Məhkəmə qərarları › İş №2-1(114)-32/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-32/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-32/2023 07.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X4 adına olan xx.xx.2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan dövlət reyestrindəki qeydin və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2004cü il tarixli 003356 nömrəli “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”sinə əsasən ünvan 1 ünvanında yerləşən bir mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi xx.xx.1999-сu il tarixli alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən X1 və bununla bağlı ona xx.xx.2000-ci il tarixli 000623 nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir. Daha sonra həmin qeyri-yaşayış sahəsi xx.xx.2004cü il tarixli 217065 nömrəli müqavilə əsasında iddiaçıya satılmışdır. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən həmin qeyri-yaşayış sahəsi barədə xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1632 saylı qanunsuz sərəncamlar verilmişdir. Həmin sərəncamlar əsasında X6 iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə tikdiyi qeyri-yaşayış sahəsinə xx.xx.2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli çıxarış əldə etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 52/2020 saylı qərarı ilə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1632 saylı sərəncamları ləğv edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi X4 adına verilmiş xx.xx.2017-ci il tarixli, **********76-06301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1632 saylı sərəncamları ləğv edilmişdir. Bu səbəbdən həmin sərəncamlar əsasında Dövlət Reyestrində aparılmış qeyd və bu qeydə əsasən verilmiş çıxarış ləğv edilməlidir. Həmin çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət edilsə də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-831/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-831/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə icraat təzələnmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 07 fevral 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxs iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Tərəflərin və üçüncü şəxsin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər və üçüncü şəxs onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. Faktiki xarakterli hərəkətlər inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərini (tədbirlərini) əhatə edir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən ilk öncə iddiaçının mübahisələndirdiyi **********76-06301 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğvini tələb etmək üçün subyektiv hüququnun olub-olmamasını müəyyən edilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər X6 və X5) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək mülkiyyətində olmuş və cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 2 ünvanında yerləşən, qeyri-yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1632 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-52/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamları ləğv edilmiş, iddia tələbi iddiaçının mülkiyyətində olmuş və cavabdehin qeyriqanuni hərəkətləri nəticəsində sökülmüş ünvan 2 ünvanında yerləşən, qeyri yaşayış sahəsinin və iki qarajın sökülməsinin qanunsuz hesab edilməsi, həmin əmlakları əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməmişdir. Üçüncü şəxs X2 İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 2-1(114)-52/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardan Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)- 151/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 52/2020 nömrəli 31 avqust 2020-ci il tarixli qərarı Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamlarının ləğv edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar çıxarılmış, iddia tələbi Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamlarının ləğv edilməsi hissəsində də təmin edilməmişdir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1418/2022 nömrəli qərarının surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-151/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qərarı “Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 16 fevral 2012-ci il tarixli, 48 saylı və 25 oktyabr 2013-cü il tarixli, 1631 saylı sərəncamlarının ləğv edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə mümkün sayılmamış, şikayət qalan hissədə rədd edilmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlardan görünür ki, hazırki, yəni 2-1(114)-32/2023 nömrəli iş üzrə mübahisənin həlli tamamilə həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən, yəni 2-1(114)-52/2020 nömrəli işdən asılı olduğundan iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 1418/2022 nömrəli qərarından isə görünür ki, iddiaçının ümumiyyətlə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 48 saylı və xx.xx.2013-cü il tarixli, 1631 saylı sərəncamlarının ləğvi tələbi ilə bağlı subyektiv hüququ olmamışdır. Belə ki, hazırki inzibati iş 2-1(114)-52/2020 nömrəli işdən asılı olduğundan və mübahisə predmeti olan **********76-06301 reyestr nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin verilməsi üçün əsas olmuş sənədlər də elə həmin sərəncamlar olduğundan iddiaçının həmin qeydin və çıxarışın mübahisələndirməsi üçün subyektiv hüququ olmadığı qənaətinə gəlinir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar