Məhkəmə qərarları › İş №2-1(114)-3197/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3197/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3197/2025 19.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: НЗ seriyalı, ******* nömrəli hərbi biletindəki məlumata əsasən iddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan mübarizədə yaralılara tibbi yardım göstərmək məqsədi ilə ezam edildiyi (Əsas: N nömrəli h/h komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmri,çıx№ xx.xx.2020-ci il №N nömrəli nizami hissə üzrə əmri) qeyd edilmişdir. 172 saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Murovdağ silsiləsi olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissə Murovdağ silsiləsi Kəlbəcər istiqamətində hücum faktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra edərkən döyüş əməliyyatlarında tibb təminatı üzrə tapşırıqları yerinə yetirilməsində yaralılara ilkin tibbi yardımın göstərilməsində yaralıların çeşidlənməsində müalicə mərkəzlərinə çatdırılmasında bilavasitə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 276 nömrəli əmrindən çıxarışa əsasən Xəstələrin və yaralıların daşınması məqsədi ilə X2 MMC tibb müəssisəsindən həkim və sanitar avtomobillərin sürücüləri ezamiyyətə gəlmiş hesab edilsinlər – İddiaçı. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 277 nömrəli əmrindən çıxarışa əsasən Xəstələrin və yaralıların daşınması məqsədi ilə N nöməli hərbi hissənin aşağıdakı adları qeyd olunan mülkü işçiləri ezamiyyətə gəlmiş hesab edilsinlər və hərbi hissənin qaz təminatına qoyulsunlar – İddiaçı. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 287 nömrəli əmrindən çıxarışa əsasən Xəstələrin daşınması məqsədi ilə X2 MMC tibb müəssisəsindən ezamiyyətə gəlmiş həkim və sanitar avtomobillərin sürücüləri getmiş hesab edilsinlər - İddiaçı. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli N nömrəli əmrindən çıxarışa əsasən Xəstələrin və yaralıların daşınması məqsədi ilə ezamiyyətə gəlmiş N nömrəli hərbi hissənin aşağıda qeyd olunan mülki işçiləri getmiş hesab edilsinlər və hərbi hissənin qazan təminatından çıxarılsınlar– İddiaçı. N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 331 nömrəli əmrindən çıxarışa əsasən Xəstələrin və yaralıların daşınması məqsədiilə X2 MMC tibb müəssisəsində həkim və sanitar avtomobillərin sürücüləri ezamiyyətə N nömrəli hərbi hissəyə gəlmiş hesab edilsinlər– İddiaçı. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissənin 5-ci və 9-cu Zenit-raket divizionlarında döyüş əməliyyatları aparılan zaman xidmət keçməyi və döyüş əməliyyatları aparılan rayonlara ezam olunmağı barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı tərəfin dəlilləri: İmtina ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X2” MMC-də assistans xidməti üzrə mütəxəssis vəzifəsində işləyərkən müdiriyyətin E-047/20 nömrəli ezamiyyə əmri ilə 191,172 saylı hərbi hissələrə N gün müddətinə (N oktyabr 2020-ci ildən 11 oktyabr 2020-ci ilədək) ezam olunmuşdur. 172 saylı Hərbi Hissənin komandirinin 276 nömrəli, N oktyabr 2020-ci il tarixli əmri ilə onun ezamiyyəyə yerinə gəlməyi, 287 nömrəli, N oktyabr 2020-ci il tarixli əmri ilə oradan getməyi qeydə alınmışdır. Eləcə də N saylı hərbi hissə komandirinin N saylı, N oktyabr 2020-ci il tarixli əmri ilə hərbi hissəyə gəlməyi və N nömrəli, xx.xx.2020ci il əmri ilə oradan getməyi qeydə alınmışdır. Lakin xidmətinə rəğmən bu günə qədər ona “müharibə veteranı” adı və müvafiq vəsiqə verilməmişdir. O, “müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə çoxsaylı ərizələrlə müraciət etsə də, ona əsassız olaraq bundan imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun adının müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabadehə həvalə edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2-ci bəndinə əsasən. bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə 1-ci hissənin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə( bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara ( hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə) həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər( hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi ), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçıya müharibə veteranı adının verilməsindən imtina olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, məhkəmənin sorğusu ilə təqdim edilən “Müharibə veteranı “ adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barəsində təqdim etdiyi Arayış Məlumatda qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il )

1. hərbi hissə( müəssisə)-"xxxx" X3 MMC 2.vəzifəsi-təcili təxirəsalınmaz tibb yardım üzrə həkim feldşer 3.işlədiyi hərbi hissəyə ezam olunma və qayıtma – xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 4.Ezam olunduğu hərbi hissə - N nömərli 5.Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması -əmr №276. xx.xx.2020-ci il tarixdən, əmr № 287, xx.xx.2020-ci il tarixədək 6.İştirak etdiyi ərazilər: Kəlbəcər istiqamətində Murovdağ silsiləsi 7.Hansı qismində iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub: N nömrəli hərbi hissə Murovdağ silsiləsi Kəlbəcər istiqamətində hücum faktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra edərkən döyüş əməliyyatlarında tibb təminatı üzrə tapşırıqları yerinə yetirilməsində yaralılara ilkin tibbi yardımın göstərilməsində yaralıların çeşidlənməsində müalicə mərkəzlərinə çatdırılmasında iştirak etmişdir. Beləliklə, cavabdeh orqan tərəfindən təqdim edilən arayışla da məlum olur ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilərək, Kəlbəcər istiqamətində Murovdağ silsiləsində tibb təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak edib. Eyni zamanda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə müəyyən olunur ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr 2020-ci il tarixli 276 nömrəli əmri ilə iddiaçı ilə birgə ezam olunmuş şəxslər siyasında adları olan X4, X5 və X1 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qeyd edilən şəxslərə “Müharibə veteranı” adı verilmiş və “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. Məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar