Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3169/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair 3-29/3-1-1416K/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5265/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçərək Goranboy Rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə özünü yaradıcı işləyən müəllim, bacarıqlı, yüksək ixtisaslı mütəxəsis, bacarıqlı idarəçi kimi göstərmişdir. Təhsil müəssisəsinin fəaliyyətinin planlaşdırılması və proqnazlaşdırılması əsaslarına yüksək səviyyədə yiyələnmə, şəxsi təşkilati və inzibati keyfiyyətlər təhsilin demokratikləşməsi və humanistləşməsi prinsipləri əsasında tədris prosesinin idarə olunması üçün məhsuldar bir model yaratmağa və sınaqdan keçirməyə imkan vermişdir. Hətta Goranbay Rayon icra başçısı cənab Məhərrəm Quliyev tərəfindən təhsil sahəsində uğurlarına görə fəxri fərmanla təltif olunmuşdur. 2022-ci ilin yay ayından Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin müdiri Anar Qədiməliyev onunla səbəbsiz olaraq şəxsi qərəz və ədavət yürüdür. Şəxsi qərəz və ədavətə dayanaraq 2022-ci ilin yay aylarından məktəblə bağlı idaraçiliyinə mane yaratma üçün üzərinə müxtəlif qarayaxmalar atır, vəzifə öhdəliklərini yerinə yetirməyinə maneçilik törətmişdir. Əlavə olaraq bildirmək istəyir ki, 2022-ci ilin may ayından təlim-tərbiyə üzrə direktor müavini, təsərrüfat işləri üzrə direktor müavini və psixoloq vəzifələri boş idi və eyni zamanda bu vəzifələrin öhdəliklərini də icra edirdi. Bu vəzifələrə olan vakant yerlər boş idi, Anar Qədiməliyev 8 ay əsas vəzifələri boş saxlayaraq məktəbdə nöqsanların yaranması üçün şərait yaradırdı. Daha sonra yaranmış nöqsanları onun vəzifə öhdəliklərinin əksik icra etdiyi kimi göstərərək ona intizam tənbehləri tətbiq edirdi. Beləliklə də, Anar Qədiməliyev cənab nazir Emin Əmrullayevə yanlış məlumatlar verərək onun haqqında mənfi rəy yaradırdı. Bundan əlavə, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dəfələrlə ona öz istəyi ilə ərizə yazıb işdən çıxmağını bildirmiş, o isə bundan imtina etmişdir. Beləliklə, xx.xx.2023-cü ildə Goranboy-Nafatalan Rayonlar üzrə Təhsil Sektorundanda keçirilən iclasda onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunmağı bildirilmişdir. xx.xx.2023-cü ildə AR Elm və Təhsil Nazirliyinin amri ilə işdən azad edilmişdir. Məktəb direktoru kimi işdən azad olunmağı ilə birlikdə məktəb müəllimliyindən də azad etdilər. Onu da qeyd edir ki, 2008-ci ildə həmin məktəbə fransız dili müəllimi təyin edilmişdir. 2018-ci ildə müəllimlərin diaqnostik qiymətləndirilməsindən keçərak ixtisas üzrə yüksək bal toplamışdır. Lakin buna baxmayaraq, onu məktəbdə müəllim kimi dərslə təmin etmədilər. Əksinə onun dərslərini başqa müəllimlərə verəcəklərini vəd edib, onlarda olan fransız dili dərnəyindən imtina etdirərək dərnəyin təyinatını dəyişərək məktəbədə süni şəkildə vakant dərs saatları yaradaraq məktəbə yeni dərnək rəhbəri təyin etdilər. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmrlə o, Goranboy rayonu Dəliməmmədli Zeynalov adına tam orta məktəbin direktoru olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək 70 mad "Ç" bəndinə əsasən xitam verilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən, mediasiya prosesinə başlayaraq ilkin mediasiya prosesindən keçmişdir və Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli ilkin Mediasiya Sessiyasında iştirak edilməmə barədə o, işdən çıxarılmağı ilə bağlı 3-29/3-1-1416K/2023 saylı xx.xx.2023 saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
7. İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə cavabdeh tərəfindən iddiaçının direktor vəzifəsindən azad edilməsi və müqaviləsinə xitam verilməsi ilə bağlı yaranmışdır ki, bu da həmin mübahisənin işəgötürən-işçi arasında olan əmək münasibətləri ilə bağlı olduğunu deməyə əsas verir. Bu halda mübahisəli məsələnin həlli inzibati sahədə olan normativ qanunvericiliklə tənzimləndiyindən ona mülki mühakimə icraatı qaydasında baxılmalıdır.
8. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtina etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
9. Hazırkı işdə isə iddiaçı dövlət qulluqçusu olmadığından, onunla cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.
10. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
11. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati akt qəbul etmək səlahiyyətinə malik inzibati orqan deyil, eyni zamanda iddiaçının tələbi inzibati hüquqa aid deyil.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
13. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
14. Sonda məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva