Məhkəmə qərarları › İş №2-1(114)-3195/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3195/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3195/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yenidən yoxlanılması üçün komissiyanın təşkil edilməsi və əlilliyin təyin edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994- cü ildə xəsərət almışdır. N saylı hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu zaman ona diaqnoz: “Sol baldır və kəllənin ənsə nahiyyəsinin kor qəlpə yarası (həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir)” , “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı qeyd edir ki, onun psixi vəziyyətində pozuntular 1994-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət aldıqdan sonra büruzə verməyə başlamış, ilk tibbi yardımı döyüş meydanında almışdır. O, dəfələrlə müayinə və müalicədə olmağına baxmayaraq, psixi vəziyyətində yaxşılaşma müşahidə edilməmişdir (daim baş ağrıları, halsızlıq, yuxusuzluq, gərginlik, əsəblik, yadaş zəyifliyi, deyilənləri anlamır və sair). xx.xx.2015-ci il tarixdə iddiaçıya 3-cü qrup əlillik təyin edilmiş, 2016-cı ildən 2021-ci ilədək əlillik müavinəti almışdır. Növbəti təkrar müayinədən sonra o, xx.xx.2023-cü ildə əlilliyinin yenidən təyin edilməsi ilə bağlı sorğuya imtina almış, səhhətində heç bir müsbət irəliləyiş və sağalma olmamışdır. İddiaçı qeyd edir ki, sadalanan normativ hüquqi aktların mətnindən görünür ki, o, hərbi xidmət keçdiyi dövr ərzində müharibə zonasında xidmət keçən zaman aldığı xəsarətlər nəticəsində travma almış və bununla bağlı da çoxlu sübut və ekspertiza nəticələri vardır. İddiaçı ona yenidən əlilliyin təyin edilməsini istəyir, o, 1993-cü ildə hərbi xidmətə keçmiş və xidmətə keçməyi ilə bağlı xx.xx.1994-cü ildə hərbi hissədə yaralanması hərbi biletlə təsdiq olunur. İddiaçı qeyd edir ki, tibbi müayinələr və ekspertiza nəticələri ona 1-ci Qarabağ müharibəsi əlilliyinin bərpa edilməli olduğunu göstərir. Gəncə İnzibati Məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün sərəncam ünvanlanmış, yanlışlıqlar iddiaçı tərəfindən aradan qaldırılaraq, iddia ərizəsində iş üzrə cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qeyd olunmuş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli ona əlilliyin təyin edilməməsi barədə qərarın ləğv edilməsini, xx.xx.1994-cü il tarixdə hərbi xidmət zamanı aldığı xəsarətlər və bu xəsarətlər nəticəsində yaranan psixi pozuntularla bağlı yenidən əlillik təyin edilməsini və ona 1-ci Qarabağ müharibəsi əlili kimi əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 2-ci qrup, yəni orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)3195/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2023cü il tarixli Gəncə Psixiatriya xəstəxanasının verdiyi göndərişi əsasında Agentliyə müraciət etmiş və ona xx.xx.2023-cü il tarixdə “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnol əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixində SMS bildiriş vasitəsi ilə məlumat verilmişdir. Lakin iddiaçı 7 ay iddia müddətini ötürməklə, iddia müddəti çərçivəsində inzibati orqanın qərarını mübahisələndirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkün hesab edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, o, xx.xx.2023-cü il tarixdən yaranmış xroniki xəstəliklər ilə əlaqədar stasionar müalicə almış və xəstəxanalarda müalicələri hal-hazırda da davam edir. Bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2015-ci il tarixdən “Kəllə daxili travmaları nət postravmatik ensefalopatiya 2-ci mər kəllə daxili hipertenz. Serebro vaskulyar çat vegeto damar paroksızmaları. Servikolgiya ənsə sinirinin travmatik neyro ağrı sindromu ilə” diaqnozu ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdən “Başqa rubrikalarda təsnif olunmayan, bədənin bir neçə nahiyələrini əhatə edən digər travmalar. Sol baldırın və kəllənin ənsə, sağ gicgah nahiyyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Keçirilmiş ağır kəllə beyin travmasının qalıq əlamətləri. Sol gicgah nahiyyəsinin 0,6 x 0,4 sm ölçülü metal qəlpə. Serebrovaskulyar çatmamazlıq. Vegeto-damar paroksızmları ilə. Servikalgiya,ənsə sinirin travmatik nevrologiyası, ağrı sindromu. Ürək çatmamazlığı, QDÇ İİ dərəcə. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefolopatiya İl mərhələ. Kəllədaxili hipertenziya. Ürəyin xroniki işemik xəstəliyi, ÜİX-gərginlik stenokardiyası İl fs. Nevrasteniya, astenonevrotik sindrom” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalpatiya İİ mərhələ. Serebrovaskulyar çatmamazlıq. Servikalgiya. Sağ ənsə sinirinin travmatik nevralgiyası. Kəllədaxili hipertenziya. Veqetativ damar paroksizmaları ilə. Sağ ənsə gicgah nahiyəsinin, sağ baldırın kor qəlpə yaralanmasından sonrakı vəziyyət” diaqnozu ilə göndərişin natamam doldurulması (ətraflı: Xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları mütəxəssis rəylərində ətraflı qeyd olunsun) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri. Postravmatik ensefalpatiya İİ mərhələ. Serebrovaskulyar çatmamazlıq. Servikalgiya. Sağ ənsə sinirinin travmatik nevralgiyası. Kəllədaxili hipertenziya. Veqetativ damar paroksizmaları ilə. Sağ baldırın kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Hərbi əməliyyatlar nəticəsində digər npv partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol baldır və kəllənin ənsə nahiyyəsinin kor qəlpə yarası (1994)” diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri” diaqnozu ilə diaqnoz öz təsdiqini tapmaması (ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərardan verilmiş şikayətə əsasən əyani müayinə keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2023cü il tarixdə “İddiaçı üçün verilmiş 31.08.23-cü il tarixli göndərişə Diaqnoz öz təsdqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın üzərinə ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİİ dərəcə əlillik və xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Yenidən qiymətləndirmə zamanı xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi, son olaraq xx.xx.2023-cü il tarixdə diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı iddia ərizəsini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini stasionar müalicə alması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. İddiaçı iddia müddətini ötürməsini stasionar müalicə alması ilə əsaslandırmasına baxmayaraq, cavabdeh orqanın imtinasını aldıqdan sonra məhkəməyə müraciət edənədək olan dövrdə stasionar müalicədə olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də hazırkı iş üzrə iddiaçının qeyd etdiyi iddia müddətini ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2023cü il tarixli qərarın ləğv edilməsi və ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar