Məhkəmə qərarları › İş №2-1(114)-3180/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3180/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3180/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" ASC-nin Gəncə filialına qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" ASC-nin Gəncə filialına qarşı kreditin sığorta tərəfindən qarşılanması, kreditin bağlanması və icra işi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bir tərəfdən İpoteka saxlayan "xxxx" ASC, digər tərəfdən İpoteka qoyan X3 və Borcalanlar İddiaçı, X6 və X4 arasında xx.xx.2007-ci il tarixdə 07050169/İ saylı ipoteka müqaviləsi bağlanaraq, İpoteka qoyan özünə məxsus ünvan 5ni xx.xx.2007-ci il tarixli 07050169 nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayan qarşısında ipoteka ilə yüklü etmişdir.

2. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan - AZ1095, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin/VÖEN:**********/ tələbi ilə ipoteka qoyan - ünvan 2 ünvanında qeydiyyatda olan X2 (AA0391943, xx.xx.2019 - Asan-Gəncə; FİN: 44WEQJ8; d/t: xx.xx.1984), ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2016 - Asan-Gəncə3; FİN: xxxxxxx; d/t: xx.xx.1981), Gəncə, Nizami, Ə.Əliyev küçəsi, ev 342 ünvanında qeydiyyatda olan X1 (AZE14669419, xx.xx.2016 - Gəncə2; FİN: 46N9RY6; d/t: xx.xx.1964) məxsus ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi barədə ünvan 6i notariusu X7 tərəfindən xx.xx.2024-cü il tarixdə icra qeydi verilmişdir. İcra qeydində qeyd edilmişdir ki, öhdəliyi müəyyən edən 07050169/İ müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 21575.70 AZN əsas borc, 848.92 AZN faiz borcu, 37.29 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 22461.91 AZN təşkil edir. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" ASC-nin Gəncə filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, kreditin sığorta tərəfindən qarşılanmasına, kreditin bağlanmasına və eləcə də icra işinin xitam verilməsinə cavabdehlərin üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Bank Respublika ASC tərəfindən xx.xx.2007ci il tarixli ipoteka müqaviləsinə (№ 07050169/1) əsasən xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə (№ ********) əsasən 40650 manat məbləğində kredit 300 ay müddətinə verilmişdir. Kreditin ödənişlərinin şərtlərinə əsasən hər ay gecikmələrsiz ödənişlər vaxtlıvaxtında olunur. Baxmayaraq ki, kreditor X6 13 yanvar 2012-ci il tarixdə rəhmətə getmişdir. Onun ailəsi başsız qalmışdır. Bank Respublika ASC-nin Gəncə filialının rəhbəri K.Məmmədova müraciət edərək, Mülki Məcəllənin 558-ci maddəsinin tələblərinin pozulduğunu şifahi surətdə məlumatlandırmaqla qanunvericiliyin tələblərinə əsasən sığorta tərəfindən həyat sığortası ilə qarşılanması bildirilmişdir. Lakin qanunvericiliyin tələblərinə məhəl qoyulmur. Qanunvericiliyin qüvvədə olmasını nəzərə alıb, icra işinin dayandırılmasına icra məmuruna əmr və göstərişlərin verilməsini xahiş etmişdir. Lakin icra məmuru tərəfindən onun vəsatətinə cavab verilməmişdir. Cavabdeh Bank tərəf qardaşının 2012-ci il tarixdə rəhmətə getməsini nəzərə almamışdır. Bu absurd haldır ki, ölüdən ödənişlər tələb olunur. Qanunvericiliyin tələblərinə əsasən kredit verilməmiş sığortalanma aparılır. Ölüm haqqında şəhadətnamə təqdim edilməsinə baxmayaraq, kreditin sığorta tərəfindən qarşılanması olmamışdır. Nəticədə icra məmuru tərəfindən əsassız icra tələbi yaranmışdır. Hansı ki, cavabdeh Bank Respublika ASC tərəfindən kreditdə sığortaya əsasən silinmələr olmalıdır. 2012-ci ildən bugünə kimi tərəfindən ödənişlər aparılır, amma cavabdeh tərəf ölümlə əlaqəli olan silinmə aparmır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

6. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

7. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

8. İddiaçı hazırkı tələbində kreditin sığorta tərəfindən qarşılanmasına, kreditin bağlanmasına və eləcə də icra işinin xitam verilməsinə dair cavabdehlərin üzərinə vəzifə qoyulmasını xahiş edir.

9. Məhkəmənin qənaətinə görə, hazırkı halda inzibati mübahisə mövcud olmadığı üçün iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğuna görə iddia mümkün sayılmamalıdır.

10. Belə ki, Gəncə şəhəri üzə icra idarəsində icra icraatı məhz icra sənədi olan ünvan 6i notariusu X7 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş icra qeydi əsasında başlanmışdır ki, iddiaçının əslində hüquqi marağı da həmin icra qeydini mübahisələndirməkdən ibarətdir. Lakin notariusun icra qeydləri inzibat akt olmadığından hazırkı mübahisə də inzibati hüquq münasibətləri ilə bağlı yaranmamışdır.

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

12. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununa görə: Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri. Maddə 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət.

14. Qanunvericilikdə icra məmurunun qərar, hərəkət və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edilsə də, burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur.

15. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir.

17. Ümumyyətlə isə, icra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2-1(102)- 2242/2019) nömrəli qərarlarında da qeyd edilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər.

19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına görə: Bənd 8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

21. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

22. İddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmənin yardım etmə vəzifəsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 48-ci maddəsi məhkəmə icraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Belə ki, həmin Məcəllənin 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

23. Baxılan iş üzrə isə iddiaçının məqsədinə hazırkı iddia vasitəsilə çatmaq mümkün olmadığına görə “prosessual qənaət” prinsipinə müvafiq olaraq məhkəmə tərəfləri dinləmədən və düzgün cavabdehin seçilərək, ona qarşı tələb irəli sürülməsinə dair yardım etmədən iddianın mümkünsüz sayılmasını məqsədəuyğun hesab etmişdir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

27. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hüquqi marağına uyğun tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar