Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3173/2024 01.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1 ilə, İddiaçı Cavabdehnə qarşı “pay torpaq sahəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, onun adına islahat proqramı əsasında adambaşına norma kimi müəyyən edilən 0.425 ha pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1987-ci ildə Seydimlidən olan həmkəndlisi X4 oglu ilə evlənmiş, birgə nikah dövründə övladları - xx.xx.1988-ci il də Nağıyeva (Abdullayeva) Aynurə İlham qızı və xx.xx.1990 Nağıyev İman ilham oglu anadan olmuşlar. Azərbaycan Respublikasında 1996-2005-ci illər ərzində aqrar-islahat keçirilərkən iddiaçının valideynlərinin, qardaş və bacılarının, ər və uşaqlarının adlarına kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ayrılıb verilsə də, onun adına pay torpaq sahəsi verilməmiş, iddiaçı bunu bu yaxınlarda özünün pay torpaq sahəsini satmaq istərkən bilmişdir. İddiaçı onu da qeyd edir ki, X4 oglu ilə 1987-ci ildə nikaha daxil olmuş, Tərtər Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş və xx.xx.1996-cı il tarixdə o, nikahın pozulması haqqında şəhadətnamə almışdır. Yəni o, aqrar-islahat aparıldığı müddətdə kənddə pasport qeydiyyatında olmuşdur. İddiaçı bu məlumatları ona görə qeyd edir ki, aqrar-islahat keçirilən zaman yanlışlıq və diqqətsizlik nəticəsində onun adı sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər siyahısında göstərilməmiş, o, bunu hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, pay torpagı alan subyektlər siyahısında iddiaçının adı yoxdur. İddiaçı bu barədə yeni məlumat aldığı üçün Aqrar-İslahat Komissiyasının varisi olan cavabdehə - yerli İcra Hakimiyyətinə və yuxarı dövlət orqanlarına rəsmi qaydada müraciət edərək ona da pay torpaq sahəsi verilməsi barədə xahiş etsə də, bunun heç bir nəticəsi olmamış və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçının cavabdeh orqana yazdığı ərizəsinə rəsmi qaydada imtina məktubu ilə cavab verilmiş, ancaq o, bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Ona görə də iddiaçı cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3173/2024 nörməli qərardadı ilə iddiaçının Tərtər rayon Sedimli Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi publik hüquqi şəxsin üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, xx.xx.2024-cü il tarixdə baş tutacaq məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyindən məhkəmə prosesinin başqa vaxta salmağını xahiş etmişdir. Məhkəmə iclasa gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arxiv məlumatının təqdim edilməsi barədə məktubuna əsasən, mərkəzin arxivində aparılmış araşdırma zamanı Tərtər rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Tərtər rayonunun Seyidimli kəndi ərazisində İddiaçı pay torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı pay torpağının verilməmə səbəbi kənddə torpaq islahatı aparılan zaman ərazidə yaşamadığı üçün Seyidimli kənd İƏD nümayəndəliyinin 1996-2000-ci illəri əhatə edən təsərrüfatbaşına kitabında adının qeyd edilməməsi olmuşdur. Bildirilir ki, Seydimli kəndində aparılan torpaq islahatı zamanı İddiaçı ərazidə yaşamadığı üçün qanunvericiliyin tələbinə uyğun olaraq ona pay torpağı verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 38. İddia müddəti Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Fəsil 27 (1 yanvar 2011-ci il tarixədək qüvvədə olmuşdur) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırkı tələblə ona pay torpaq sahəsinin verilməsini xahiş edir, tələbinin əsası kimi qeyd edir ki, 1996-2005-ci il tarixlərdə aqrar islahat komissiyaları tərəfindən həyata keçirilmiş torpaq islahatlarına əsasən ona pay torpaq sahəsi verilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. 2011-ci il 1 yanvar tarixindən sonra və hal-hazırda inzibati mübahisələr üzrə iddia müddəti tətbiq edilən iddialara dair iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 2011-ci il 1 yanvar tarixinədək isə müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materialları ilə İddiaçı 1996-2005-ci il tarixlərdə aqrar islahat komissiyaları tərəfindən həyata keçirilmiş torpaq islahatlarına əsasən ona pay torpaq sahəsi verilməməsinin xx.xx.2011-ci il tarixədək mübahisələndirdiyi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixədək iddiaçının ona aqrar islahat komissiyaları tərəfindən aparılmış torpaq islahatlarına əsasən pay torpaq sahəsinin verilməsini mübahisələndirmək hüququ olmasına baxmayaraq, həmin hərəkətləri (hərəkətsizliyi) mübahisələndirməmiş, Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olan 298-ci maddəsində nəzərdə tutulan müddəti ötürmüş və onun həmin hərəkətlərin (hərəkətsizliyin) məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pay torpaq sahəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “pay torpaq sahəsinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva