Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3168/2025 03.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X12 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı X1rşı «diplomun tanınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı X1rşı «diplomun tanınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Üniversiteti tərəfindən ona verilmiş ******* saylı, xx.xx.2019cu il tarixli magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci il tarixdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti «Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması» ixtisasına daxil olmuş, 2019-cu il tarixdə yuxarıda göstərilən müvafiq ixtisasın magistr səviyyəsini bitirərək məzun olmuşdur. Qeyd olunan diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh Təhsildə X3 xx.xx.2025-ci il tarixli, NA00036266 saylı qərarla diplomun tanınmasından imtina etmişdir. İmtinanı onunla əsaslandırmışlar ki, ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətininin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Cavabdeh orqanın imtinası ilə qətiyyən razı deyil. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin X5 inspektoru daxili xidmət baş leytenantı vəzifəsində xidmətdən ayrılmadan dövlət xətti (FHN)-nin mandat komissiyasının göndərişi əsasında Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti «Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması» ixtisasına qəbul olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinə müvafiq çağırışlar əsasında nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi barədə əmrlərə uyğun olaraq iştirak etmişdir. Hazırda da xidmətini davam etdirir. Cavabdeh onun 2017-ci ildə Belarusi Respublikasında olmamasını mübahisələndirsə də, nəzərə almır ki, bu onun iradəsindən asılı olmamışdır. Məlum olduğu kimi işlədiyi qurum hüquq-mühafizə orqanıdır və onun xaricə getməsi üçün ezamiyyət əmri olmalıdır. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı da vardır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət birinci il 15 gün, ikinci il isə 01 ay 11 gün olmuşdur. Həmin müddət isə diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Daha sonra etiraz Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması» Qaydaları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili» Qaydaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» ilə əsaslandırılmışdır. Daha sonra iddiaçının nümayəndəsi (atası) X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş «Fövqəladə halların qarşısının alınması və ləğv edilməsi» ixtisası üzrə magistr kvalifikasiyasının akademik tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (atası) X4 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Təhsildə X3nin qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərar, iddiaçıya məxsus 1026200A nömrəli xidməti vəsiqə, xx.xx.2019-cu il tarixli, 007516 saylı magistr diplomu, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2019-cu il tarixli, 0442e saylı, xx.xx.2018-ci il tarixli, 1127e saylı, xx.xx.2019-cu il tarixli, 0152e saylı, xx.xx.2018-ci il tarixli, 0219e saylı ezam əmrləri, xx.xx.2019-cu il tarixli apostil, diploma əlavə və Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş iddiaçının ölkəyə giriş-çıxış məlumatlarını əks etdirən xx.xx.2025-ci il tarixli məktub təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşayış yeri olan Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin X5 inspektoru (daxili xidmət kapitanı) vəzifəsində çalışır. İddiaçı 2017-2019cu illər ərzində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti «Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması» ixtisası üzrə magistr təhsili almış və ona texniki elmlər üzrə xx.xx.2019-cu il tarixli, ******* nömrəli magistr dərəcəli diplom verilmişdir. İddiaçı xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməmişdir. Əsas kimi göstərilmişdir ki, iddiaçı ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.34. magistratura - ali təhsilin ikinci səviyyəsi; 1.0.35. magistr - magistraturanı bitirmiş şəxslərə verilən ali elmi-ixtisas dərəcəsi; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və «magistr» dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27.1. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada «Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi»ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. ............... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: ............... 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ............... Maddə 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının müraciəti 2023-cü ildən sonra olduğu üçün qüvvədə olan «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması» Qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması» Qaydaları: Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. Bənd 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. Bənd 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X3 tərəfindən həyata keçirilir. Bənd 1.5. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ............... 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; ............... 1.5.8. tanınma şəhadətnaməsi – «Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi»ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; ............... Bənd 3.3. Ərizəçinin müraciətinə baxılması üçün Agentlik aşağıdakı məlumatların yoxlanılmasını həyata keçirir: 3.3.1. ərizəçinin fərdi məlumatlarındakı (soyadı, adı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; 3.3.2. ərizəçinin təhsilalma tarixi; 3.3.3. ərizəçinin hərbi mükəlləfiyyəti; 3.3.4. ərizəçinin əmək fəaliyyəti; 3.3.5. ərizəçinin sərhədkeçmə qeydiyyatı. Bənd 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. Bənd 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Bənd 5.5. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının AKTTS üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi» Qaydaları: Bənd 1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Bənd 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Bənd 1.6. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 1,5-2 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır). Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bənd 2.10. ................. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 120-160 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti 15 sentyabr tarixindən başlanır və tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»: Bənd 5.4. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bənd 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Bənd 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili» Qaydaları: Bənd 1.6. Bu Qaydalar ali təhsilin əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formalarına şamil edilir Bənd 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş «Formal təhsilin təşkili» Qaydaları: Bənd 4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir Bənd 5. Təhsil pillələri və səviyyələrində təhsilalma formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir: .............. magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; .............. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Belə ki, imtinanın əsasını Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması» Qaydalarının 4.1.4-cü bəndi təşkil etmişdir. Yəni cavabdeh orqanın gəlidyi qənaət ondan ibarətdir ki, iddiaçı ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmamışdır. Göstərilən dəlil məhkəmə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti 2017-2019-cu illəri əhaət etmişdir. Məlum olduğu kimi iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin X11 Yanğın Nəzarət İdarəsinin X5 inspektoru vəzifəsində çalışır və onun təhsili ilə bağlı ezamiyyətləri təhsil aldığı universitetin müraciəti əsasında işlədiyi qurum tərəfindən verilən ezam əmrləri ilə həyata keçirilmişdir. Məhkəmə sorğusu əsasında əldə olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kadrlar Siyasəti Baş İdarəsinin rəisi tərəfindən verilən əmrlərdən aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2018-ci il tarixli , 0219 e nömrəli əmr - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Magistraturasının qiyabi şöbə dinləyicilərinin imtahan sessiyasında iştirak etməsi üçün İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixə kimi Belarus Respublikasının Minsk şəhərinə ezam edilsin. (Əsas Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin xx.xx.2017-ci il tarixli, xx/xx/1033 nömrəli və xx.xx.2018-ci il tarixli, 48/1-34/429 nömrəli məktubları). xx.xx.2018-ci il tarixli, 1127e nömrəli əmr - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Magistraturasının qiyabi şöbə dinləyicilərinin imtahan sessiyasında iştirak etməsi üçün İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixə kimi Belarus Respublikasının Minsk şəhərinə ezam edilsin. Əsas Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin xx.xx.2018-ci il tarixli, 48/1-34/1290 nömrəli məktubu). xx.xx.2019-cu il tarixli, 0152e nömrəli əmr - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Magistraturasının qiyabi şöbə dinləyicilərinin imtahan sessiyasında iştirak etməsi üçün İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə kimi Belarus Respublikasının Minsk şəhərinə ezam edilsin. Əsas Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin xx.xx.2019-cu il tarixli, 48/1-34/233 nömrəli məktubu). xx.xx.2019-cu il tarixli, 0442e nömrəli əmr - Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Magistraturasının qiyabi şöbə dinləyicilərinin imtahan sessiyasında iştirak etməsi üçün İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə kimi Belarus Respublikasının Minsk şəhərinə ezam edilsin. Əsas Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin xx.xx.2019-cu il tarixli, 48/1-34/661 nömrəli məktubu). X7 Xidməti tərəfindən verilmiş iddiaçı barəsində olan giriş-çıxış məlumatlarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Belarus Respublikasına çıxış etmiş, xx.xx.2018-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə Belarus Respublikasına çıxış etmiş, xx.xx.2018-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2019-cu il tarixdə Belarus Respublikasına çıxış etmiş, xx.xx.2019-cu il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2019-cu il tarixdə Belarus Respublikasına çıxış etmiş, xx.xx.2019-cu il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş «Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi» Qaydalarına əsasən qiyabi forma üzrə auditoriya dərslərinin həcmi ildə magistratura üzrə120-160 saat nəzərdə tutulmuşdur. Mövcud inzibati mübahisə üzrə iddiaçı tərəfindən Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin məktubları əsasında sessiyalarda iştirakı ölkə ərazisində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq auditoriya dərslərinin həcmini ödəyir. Lakin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılan zaman bu kimi hallar geniş şəkildə araşdırılma aparılmaqla müəyyən edilməmiş və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə müşahidə edilən bir nəticəyə gəlinmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab etməklə iddia tələbinin təmin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Universiteti tərəfindən İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli, 007516 seriyalı «Fövqəladə halların qarşısının alınması və ləğv edilməsi» ixtisası üzrə magistr diplomunun akademik tanınması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə X3 X8 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3168/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3168/2025
03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver