Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3178/2023 11.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və vəkili Vəkil Məhərrəm qızının iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı ““TOTU №000469 saylı, qeydiyyat nömrəsi 1338 olan, 19 iyul 2018-ci il tarixdə verilmiş Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının 19 iyul 2018-ci il tarixli 11 saylı Qərarına əsasən sosial elmlər fakultəsində iqtisasiyyat ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmasına dair diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1995-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. X1 Universitetinin xx.xx.2014-cü il tarixli, 1500 nömrəli arayışına əsasən iddiaçı 2014-cü ildə humanitar və sosial elmlər məktəbinə birinci semestrə (gündüz əyani şöbə) qəbul olunmuşdur. X1 Universitetinin xx.xx.2018-ci il tarixdə verilmiş, 1338 nömrə ilə qeydiyyata alınmış TOTU000469 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı “Sosial Elmlər” fakultəsində “İqtisadiyyat” ixtisası üzrə Bakalavr dərəcəsi ilə təltif olunmuşdur. Diploma əlavənin azərbaycana dilinə tərcüməsindən görünür ki, tədris dili və imtahan gürcü dili; proqramın rəsmi müddəti 8 semestr, 240 ECTS krediti, 1 akademik ili 60 kredit, 1 kredit 25 saatdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, NA00010326 nömrəli qərarına əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasında imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin qoyulması” barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxslə əvəz edilməsini və “TOTU №000469 saylı, qeydiyyat nömrəsi 1338 olan, 19 iyul 2018-ci il tarixdə verilmiş Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının 19 iyul 2018-ci il tarixli 11 saylı Qərarına əsasən sosial elmlər fakultəsində iqtisasiyyat ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmasına dair diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildə "X1 Universiteti"nə, humanitar və sosial elmləri məktəbinə qəbul olunmuş, xx.xx.2018-ci ildə həmin universiteti bitmişdir. Həmin universitetə əyani daxil olsa da, universitetin daxili qaydalarına uyğun olaraq hər bir tələbənin portal məlumatı var idi. Tələbə təhsil müddəti ərzində daima aktiv olan o portaldan istifadə edə bilərdi. Zəruri olan bütün tapşırıqlar, öhdəliklər həmin portal üzərindən icra edilməli idi və bu öhdəliklərin icrası məcburi idi. Bu öhdəliklərin icrası nə qədər zəruri idisə, bütün dərslərdə iştirak etmək isə məcburi deyildi. Qeyd edilən portaldan Azərbaycan Respublikasının ərazisindən də girmək mümkün olduğundan iddiaçı Azərbaycana gəlirdi, aralık imtahanlar və semestr imtahanlar zamanı təhsil aldığı müəssisəyə gedirdi. İddiaçı Azərbaycan dilində təhsil alırdı. İddiaçı diplomun tanınması üçün cavabdeh orqana müraciət etsə də, ona NA00010326 saylı 17 may 2023-cü il tarixli imtina məktubu verildi. Qeyd edilən imtina məktubunda göstərilmişdir ki, AR NK-nin 2023cü il 3 fevral 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1. və 4.1.4. bəndlərinə əsasən, ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün əsas olduğundan mənim xarici təhsilə dair kvalifikasiyamın tanınmasından imtina edilmişdir. Lakin iddiaçı hesab edir ki, qeyd edilən məktub formal xarakter daşımaqla özündə obyektiv həqiqəti əks etdirmir. Belə ki, iddiaçı universiteti 2018-ci ildə bitirmişdir . Həmin zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13 may 2003cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları mənimlə bağlı tətbiq edilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 64 saylı 13 may 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 3.6. bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; tehsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7. və 3.8. bəndlərinə görə, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Tanınmaq və ekvivalntlik haqqında Şəhadətnamə almaq üçün təqdim olunmuş ixtisasla Azərbaycan Respublikasında qüvvədə olan mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər arasında müəyyən fərqlər yarandığı və ya hazırlıq sahəsi Azərbaycan Respublikasında qəbul edilmiş ali ixtisas təhsilinin istiqamətlərinin və ixtisaslarının siyahısına uyğun gəlmədiyi halda sınaq yoxlamaları da aparılır. Zəruri olduğu halda və özünün istəyi əsasında ərizəçi sınaq yoxlamaları verəcəyi fənlər üzrə ali məktəblərdə mühazirələrdə iştirak edir. Lakin qanunvericinin tələbindən fərqli olaraq, iddiaçıya verilən imtina məktubu formal xarakter daşımaqla yuxarıda qeyd etdiyi normalara uyğun hərəkət etməmişdir. Hesab edir ki, onun təhsili həm beynəlxalq standartlara, həm də Dövlətin standartlarına uyğun olduğundan diplomu Azərbaycan Respublikasının da ərazisində tanınmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o azərbaycan dilində təhsil almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Universitetin daxili qaydalarına əsasən iddiaçının dərslərdə iştirakı məcburi olmamış, aralıq və nəticə imtahanlarında iştirak etməklə nəzərdə tutulan qiymətləri toplaya bilərdi. Cavabdeh iddiaya dair təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, xarici dövlətlərdə əldə olunmuş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"(bundan sonra-Qaydalar)na əsasən həyata keçirilir. 4. Bu Qaydaların 4.4.1-ci yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi") üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsif'aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları'nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir, bu da Qaydaların nəzərdə tutduğu tələbə(normativ müddətin ən az yarısı) əsasən əyani təhsilalma formasında tədris olunan programlar üzrə hər təhsil ili üzrə tələbələrin minimum 4 ay müddətində (tibb və səhiyyə ixtisasları istisna olmaqla) dərslərdə əyani qaydada iştirak etmək üçün xarici ali təhsil aldıqlahıədə olmasını zəruri edir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2014/2015-ci il - 3 ay 3 gün 2015/2016-ci il - 22 gün 2016/2017-ci il - 11 gün 2017/2018 -ci il - 16 gün 7. Yekun olaraq qeyd edilir ki, iddiaçı təhsil aldığı heç bir il üzrə Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ aktlara uyğun olaraq əyani təhsilalma forması üzrə minimum normativlərin ödənməsi üçün nəzərdə tutulmuş müddətin qarşılığında xarici ali təhsil aldığı ölkədə olmamışdır. Hesab edirik ki, əyani təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyünü və normativ olaraq uyğunsuzluğu nəzərə alınaraq, iddia tələbi həm mahiyyət həm də normativ olaraq əsassız olduğu üçün rədd edilməlidir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 2014-2018-ci illərdə X1 Universitetinin “Sosial Elmlər” fakultəsində “İqtisadiyyat” ixtisası üzrə bakalavr səviyyəsində əyani formada ali təhsil almış və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, TOTU000469 nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması məqsədilə cavabdehə müraciət etsə də, inzibati orqan ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət onun diplom əlavəsində göstərilən tədris yükünün yerinə yetirilməsi üçün kifayət deyildir əsas gətirməklə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasında imtina edilməsi barədə qərar qəbul etmişdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). İddiaçının təhsil aldığı zaman (xx.xx.2023-cü il tarixədək) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”n Bənd 1.2 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Bənd 1.6 Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Göründüyü kimi bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi, eləcə də tədris dilinin tələb olunan səviyyədə mənimsənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməsini ehtiva edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı X1 Universitetində təhsil aldığı müddət ərzində - 2014/2015 tədris ilində 3 ay 3 gün gün, 2015/2016 tədris ilində 22 gün, 2016/2017 tədris ilində 11 gün, 2017/2018 tədris ilində 16 gün Gürcüstan Respublikasında olmuşdur. Qeyd edilməlidir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu həmin müddət tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Beləliklə, iddiaçının təhsil aldığı ölkədə olduğu müddət əyani təhsilalma formasında 4 il tədris ilində, cəmi 6 ay müddətdən az həmin ölkədə olması nəzərə alındıqda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8 və 2.9-cu bəndlərinin tələbləri təmin olunmur. Cavabdeh isə haqlı olaraq hesab etmişdir ki, iddiaçıya verilmiş diplomun əlavəsində qeyd edilən tədris yükü yerinə yetirilməmişdir. İddiaçı təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan onun həmin müddət ərzində tədris normativini yerinə yetirməsi inandırıcı hesab edilə bilməz. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 1801 və 1802 nömrəli arayışların Azərbaycan dilinə tərcümə olunmuş surətlərinə münasibətdə isə qeyd edir ki, iddiaçının ali təhsil haqqında diplomunda tədrisin gürcü dilində aparılması əks olunmuşdur. Bundan əlavə, iddiaçı qiyabi deyil, əyani təhsil almış, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən əyani təhsil ilə bağlı müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “TOTU №000469 saylı, qeydiyyat nömrəsi 1338 olan, 19 iyul 2018-ci il tarixdə verilmiş Universitetin Humanitar və Sosial Elmlər Komissiyasının 19 iyul 2018-ci il tarixli 11 saylı Qərarına əsasən sosial elmlər fakultəsində iqtisasiyyat ixtisası üzrə bakalavr dərəcəsi ilə təltif olunmasına dair diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3178/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3178/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver