Məhkəmə qərarları › İş №2-1(114)-3182/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3182/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3182/2024 11.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları” tələbinə dair ərizəsinə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək 3-cü şəxslər X1 və X2 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, bina 9, mənzil 33 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixdə onun, X1 və X2 adına paylı mülkiyyət hüququ üzrə qeydə alınmışdır. Həmin evdə 3-cü şəxslər 28 ildir ki, yaşamırlar. Üçüncü şəxslərin həmin evdə pasport qeydiyyatında olması tam əsassızdır. Beləki, 3-cü şəxslərin həmin evdə yaşamamalarına baxmayaraq pasport qeydiyyatında qalması həmin şəxslərin adından komunal xərclərin onun tərəfindən ödənilməsi iddiaçını ağır maddi duruma salır. Bu baxımdan iddiaçı 3-cü şəxslərdən evdən qeydiyyatdan çıxmalarını tələb etsə də, bu şəxslər evdən pasport qeydiyyatından çıxmırlar. O, həmin şəxslərin evdən pasport qeydiyyatından çıxması üçün Cavabdehnə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilərək məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2806/2023 saylı qərarı ilə İddiaçı Cavabdehnə qarşı 3-cü şəxslər X1 və X2 ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə əvvəla qeyd edir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtləri mövcud olmadıqda verilmiş iddianı mümkün sayılmamalıdır. Bu baxımdan hazırkı iddiaya mahiyyəti üzrə baxıla və iddia mümkün sayıla bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X2 və X1 ona məxsus olan ünvan 4 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 2806/2023 nömrəli qərarı ilə iddia təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı yenidən Cavabdehnə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək 3-cü şəxslər X1 və X2 ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, bina 9, mənzil 33 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, qəbul edilmiş qərar qanuni qüvvəyə mindikdən sonra, məhkəmə icraatının iştirakçıları, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Odur ki, məhkəmə hesab edir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etməyə imkanı vermədiyi üçün hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar