Məhkəmə qərarları › İş №2-1(114)-3198/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3198/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3198/2025 24.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayonu Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Göygöl rayonu Qeydiyyat şöbəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək, xx.xx.2005-ci il ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-16-5/8-H/1- 730/2024 nömrəli məktubda bildirmişdir ki, təqdim edilən sənədlərdə vətəndaşın soyadı “Hüseynov” göstərilsə də, doğum haqqında akt qeydində soyadı “Hüseyinov” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-cü müddəasına əsasən, Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonda iddia tələbini dəqiqləşdirərək, doğum akt qeydində “Hüseyinov” kimi qeyd edilmiş soyadının “Hüseynov” kimi dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı doğum haqqında şəhadətnaməsi itdiyi üçün 2024-cü ilin sentyabr ayında cavabdehə doğum haqqında təkrar şəhadətnamə almaq məqsədi ilə ərizə ilə müraciət etmiş, cavabdeh orqan imtina etmiş və imtinada müraciətin sonuncu tərəfindən təmin edilə bilməyəcəyi və məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Belə ki, Cavabdeh tərəfindən aparılan yoxlama nəticəsində iddiaçının doğum akt qeydi ilə onun təqdim etdiyi sənədlər arasında uyğunsuzluğun aşkarlandığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-5/8-H/1-730/2024 nömrəli imtina məktubuna əsasən, iddiaçının təqdim etdiyi sənədlərdə soyadım "Hüseynov" göstərilməsinə baxmayaraq, doğum haqqında akt qeydində soyadım "Hüseyinov" olaraq qeyd edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək izahatında iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-182/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1960-cı il tarixli, 46 nömrəli (“45” rəqəmində “5” rəqəminin üzərindən “6” rəqəmi yazılmaqla) doğum aktı qeydinə əsasən, soyadı qrafasında “Hüseyinov”, adı qrafasında “Mehman” (ata qrafasında ad yeri boş saxlanılmaqla), anası qrafasında X2 göstərilmişdir (atası qrafası boş saxlanılmaqla). - xx.xx.2002-ci il tarixli, 08 nömrəli nikah haqqında akt qeydinə əsasən, kişi qrafasında xx.xx.1960-cı il təvəllüdlü İddiaçı və qadın qrafasında Əhmədova (evlənəndən sonra “Hüseynova”) Ruhiyyə Qəməddin qızı göstərilməklə, İİ-AZ, 014593 nömrəli şəhadətnamə verilmişdir. Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-195/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1971-ci il tarixli, 4 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən, kişi qrafasında X3 və qadın qrafasına Hüseyinova (evlənəndən sonra “Paşayeva”) Şahbaz Cahangir qızı göstərilməklə, 1.НЕ 514331 nömrəli şəhadətnamə verilmişdir: - xx.xx.1987-ci il tarixli, 11 nömrəli boşanma haqqında akt qeydinə əsasən, kişi qrafasında X4 və qadın qrafasında Paşayeva (boşanandan sonra “Hüseynova”) Şahbaz Cahangir qızı göstərilməklə, qeyd olunan akt Daşkəsən Rayon Məhkəməsinin xx.xx.1977-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-182/2025 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-195/2025 nömrəli məktubuna qoşma şəklində əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin - 158.1 və 158.2-ci maddələrinə əsasən. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; - 159.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; - 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; - 160.1 və 160.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas Müddəalarının - 1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir. İş materialların ilə müəyyən olunur ki, iddiaçı soyadının “Hüseynov” əvəzinə “Hüseyinova” kimi yazılması ilə bağlı cavabdeh orqana müraciət etmiş və ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini istəmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi təqdim edilən sənədlərdə uyğunsuzluğun olduğu, belə ki, iddiaçının doğum haqqında akt qeydində soyadı “Hüseyinov” kimi göstərilsə də, sonuncu tərəfindən inzibati orqana təqdim edilən sənədlərdə soyad “Hüseynov” olaraq göstərilmişdir. Bu səbəbdən də tələbin yetinə yetirilməsindən imtina edilmiş və müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçıya məxsus xx.xx.2002-ci il tarixli nikah haqqında akt qeydində onun soyadı “Hüseynov” olaraq göstərilmişdir. Həmçinin, onun xx.xx.1960-cı il tarixli doğum haqqında akt qeydində “ata qrafası”na heç bir məlumat əlavə edilməyərək boş qoyulmuş və xx.xx.1971-ci il tarixli nikahın bağlanması haqqında akt qeydində isə anasının, yəni X1 evlənməmişdən qabaq öz soyadının “Hüseyinova” kimi olduğu göstərilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının doğum haqqında akt qeydinin aparılmasına əsas onun anası X1 ərizəsi olmuş və iddiaçı soyadını ana tərəfindən olan qohumların soy köklərinə bağlı olan soyadı özünə “soyad” olaraq götürmüşdür. Daha sonra iddiaçının anasına məxsus xx.xx.1987-ci il tarixli boşanma haqqında akt qeydində sonuncunun soyadı “Hüseynov” olaraq qeyd edilmişdir. Əlavə olaraq, iddiaçının xx.xx.2002-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Göygöl rayon Polis şöbəsi tərəfindən verilmiş hər iki şəxsiyyət vəsiqələrində də onun soyadı “Hüseynov” olaraq qeyd edilmişdir. Göründüyü kimi iddiaçı və onun ailə üzvlərinin sənədlərində soyadları “Hüseyinov” kimi deyil, “Hüseynov” kimi qeyd edilmişdir. Bütün sənədlərdə soyadın "Hüseynov" kimi qeyd edildiyi halda, doğum haqqında akt qeydində “Hüseyinova” kimi olmasını məhkəmə əsaslı hesab etmir Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı doğum haqqında akt qeydində soyadı “Hüseyinov”dan “Hüseynov”a dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun - 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; - 24-2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; - 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; - 70.3-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu, Qızılca kəndində tərtib edilmiş xx.xx.1960-cı il tarixli, 46 nömrəli doğum akt qeydində soyadı qrafasında “Hüseyinov” sözünün “Hüseynov” kimi qeyd edilməklə düzəlişin edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar