ailəsi kimi siyahıya salınmağı uçotunun aparılması və həmin uçota alınmanın, siyahıya alınmanın aidiyyəti təşkilatlara göndərilməsi, qeydiyyatın aparılması və şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu X12 22 dekabr 1993-cü ildə 1-ci Qarabağ müharibəsi dövründə hərbi xidməti vəzifəsini yerinə yetirərkən mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Xanlar rayon Hərbi Komissarlığında olan qeydiyyatdan da görünür ki, oğlu X12 22 dekabr 1993-cü ildə şəhid olmuşdur. Xanlar rayon İcra Hakimiyyəti Başçısının 28 sentyabr 1995-ci il tarixli 100 saylı sərəncamın çıxarışından da göründüyü kimi 22 sentyabr 1995-ci il tarixdə Xanlar rayon İcra Hakimiyyəti başçısı Aparatının nəznində fəaliyyət göstərən şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunun müəyyənləşdirən komissiya tərəfindən şəhid X7 şəhid adı verilmişdir və iddiaçıya şəhid ailəsi statusu verilmişdir. Xanlar rayon ƏSMM tərəfindən 11 oktyabr 1994-cü il tarixdə 00445 saylı və 21 dekabr 1998-ci il tarixdə ******* saylı vəsiqələrlə iddiaçıya şəhid ailəsi vəsiqəsi verilmişdir. Həmçinin mövcud fotoşəkillərdən də görünür ki, oğlu X12 şəhidlər xiyabanında dəfn edilmişdir. İddiaçı qeyd edir ki, ona şəhid ailəsi statusu verilməsinə baxmayaraq, şəhid ailəsi üzvü kimi ona verilən müavinət və prezident təqaüdü dayandırılmış, şəhid ailəsi statusu qüvvədə qalmasına baxmayaraq və Göygöl Rayon İcra Hakimiyyətinin bu barədə sərəncamı ləğv edilməməsinə rəğmən onun oğlu hal-hazırda qanunsuz şəkildə şəhid hesab edilmir. Təlim zamanı iddiaçının oğlu ilə birlikdə 2 nəfər də şəhid olmuş, həmin şəxslərin şəhidlik statusu saxlanılmış və onların ailə üzvləri şəhid ailəsi üzvü kimi müavinət və təqaüd alırlar. Həmçinin iddiaçının oğlu ilə birgə şəhid olan şəhidlərin ailə üzvləri birdəfəlik kompensasiya da almışlar. Ona nə şəhid ailəsi üzvü kimi birdəfəlik müavinət verilmir, nə də ki, şəhid olmasına görə birdəfəlik sığorta kompensasiyası verilməkdən imtina edilir. Gəncə Apellyasiya Məhkəməsinin 02 sentaybr 2019-cu il tarixli 2327/2019 saylı inzibati iş üzrə qərarından görünür ki, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərarı qanunsuz olduğuna görə ləğv olunmuş, apellyasiya şikayəti qismən təmin edilmiş və iddia tələbi mümkün sayılmamışdır. Həmin qərarının mətnindən və şərhindən də görünür ki, iddiaçının şəhid ailəsi statusu ləğv olunmamış və həmin statusun ləğvi ilə bağlı heç bir qərar mövcud deyildir. Bu fakt da təsdiq edir ki, iddiaçı hələ də şəhid ailəsi statusuna malikdir və ona şəhid ailəsi statusu kimi müavinətin və təqaüdün verilməsi təmin edilə bilər. Həmçinin birdəfəlik şəhid üçün verilən sığorta kompensasiyasının verilməsi də təmin edilə bilər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-4278/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, mərhum X8 şəhid kimi uçotunun aparılması və İddiaçı şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-221/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 4278/2023 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3160/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin ödənişin dayandırılması ilə bağlı məktubun göndərilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3160/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ərizə daxil olmuş və məhkəmə iclasının növbəti tarixə təxirə salınması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və onun nümayəndəsi-Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları 21 yanvar 1994-cü il tarixli İV-ЖГ 389733 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X12 22 dekabr 1993-cü il tarixdə ölmüşdür. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli məlumatına əsasən, X12 təlim zamanı Seyfəli poliqonunda ölmüşdür. Xanlar Rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 1995-ci il tarixli 100 nömrəli sərəncamından çıxarışa əsasən, şəhid X5 anası İddiaçı “şəhid ailəsi” statusu verilmişdir. Xanlar rayon ƏSMM tərəfindən verilmiş 004458 №-li xx.xx.1994-cü il tarixli və ******* №-li 21 dekabr 1998-ci il tarixli vəsiqələrdən görünür ki, İddiaçı şəhid ailələri üçün nəzərdə tutulmuş vəsiqə verilmişdir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 10 aprel 2006-cı il tarixli 001835 nömrəli vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi statusuna malikdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-47/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 avqust 2019-cu il tarixli qərardadı ilə həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-47/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 18 may 2023-cü il tarixli məktubuna əsasən, Xidmətin Göygöl rayon şöbəsində X7 aid sənədlərdə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli 9/2-13215 nömrəli məktubuna, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli birdirişinə və xx.xx.1994-cü il tarixli İV-JQ 389733 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 aparılan döyüş əməliyyatları zamanı deyil, xx.xx.1993-cü il tarixdə "Seyfəli" təlim mərkəzində hərbi xidməti borcunu yerinə yetirərkən mərmi partlayışı nəticəsində həlak olmuşdur. Bu səbəbdən Xidmətin Göygöl rayon Şöbəsi tərəfindən mərhum X5 şəhid kimi uçotunun aparılması və ailəsinə şəhid ailəsi statusu haqqında müvafiq arayışın verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 05 mart 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısı aparatının nəzdində fəaliyyət göstərən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunu müəyyənləşdirən komissiya”nın xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsinə dair yazışmaların saxlanılma müddəti başa çatması ilə əlaqədar həmin sənədlər qanunla nəzərdə tutulmuş qaydada ləğv edilmişdir. Odur ki, tələb olunan sənədlər barədə hər hansı bir məlumatın verilməsi mümkün deyildir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 30 aprel 2024-cü il tarixli sorğunun cavablandırılması haqqında məktubuna əsasən, İddiaçı təyin edilmiş əmək pensiyasında şəhid ailəsi üzvü olmasına görə əlavə hesablamalar 08 iyun 1994-cü il tarixdən Xanlar rayon Hərbi Komissarlığının 24 may 1994-cü il tarixli 1/878 saylı arayışı və Xanlar Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1995ci il tarixli 100 saylı sərəncamından çıxarışa əsasən aparılmışdır. Bildirilmişdir ki, İddiaçı əmək pensiyasında şəhid ailəsi üzvü olmasına görə əlavələrin ödənişi 09 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 23 iyul 2021-ci il tarixli 938 nömrəli məktubu əsasında dayandırılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 23 iyul 2021-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 1972-ci il təvəllüdlü X15, xx.xx.1992-ci il tarixdə Seyfəli təlim mərkəzində mərmi partlaması nəticəsində həlak olmuşdur. Xidməti vəzifəsini yerinə yetirərkən həlak olanların qeydiyyatındadır. SHXÇDX-nin Göygöl rayon Şöbəsində şəhidlərin qeydiyyatında dayanmır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatının 08 may 2024-cü il tarixli məktubuna əsasən, Göygöl Rayon İcra Hakimiyyətində mərhum X9 anası İddiaçı verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi ilə bağlı heç bir qərar qəbul edilməmişdir və bu barədə məlumat mövcud deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
4. Şəhid və şəhid ailəsi statusunun verilməsi 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia üzrə mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 1995-ci il tarixli 100 nömrəli sərəncamı ilə şəhid X5 anası İddiaçı “şəhid ailəsi” statusu verilmiş, Xanlar rayon ƏSMM tərəfindən İddiaçı 004458 №-li xx.xx.1994-cü il tarixli və ******* №-li 21 dekabr 1998-ci il tarixli şəhid ailələri üçün nəzərdə tutulmuş vəsiqələr verilmişdir. Daha sonra Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən İddiaçı şəhid ailəsi statusuna malik olması ilə bağlı 10 aprel 2006-cı il tarixli 001835 nömrəli vəsiqə verilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-47/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə qarşı şəhid ailəsi statusunun verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 avqust 2019-cu il tarixli qərardadı ilə həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(083)-47/2019 saylı qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hesab etmişdir ki, iddiaçıya şəhid ailəsi statusunun verilməsi müəyyən olunmuşdur ki, həmin statusun ləğvinin müəyyən edilmədiyi vəziyyətdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının baş verməsi sübut edilmir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 30 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı təyin edilmiş əmək pensiyasında şəhid ailəsi üzvü olmasına görə əlavə hesablamalar 08 iyun 1994-cü il tarixdən Xanlar rayon Hərbi Komissarlığının 24 may 1994-cü il tarixli 1/878 saylı arayışı və Xanlar Rayon İcra Hakimiyyətinin 28 sentyabr 1995-ci il tarixli 100 saylı sərəncamından çıxarışa əsasən aparılmış, İddiaçı əmək pensiyasında şəhid ailəsi üzvü olmasına görə əlavələrin ödənişi 09 sentyabr 2021-ci il tarixdən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 23 iyul 2021-ci il tarixli 938 nömrəli məktubu əsasında dayandırılmışdır. Verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin 05 mart 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısı aparatının nəzdində fəaliyyət göstərən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsi statusunu müəyyənləşdirən komissiya”nın xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsinə dair yazışmaların saxlanılma müddəti başa çatması ilə əlaqədar həmin sənədlər qanunla nəzərdə tutulmuş qaydada ləğv edilmiş, ona görə də tələb olunan sənədlər barədə hər hansı bir məlumatın verilməsi mümkün deyildir. Digər tərəfdən Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatının 08 may 2024cü il tarixli məktubu ilə bildirmişdir ki, Göygöl Rayon İcra Hakimiyyətində mərhum X9 anası İddiaçı verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi ilə bağlı heç bir qərar qəbul edilməmişdir və bu barədə məlumat mövcud deyil. Göründüyü kimi, nə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsi, nə də Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən İddiaçı verilmiş şəhid ailəsi statusunun ləğv edilməsi ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Yalnız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış 23 iyul 2021-cü il tarixli məktubunda 1972-ci il təvəllüdlü X10 xx.xx.1992-ci il tarixdə Seyfəli təlim mərkəzində mərmi partlaması nəticəsində həlak olduğu, xidməti vəzifəsini yerinə yetirərkən həlak olanların qeydiyyatında durduğu, SHXÇDX-nin Göygöl rayon Şöbəsində şəhidlərin qeydiyyatında dayanmadığı qeyd olunmuşdur. Həmin məktub əsasında da iddiaçıya şəhid ailəsi kimi ödənilən ödənişlər dayandırılmışdır. Qeyd olunmalıdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda şəhid və şəhid ailəsi statusunun verilməsi ilə bağlı tələblər nəzərdə tutulsa da, həmin qaydalarda şəhid və şəhid ailəsi statusunun ləğv edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə olan halda İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilməklə, inzibati icraat aparılmalı, maraqlı şəxslər həmin icraata cəlb edilməli, icraat iştirakçılarının dinlənilmə hüququ təmin edilməli və yekunda şəhid və şəhid ailəsi statusunun ləğv edilməsi barədə inzibati akt qəbul edilməli idi. Lakin hazırda qeyd olunan inzibati aktın mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının oğlunun şəhid, özünün isə şəhid ailəsi statusunun ləğv edilməsi ilə bağlı qərar olmadığından həmin statuslar qüvvədədir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna İddiaçı şəhid ailəsi üzvü olmasına görə ödənilən ödənişin dayandırılması ilə bağlı 23 iyul 2021-ci il tarixli 938 nömrəli məktubun göndərilməsinə dair hərəkətləri qanunsuz hesab edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna İddiaçı şəhid ailəsi üzvü olmasına görə ödənilən ödənişin dayandırılması ilə bağlı 23 iyul 2021-ci il tarixli 938 nömrəli məktubun göndərilməsinə dair hərəkətləri qanunsuz hesab edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva