Məhkəmə qərarları › İş №2-1(114)-3182/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3182/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3182/2023 26.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 100328 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2020-ci il tarixdə boyun səviyyəsində travmatik amputasiya səbəbi ilə Samux rayonu Çobanabdallı kəndində ölmüşdür.

2. DİN-in rəhbərliyinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair 30 aprel 2021-ci il tarixli rəyə əsasən DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olması müəyyən edilmişdir.

3. xx.xx.2021-ci il tarixli TT**********83930240 nömrəli kassa məxaric orderinə əsasən Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən 30240 manat məbləğində sığorta ödənişi X4 ödənilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ç-882242/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci ilin yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edilir. Müraciət araşdırılarkən məlum olmuşdur ki, X5 vəfat etməsi ilə bağlı tərtib edilmiş 100328 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi xx.xx.2020-ci ilə aiddir. Odur ki, X5 qanun üzrə vəsərəsi kimi dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil.

5. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 95/05-914/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 1340 nömrəli Fərmanın 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilir;”. Həmin Fərmanın 3-cü hissəsinə əsasən aşağıdakı məzmunda 2.8-ci bəndin əlavə edilməsi qərara alınmışdır: “2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.”. Ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin rəyinin verilmə tarixi 27 aprel 2021-ci il tarixinə təsadüf etdiyindən Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün Fonda müraciət etməsi tövsiyyə edilmişdir. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan oğlu sabiq polis leytenantı X6 Daxili İşlər Nazirliyi tərəfindən təyin olunmuş sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 avqust 2020-ci il tarixində X7 hərəkəti həmin yolda qanunla qəti qadağan olunan New Holland TC5050 markalı 90-L-009 dövlət qeydiyyat nişanlı kombayn texniki vasitəni mövcud qanunvericiliyə uyğun olaraq avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə isə Daxili İşlər Nazirliyindən xüsusi icazə almalı olduğu halda Qanunun həmin tələblərini kobud şəkildə pozaraq, həmçinin müşayiət avtomobili ayrılmalı olduğu halda Qanunun bu tələbini də pozaraq, heç bir təhlükəsizlik tədbiri görmədən eni 390 sm olan kombayn mexaniki vasitəni biçmə qurğusu ilə birlikdə eni 240 sm olan avtomobil yoluna çıxararaq, əvvəlcədən hərəkət iştirakçılarına qəza şəriti yaradaraq onunla əks istiqamətdə hərəkətdə olan X5 idarə etdiyi **-GC-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz C-180 markalı minik avtomobilinin hərəkət zolağına çıxaraq ağır yol-nəqliyyat hadisəsi törədərək, xidməti vəzifələrini icra edən (bu barədə DİN-in rəyi ərizəyə əlavə olunur) iki polis əməkdaşı – Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı X9 və Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı X2 sağlamlıqlarına ağır bədən xəsarətləri yetirməklə faciəli şəkildə onların həlak olmasına səbəb olmuşdur. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olması qeyd edilmişdir. Rəydə eyni zamanda qeyd olunmuşdur ki, DİN-in Maliyyə- Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-1828-1221 nömrəli məkubunda sabiq polis leytenantı X9 və sabiq polis kiçik serjantı X2 vəfat etmələrinin xidməti vəzifəsinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin surətinin Dövlət Kommersiya Sığorta Şirkətinə təqdim edilməsi üçün sabiq əməkdaşların ailə üzvlərinə təqdim olunması məqsədəmüvafiq hesab edilsin. Dövlət Sığorta Kommersiya Şirkəti sabiq polis kiçik serjantı X2 valideyni X4 həmin sığorta ödənişini etmişdir. Səhhəti ilə bağlı bu sığorta ödənişi üçün Dövlət Kommersiya Sığorta Şirkətinə 2023-cü ildə müraciət etmiş, Şirkət xx.xx.2023-cü il tarixli məktubunda bu sığorta ödənişinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəyini bildirmişdir. Dövlət Sosial Müdafiə Fondu isə xx.xx.2023-cü il tarixli məktubunda ölüm hadisəsi 2020-ci ildə baş verdiyinə görə sığorta ödənişinin Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən ödənilməli olduğunu bildirir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Kommersiya Sığorta Şirkətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə əvəz edilməsini vı sığorta ödənişinin ödənilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

18. Bununla yanaşı cavabdeh orqan məhkəməyə iddianın mümkün sayılmaması barədə ərizə ünvanlamışdır. Ərizə iddiaçının cavabdeh orqana müraciətinə cavab məktubunda göstərilənlərlə (bu qərarın 4-cü bəndi) əsaslandırılmış və iş üzrə cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının hüquqlarının pozulmadığı nəzərə alınmaqla, iddianın mümkün sayılmaması xahiş edilmişdir.

19. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

21. O, əlavə olaraq bildirmişdir ki, sığorta ödənişinin verilməsi üçün onun tərəfindən əvvəlcə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş, lakin həmin orqan sığorta ödənişinin verilməsinin Fondun səlahiyyətlərinə aid olmaması əsası ilə bundan imtina etmiş, daha sonra Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, həmin orqan isə ödənişin DSMF tərəfindən həyata keçirilməli olmasını bildirmişdir. Hər iki orqan bir-birinin üstünə atmaqla, bugünədək oğlu Elnur Çağırqanovun xidməti vəzifəsinin icrası zamanı vəfat etməsinə görə sığorta ödənişini ala bilməmişdir.

22. Cavabdehin nümayəndəsi X8 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddianın mümkün sayılmaması barədə ərizəni müdafiə etdiyini bildirmiş və bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZ-İİ 100328 nömrəli ölüm haqqında şəhadətnamə; - Xidməti təhqiqatın nəticəsinə dair 30 aprel 2021-ci il tarixli rəy; - xx.xx.2021-ci il tarixli TT**********83930240 nömrəli kassa məxaric orderi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ç- 882242/2023 nömrəli məktubu; - Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli 95/05-914/2023 nömrəli məktubu. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının oğlu X9 xx.xx.2020-ci il tarixdə boyun səviyyəsində travmatik amputasiya səbəbi ilə Samux rayonu Çobanabdallı kəndində ölmüş və bu barədə xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 100328 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. DİN-in rəhbərliyinin göstərişi əsasında Daxili Təhqiqatlar İdarəsində xidməti təhqiqat aparılaraq, X9 və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun birlikdə həlak olmuş DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru X2 xidməti vəzifələrinin icrası zamanı ölmələri qənaətinə gəlinmiş və ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəli olması barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir. xx.xx.2021-ci il tarixli TT**********83930240 nömrəli kassa məxaric orderinə əsasən Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən 30240 manat məbləğində sığorta ödənişi X4 (inspektoru X2 atası) ödənilmişdir.

26. X5 atası olan hazırkı iddiaçı oğlunun xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin verilməsi ilə bağlı əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə müraciət etmiş, həmin inzibati orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ç- 882242/2023 nömrəli məktubla X5 vəfat etməsi ilə bağlı tərtib edilmiş 100328 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixinin xx.xx.2020-ci ilə aid olmasını əsas gətirərək, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsinin Fondun səlahiyyətlərinə aid olmadığını bildirməklə, bundan imtina etmişdir. Bundan sonra iddiaçı müvafq tələblə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, həmin orqan da xx.xx.2023-cü il tarixli 95/05- 914/2023 nömrəli məktubu ilə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin rəyinin verilmə tarixi 27 aprel 2021-ci il tarixinə təsadüf etdiyindən Fərmana edilmiş dəyişikliyə əsasən vətəndaşlara sığorta ödənişinin verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyini bildirməklə, sığorta ödənişinin alınması üçün Fonda müraciət etməsi tövsiyyə edilmişdir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının oğlu X5 xidməti vəzifələrinin icrası zamanı həlak olması və bu əsasla ona sığorta ödənişinin ödənilməli olması işin mübahisəsiz hallarıdır.

28. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti. 4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək; Maddə 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz. Maddə 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

29. Hazırkı mübahisə həmin sığorta ödənişinin hansı subyekt tərəfindən ödənilməli olması ilə bağlıdır.

30. Belə ki, X9 xx.xx.2020-ci ildə ölmüş, onun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı olması barədə rəy isə xx.xx.2021-ci il tarixdə verilmişdir.

31. Hər iki orqan - Dövlət Sosial Müdafiə Fondu və Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli 1718 nömrəli Fərmanına istinad edərək, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişlər.

32. Dövlət Sosial Müdafiə X1 ölüm haqqında şəhadətnaməsinin xx.xx.2020-ci ildə verilməsini əsas gətirərək sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olduğunu, Dövlət Sığorta Kommersiya Şirkəti isə Daxili İşlər Nazirliyinin rəyinin 27 aprel 2021-ci il tarixdə verilməsini əsas gətirərək sığorta ödənişinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olduğunu bildirmişdir.

33. Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanına və həmin Fərmana dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli 1718 nömrəli Fərmanına görə:

1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.

2. Müəyyən edilsin ki: ... 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir; 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

34. Məhkəmə bununla bağlı qeyd edir ki, sığorta ödənişi sığorta hadisəsi baş verən zaman ödənilir. Yəni, şəxsin sığorta ödənişini almaq hüququ sığorta hadisəsinin baş verməsi ilə yaranır. Hazırkı halda sığorta hadisəsi X5 xidməti vəzifəsinin icrası ilə bağlı həlak olması halıdır.

35. Başqa sözlə, X5 ölümü təklikdə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisəsi hesab olunmur, bu səbəbdən xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəd, eyni zamanda sığorta ödənişinin verilməsi üçün əsas sayıla bilməz.

36. X5 ölümünün məhz xidməti vəzifəsinin icrası ilə bağlı olması halında bu, sığorta hadisəsi hesab olunur ki, yalnız DİN-in rəhbərliyinin göstərişi əsasında Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatin nəticəsində X9 və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun birlikdə həlak olmuş DİN-in Baş Pasport, Qeydiyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə ASAN xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru X2 xidməti vəzifələrinin icrası zamanı ölmələri barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir və məhz həmin rəy sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənəddir.

37. Beləliklə, X5 xidməti vəzifəsinin icrası zamanı həlak olması DİN-in xx.xx.2021-ci il tarixli rəyi ilə müəyyən olunduğuna və həmin sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğuna görə İddiaçı sığorta ödənişinin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə və vəzifəsinə aid olmuşdur.

38. Bu əsasla məhkəmə cavabdeh orqanın həm iddianın mümkün sayılmaması barədə ərizəsini, həm də iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. X5 xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar