Məhkəmə qərarları › İş №2-1(114)-318/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-318/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-318/2022 04.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 14.07.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qərarını əsassız olduğu üçün həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin Məhkəmənin 2-1(112)-8523/2021 nömrəli, 07.10.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialı ilə əvəz olunmuş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin 04.04.2022-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 09.02.2018-ci il tarixli Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışa əsasən iddiaçı “Bud-çanaq oynağı və çanaq qurşağının kapsulbağ aparatının çıxığı, gerilməsi və zədələnməsi, Bud-çanaq və çapaq qurşağının kapsulbağ aparatinin çıxığı.gərilməsi və zədələnməsi. Baldır səviyyəsində əzələ və vətərin travması, Sol baldirin yuxarı 1/3 hissədə kalloid çapığı. baldır əzələlərinin atrofiyası” diaqnozu ilə müddətsiz 3-cü qrup əlil hesab edilmişdir. Bununla bağlı Dövlət Sosial Müdafiə X4 Rayon Şöbəsi tərəfindən ona sosial müavinət təyin olunmuşdur. 2019-cu ilin oktyabr ayı üzə müavinət alarkən müavinət üzrə təyinat aparılmadığı müəyyən olunmuşdur. Dövlət Sosial Müdafiə Müdafiə Fondunun 18 saylı Reginal Ərazi Filialının “Tələbin icraya yönəldilməsi” haqqında **********1 nömrəli, 03.05.2021-ci il tarixli qərarı ilə 25.10.2019-cu il tarixədək 3-cü qrup əlillik dərəcəsi ilə ona ödənilmiş 9182,41 manat məbləğin bərpası tələb edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh 22.04.2022-ci il tarixli, **********2 nömrəli etiraz göndərərək bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinəsinin 06ef2ba8-7789-4e69-ə133-19ac3c6911df nömrəli çıxarışına əsasən İddiaçı 3-cü qrup əlillik müəyyən edilmiş və daha sonra 18 saylı Reginal Ərazi Filialı tərəfindən iddiaçıya əlilliyə görə sosial müavinət təyin olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən İddiaçı əlilliyi etibarsız sayılmışdır. Bu səbəbdən də 18 saylı Regional Ərazi Filialı tərəfindən iddiaçıya 2019-cu ilin oktyabrda müavinətin ödənilməsi dayandırılmış, 03.05.20221-ci il tarixli, **********1 qərarla artıq ödənilmiş 9182.41 manat məbləğində müavinətin inzibati orqana geri ödənilməsi ilə bağlı qəar qəbul edilmişdir. ”Sosial müavinətlər haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müavinətin təyin olunması üçün əsas şərtlərdən biri də şəxin əlillik dərəcəsinə malik olmasıdır. Yəni, inzibati orqan tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı müvafiq sənədə əsaslanaraq şəxsə əlilliyə görə sosial müavinət təyin edilir. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi. İş materiallarına Tibbi-Sosial Eksperiza müayinəsindən çıxarış, tələbin icaraya yönəldilməsi haqqında **********1 nömrəli Qərar, cavadehin iddiaçıya ünvanladığı 02.07.2021-ci il tarixli, **********4 nömrəli məktub, cavabdehin 22.04.2022-ci il tarixli, **********2 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. İşdə olan materiallar arasında yer alan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının **********1 nömrəli, 03.05.2021-ci il tarixli, Tələbin icraya yönəldilməsi haqqında Qərardan görünür ki, İddiaçı 09.2.2018-ci il tarixdən təyin edilmiş 3-cü dərəcəli əlilliyi dayandırılmış, ona təyin olunmuş əlilliyə görə əmək pensiyası ləğv olunmuş və 25.04.2018-ci il tarixdən 21.10.2019-cu il tarixədək 9182,41 manat məbləğində artıq ödənilmiş vəsait yaranmışdır. Yaranmış 9182,41 manat vəsaitin DSMF-nin Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsinin hesabına qaytarılması haqda İddiaçı 09.04.2021-ci il tarixli, **********7 nömrəli Bildiriş göndərilmiş, lakin artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Buna görə də qərara alınmışdır ki, İddiaçı tərəfindən 9182,41 manat vəsaitin bərpası icraya yönəldilsin. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Lakin hazırda mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı toplanmış sənədlər toplusundan müəyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş pul vəsaitinin tutulması barədə iddiaçının razılığının olub – olmaması aydınlaşdırılmamış, hazırkı qərar qəbul edilmişdir. Ümumiyyətlə, inzibati orqan tərəfindən belə bir qərarın qəbul ediləcəyi barədə iddiaçıya məlumat verilməmiş, yalnız mübahisələndirilən qərar qəbul edildikdən sonra artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə onun yaşadığı ünvanına məktub göndərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: -21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması barədə iddiaçının razılığı olmadığından, habelə həmin məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq 03.05.2021-ci il tarixli, **********1 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X6 Hüquqi Şəxsinin 18 saylı Reginal Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 03.05.2021-ci il tarixli, **********1 qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Hüquqi Şəxsinin 18 saylı Regional Ərazi filialının “Tələbin icraya yönəldilməsi haqqında” 03.05.2021-ci il tarixli, **********1 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar