Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3177/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci ildən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz 61-80 faiz əlillik təyinatı aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək müddətli, xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək Müdafiə Nazirliyinin tərkibində bir çox hərbi hissələrdə xidmət etmişdir. Xidmətinin çox hissəsi düşmənlə təmas xəttində olan hərbi hissələrdə keçirmişdir. Vətən Müharibəsi zamanı döyüşlərdə fəal iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.2022-ci ildə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Vətən Müharibəsi zamanı Ali Baş Komandan tərəfindən “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Vətən Müharibəsində aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik şəhadətnaməsi verilmişdir. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir çox tibb müəssisələrində uzun müddət müayinə və müalicə olunmuş, hal-hazırda da müalicələri davam edir. Tibb müəssiəsinin göndərişi əsasında 3 dəfə əlillik təyinatına imtina edilmiş, axrıncı dəfə xx.xx.2022-də ona müddətsiz əlillik təyin edilmiş, lakin əlilliyın səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışı çıxarış edərkən ona məlum olmuşdur ki, cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılmış, lakin əlilliyin səbəbi, dərəcəsi və faizi göstərilməmişdir. Cavabdehin ona müddətsiz əlillik təyin edilməsi, lakin səbəbi, faizi və dərəcəsi göstərilməməsi ilə razı deyil. Belə ki, Tibb müəssiəsinin göndərişlərində və səhhətində olan xəstəliklərə əsasən ona 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 61-80 faiz əlillik əlillik təyin edilməlidir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə məhkəmə iclası 19 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdehin nümayəndəsi ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda iddianın mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli “əlillik haqqında” arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müayinə əsasında “üzvi mənşəli şəxsiyyət pozuntusu. Posttravmatik stres pozuntusu. Qayıdan depressiv pozuntu” diaqnozu ilə müddətsiz əlillik təyin edilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1556 nömrəli “xəstəlik haqqında” şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. Cavabdehin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-7692/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17- 4/2-26268/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət tibb müəssisəsinin 0236003AAGR6, 0236003AAK7U, L00006276AUB və S00042961İHX göndərişləri və müraciəti əsasında xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Esosial platformasında əlillik təyinatı ilə bağlı imtina alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir. Belə ki, bu problem daha öncədən aşkarlanmış və aradan qaldırılmışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən də tələbin iki hissədən ibarətdir:
1. Müddətsiz əlilliyin təyin edilməsi
2. “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” səbəbi ilə əlillik təyin edilməsi Belə ki, tələbin yuxarıda qeyd edilmiş hissələrinin tələb edilməsi üçün ilkin olaraq iddiaçıya əlillik dərəcəsi təyinatı aparılmalıdır. İş materiallarından da görünür ki, iddiaçı barəsində dövlət tibb müəssisəsinin 0236003AAGR6, 0236003AAK7U, L00006276AUB və S00042961İHX göndərişləri, həmçinin xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində əyani müayinəsi nəticəsində həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərarlar qəbul edilmişdir. İddiaçının tələbinin əsası kimi qeyd etdiyi “xx.xx.2023-cü il tarixdə əlillik altsistemdən əlillik haqqında arayışından çıxarışda cavabdeh tərəfindən ona müddətsiz əlillik təyinatı aparılması, lakin əlilliyin səbəbi, dərəcəsi və faizinin göstərilməməsi” arqumenti ilə qeyd edilir ki, həmin fakt sistemdə mövcud olan texniki qüsur səbəbindən baş vermişdir. Göründüyü kimi iddiaçıya əlillik təyin edilməsindən imtina edildiyi halda “Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar” səbəbi ilə müddətsiz əlilliyin təyin edilməsi mümkün hesab edilmir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə qarşı aylıq mənzil kirayə haqqının ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Emin Axundov