Məhkəmə qərarları › İş №2-1(114)-318/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-318/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-318/2024 29.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli EB № 281438 nömrəli diploma əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X12 Ordenli N.Nərimanov adına Azərbaycan X9nun stomatologiya ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının xx.xx.1982-ci il tarixli qərarı ilə ona həkim stomatoloq ixtisası verilmişdir.

3. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixli 103 nömrəli əmrlə xx.xx.1982-ci il tarixdən Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına stomatoloq interna vəzifəsinə qəbul edilmiş və xx.xx.1983-cü il tarixli 125 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən internaturanı qurtarması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü il tarixli 65 nömrəli əmrlə xx.xx.1983-cü il tarixdən Çəmənli kənd xəstəxanasına 1,0 maaşlıq stomatoloq həkim vəzifəsinə təyin edilmiş və xx.xx.2004-cü il tarixli 76/v nömrəli əmrlə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli 113 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Ağdam rayonu Çəmənli xəstəxanasında həkim işləmiş və 1994-2003-cü illlərdə bütün aylar, 2004-cü ildə isə oktyabr ayınadək əmək haqqı almışdır.

5. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının, diplomunun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Fondun Qarabağ regional filialının 1xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

6. Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Qarabağ regional filialı tərəfindən tərtib edilmiş ın xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün İddiaçı həmin dövrdə olan iş stajını yerində yoxlamaq mümkün olmamışdır. xx.xx.2004-cü il tarixli 76/v nömrəli əmrlə xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrdə əmək haqqı almışdır.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli 26 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdam rayon Mərkəzi Xəstəxanasının 1980-1989-cu illərin əmr kitabları filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. 1990-1993-cü illərin əmr kitabları yoxlanıldı, lakin İddiaçı adı aşkar olunmadı. Ona görə də İddiaçı 1980-1993-cü illərdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi X7 Ağdam rayon Mərkəzi Xəstəxanası X7 xx.xx.2023cü il tarixli 566 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı NT-İ №1363335 nömrəli əmək kitabçasında iş staji ilə bağlı əks olunan bütün qeydlər onun müvafiq vəzifələrə təyin olunması barədə əmirlər əsasında aparılmışdır. Lakin 23-iyul 1993-ci il tarixdə Ağdam şəhəri Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən vətəndaş İddiaçı 24 dekabr 1983-cü il tarixdən 23 iyul 1993-cü il tarixədək işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda filiala göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki,’’Ağdam Rayon Mərkəzi Xəstəxansı” X7 arxivində əsli saxlanılan 01 yanvar 1991 -ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən, vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Çəmənli kənd xəstəxanasında həkimstomatoloq vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 7 (yeddi) il fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 7 (yeddi) il 11 (on bir) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 185 (bir yüz səksən beş) rubl vəzifə maaşı, sahə həkimi kimi faliyyət göstərdiyi üçün vəzifə maaşına 30% (otuz) faiz yəni 50-55 (əlli beş və ya əlli) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 240-250 (iki yüz qırx və ya iki yüz əlli) rubl əmək haqqqı almışdır.

9. Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X9 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloqterapevt adı verildiyi qeyd edilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 nömrəli X1 və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayonu Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işləməyinə dair iş illərinin sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə doğulmuşdur. Sosial sığorta stajı da imkan verdiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 aprel 2023-cü il tarixli, 3-17-1/2-V- 77174/2023 saylı məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Cavabdeh təşkilat imtinaya əsas kimi əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmaması göstərilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bu imtinasını yuxarıda qeyd edilən sübutlara əsasən əsassız hesab edir. Belə ki, ərizəyə əlavə edilmiş diplomun notarial təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi Azərbaycan Tibb Universitetində təhsil almışdır. Ona məxsus əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surəti onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 №-li X1 və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işlədiyini təsdiq edir. Ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli 113 nömrəli arayışdan görünür ki, o, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003 və 2004-cü illərdə Ağdam rayon X2 kənd xəstaxanasında həkim işləmişdir. Şərh edilmiş sənədlərdən göründüyü kimi, ümumilikdə 26 ildən çox iş stajı mövcuddur ki, bu fakt ona tam olaraq yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Ona görə də cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona pensiya təyin edilməsindən imtina etməsinə dair dəlilləri tamamilə əsassızdır. Belə ki, arxiv sənədlərinin işğal zonasında qalması və əmək kitabçasında göstərilən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənməməsi onun təqsiri deyil. Onun əlində 26 illik iş stajını təsdiq edən sənədlər var. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, xx.xx.1982ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi Bakı şəhəri 5 №-li X1 və xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixə kimi Ağdam rayon Çəmənli kənd xəstəxanasında stomotoloq-həkim işləməyinə dair iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna üzərinə qoyulmasına dair qərar qəbul edilməlidir.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloqinterna və xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Çəmənli kənd Xəstəxanasında stomotoloq-həkim işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

22. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının, diplomunun surətlərinə əsasən onun sığorta stajı 16 il 8 gün olduğundan onun müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyildir. Həmçinin, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 16 il 8 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial stajına malik deyil. Fondun Qarabağ regional filialının 1xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

26. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla) 16 il 8 gün təşkil edir. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək olan stajkeçmə dövrü latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixdən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Fondun Qarabağ regional filialının xx.xx.2023-cü il tarixli aktına əsasən Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün həmin dövrlərdə əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmayıb. Bu səbəblə sözügedən dövrün iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və isin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçınm tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

27. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli EB № 281438 nömrəli diplom; - İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası; - İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqə; - Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2022-ci il tarixli 113 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2023-cü il tarixli 26 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi X7 Ağdam rayon Mərkəzi Xəstəxanası X7 xx.xx.2023cü il tarixli 566 nömrəli məktubu və ona əlavə edilmiş tarifikasiya siyahısı; - Məhkəmənin sorğusu əsasında cavabdeh orqandan əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu;

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloq-interna işlədiyi dövr latın qrafikalı möhürlə təsdiq edildiyindən və qeyddə qaralamalar mövcud olduğundan, Çəmənli kənd xəstəxanasının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

31. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

32. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

34. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

35. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

36. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

39. İddiaçının xx.xx.1960-cı il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 63 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

40. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

41. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına stomatoloq interna vəzifəsində (11 ay), xx.xx.1983-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Çəmənli kənd xəstəxanasında stomatoloq həkim vəzifəsində (20 il 9 ay 8 gün) işləmişdir.

42. Bundan əlavə, xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək N.Nərimanov adına Azərbaycan X9nun stomatologiya ixtisası üzrə əyani təhsil aldığı (4 il 9 ay 22 gün) müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının 26 il 6 ay olması müəyyən edilir.

43. Məhkəmə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloq-interna və xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Çəmənli kənd Xəstəxanasında stomotoloq-həkim işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

44. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

45. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

46. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X10) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

47. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1996-xx.xx.2006-cı illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir.

48. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1983cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloq-interna işlədiyi dövrün latın qrafikalı möhürlə təsdiq edilməsi və qeyddə qaralamaların mövcud olması, həmçinin Çəmənli kənd Xəstəxanasının xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitablarının və əmək haqqı cədvəllərinin işğal zonasında qalması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.

50. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası İcbari Tibi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi X7 Ağdam rayon Mərkəzi Xəstəxanası X7 xx.xx.2023-cü il tarixli 566 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı NT-İ №1363335 nömrəli əmək kitabçasında iş staji ilə bağlı əks olunan bütün qeydlər onun müvafiq vəzifələrə təyin olunması barədə əmirlər əsasında aparılmışdır. Lakin 23-iyul 1993-ci il tarixdə Ağdam şəhəri Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün həmin dönəmdə Ağdam şəhərində yerləşən Ağdam Rayon Mərkəzi Xəstəxanasının arxiv sənədləri, o cümlədən vətəndaş İddiaçı 24 dekabr 1983-cü il tarixdən 23 iyul 1993-cü il tarixədək işə qəbul edilmə və işdən azad edilməsi barədə əmrlər, həmçinin, dönəmin əmək haqqı cədvəlləri fors-major şəraitdə işğal zonasında qaldığından həmin sənədlərin hal-hazırda filiala göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki,’’Ağdam Rayon Mərkəzi Xəstəxansı” X7 arxivində əsli saxlanılan 01 yanvar 1991 -ci il tarixli “Tarifikasiya siyahısı”nda qeyd olunan məlumatlara əsasən, vətəndaş İddiaçı həmin tarixdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Çəmənli kənd xəstəxanasında həkim-stomatoloq vəzifəsində işləmiş, 01 yanvar 1991-ci il tarixədək 7 (yeddi) il fasiləsiz iş stajına malik olmaqla, ümumilikdə 7 (yeddi) il 11 (on bir) ay əmək stajına malik olmuş, həmin dönəmin dövriyyədə olan pul vahidi ilə 185 (bir yüz səksən beş) rubl vəzifə maaşı, sahə həkimi kimi faliyyət göstərdiyi üçün vəzifə maaşına 30% (otuz) faiz yəni 50-55 (əlli beş və ya əlli) rubl əlavə olunmaqla 1 əmək haqqı vahidi məbləğində ümumilikdə 240-250 (iki yüz qırx və ya iki yüz əlli) rubl əmək haqqqı almışdır.

51. Məhkəmə qeyd edir ki, 01 yanvar 1991-ci il tarixli Tarifikasiya siyahısında İddiaçı adının qarşısında iş stajı 7 il kimi qeyd edilmişdir ki, onun da əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdən başladığı nəzərə alındığı zaman, həqiqətən də xx.xx.1991-ci il tarixədək işləməsi təsdiq olunur ki, bu da dolayısı ilə iddiaçının əmək kitabçasında məlumatların mötəbər olmasına dəlalət edir.

52. İddiaçının məhkəmə iclasında təqdim etdiyi və əslinə baxış keçirilərək, surəti iş materiallarına əlavə edilən Azərbaycan SSR Səhiyyə Nazirliyinin N.Nərimanov adına X9 tərəfindən İddiaçı verilmiş xx.xx.1983-cü il tarixli 49 nömrəli vəsiqədə onun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomatoloji Poliklinikasına interna keçdiyi və imtahan komissiyasının xx.xx.1983-cü il tarixli 49 nömrəli protokolu ilə stomatoloq-terapevt adı verildiyi qeyd edilmişdir.

53. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (63 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur.

54. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (63 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

55. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

57. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçınun xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı şəhəri 5 nömrəli Stomotoloji Poliklinikasında stomatoloq-interna və xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Çəmənli kənd Xəstəxanasında stomotoloq-həkim işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar