Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3183/2025 22.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X9 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Qeydiyat Şöbəsinə qarşı «nikah və ölüm haqqında akt qeydlərinə düzəliş edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyat Şöbəsinə qarşı «nikah və ölüm haqqında akt qeydlərinə düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, atasının ölüm haqqında şəhadətnaməsində soyadının “Namazov”-dan “Bayramov” soyadına, anasının nikah haqqında şəhadətnaməsində ata adının “Məhərrəm” adından “Əli” adına düzəliş edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri X4 və Bayramova (Hüseynova) Suqura Əli qızı xx.xx.1965-ci ildə rəsmi nikaha daxil olmuşdur. Atası xx.xx.2020-ci ildə vəfat etmişdir. Bütün sənədlərdə atasının soyadı “Bayramov” kimi qeyd edilsədə, ölüm haqqında şəhadətnamədə “Namazov” kimi qedyd edilmişdir. Eyni zamanda anasının bütün sənədlərində ata adı “Əli” göstərilsə də, nikah şəhadətnaməsində ata adı “Məhərrəm” kimi qeyd edilmişdir. Qeyd olunan yanlışlıqların aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmiş, lakin düzəliş edilməsi mümkün olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, atasının ölüm haqqında akt qeydində soyadının “Namazov”-dan “Bayramov” soyadına, anasının nikah haqqında akt qeydində ata adının “Məhərrəm” adından “Əli” adına düzəliş edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair hər hansı etiraz məhkəməyə ünvanlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu, iddiaçıya məxsus xx.xx.1962-ci il tarixli, AЗ №266870 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 49 saylı arayış, Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 50 saylı arayış, İddiaçı doğum, valideynlərinin nikah və atasının ölüm haqqında akt qeydlərinin surəti və fərdi uçot kartoçkasından çıxarış təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə Cavabdeh (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbəsləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh yerləşdiyi Bərdə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X4 və Bayramova (Hüseynova) Suqura Əli qızı xx.xx.1965-ci ildə rəsmi nikaha daxil daxil olmuş, bu barədə xx.xx.1965-ci il tarixdə 37 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Nikahdan sonra arvad ərin soyadını götürmüş, lakin, evlənmə haqqında xx.xx.1965-ci il tarixli 37 nömrəli akt qeydində anasının ata adı “Məhərrəm” kimi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının atası X3 məxsus ölüm haqqına şəhadətnamədə soyadı “Namazov” kimi qeyd edilmişdir. İddiaçı nikah haqqında akt qeydinə və ölüm haqqında akt qeydinə düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan iddiaçının ərizəsinin müsbət yöndə icrasından imtina etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq dövlət orqanları tərəfindən iddiaçının mərhum atası X3 və anası X7 verilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum atasının adı İbrahim, soyadı Bayramov, ata adı Məhəmmədli anasının adı Suqura, soyadı Bayramova, ata adı Əlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının mərhum atası X3 və anası X7 aid nikah haqqında akt qeydində arvadın ata adının “Məhərrəm” qeyd olunduğu müəyyən edilsə də, X5 övladının doğum haqqında şəhadətnaməsində onun ata adı “Əli” kimi qeyd olunmuşdur. Eyni zamanda, işin hallarından müəyyən olunur ki, X1 ölüm haqqında akt qeydində “Namazov” kimi qeyd edilmişdir. Halbuki, mərhumun oğlunun doğlum haqqında şəhadətnaməsində və ona təqdim olunan digər sənədlərdə soyadı “Bayramov” kimi qeyd edilmişdir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının anası X7 aid nikah haqqında akt qeydində səhvə yol verilmiş arvadın ata adı düzgün qeyd edilməmiş, həmçinin atası X2 ölüm akt qeydində səhvə yol verilmiş və soyadı düzgün qeyd edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mərhum atası X2 xx.xx.2020-ci il tarixli, 03 nömrəli ölüm haqqında akt qeydində soyadının “Namazov”-dan “Bayramov”-a və anası X7 məxsus olan xx.xx.1965-ci ildə tərtib edilmiş 37 nömrəli nikah haqqında akt qeydinin onun ata adının “Məhərrəm”dən “Əli” adına düzəliş edillməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3183/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3183/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver