Məhkəmə qərarları › İş №2-1(114)-320/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-320/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-320/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) əmrin qismən ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlığından xaric edilməsinə dair 29.06.2021-ci il tarixli 158 nöməli əmrin qanunsuz hesab edilməklə, ləğv edilməsi və həmin məktəbə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.09.2021-ci il tarixli 2-1(112)-10049/2021 nömrəli qərardadı ilə cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 21.10.2021-ci il tarixli 2-1(112)- 10049/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. Liseyi oxuduğu 3 (üç) il ərzində daim nizam-intizam qaydalarına riayət etmiş və çavuş seçilmişdir. Vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, imtahanları müvəffəqiyyətlə vermişdir. Komandirləri və tağım yoldaşları ilə yüksək səviyyəli münasibətdə olmuşdur. Liseyi bitirdikdən sonra, 2020-ci ilin avqust ayında Bakı şəhərindəki Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kursuna qəbul olunmuşdur. Qəbul olunarkən idman normativlərini tam yerinə yetirmişdir. Bütün fənlərdən müvaffaqiyyətlə imtahanlardan keçmiş, lakin turnikdən dartınmada keçid balına çox yaxın balla kəsilmişdir. Daha sonra yenidən normativləri verəndə yenə kəsilmiş, 3-cü dəfə normativ yerinə yetirəndə normativi tam yerinə yetirmişdir. Buna baxmayaraq, o, normativi yerinə yetirənlərin siyahısına daxil edilməmişdir. Bundan sonra, iddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 29.06.2021-ci il tarixli 158 nömrəli əmri ilə məktəbdən xaric edilmiş və həqiqi hərbi xidmətə göndərilmək üçün 30.06.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmişdir. O, bu məktəbdə təhsil aldığı təxminən 1 il ərzində heç bir Nizamnamə pozuntusuna yol verilməmişdir, təhsildə və təlimdə həmişə müvəffəqiyətləri olmuşdur, fiziki cəhətdən tam sağlamdır. Məhkəmənin 21.02.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, məhkəmənin 19.04.2022-ci il tarixli qərardadı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 27.12.2021-ci il tarixli, 11/6082 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı Elburus oğlunun adına tərtib edilmiş xidməti xasiyyətnamədə onun mənfi xarakterizə olduğu qeyd edilmişdir. Həmçinin iddiaçının adına tərtib edilmiş xidməti vərəqəsindən müəyyən olunur ki, xidmət müddətində çoxlu intizam pozuntusuna yol vermiş və dəfələrlə intizam cəzasına məruz qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən təsdiq edilmiş 23.02.2021-ci il tarixli “2020-2021-ci il tədris ilinin 1-ci yarım ilində fiziki hazırlıq və idman fənni üzrə keçiriləcək aralıq qiymətləndirmənin nəticələri cədvəlində” iddiaçının 7 və 44 nömrəli çalışmalardan qeyri-kafi qiymət aldığı qeyd edilmişdir. Bundan başqa, iddiaçı və digər kursantlar 1-ci və 2-ci kəsr imtahanlarına cəlb edilmiş və hər iki imtahanda da qeyrikafi qiymət almışdır. İddiaçının Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən təsdiq edilmiş 14.03.2021-ci il tarixli “2020-2021-ci il tədris ilinin 1-ci yarım ilində fiziki hazırlıq və idman fənni üzrə keçiriləcək 1-ci kəsr qiymətləndirmənin nəticələri cədvəlində” 7 və 44 nömrəli çalışmalardan, habelə 06.04.2021-ci il tarixli “2020-2021-ci il tədris ilinin 1-ci yarım ilində fiziki hazırlıq və idman fənni üzrə keçiriləcək 2-ci kəsr qiymətləndirmənin nəticələri cədvəlində” isə 7 nömrəli çalışmadan qeyri-kafi qiymət aldığı qeyd edilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Azərbaycan Respublikası Müdafiə nazirinin “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında” 11 avqust 2015-ci il tarixli 33 nömrəli təlimatının (2.5.9. Kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar.) tələblərini rəhbər tutaraq fiziki hazırlıq fənni üzrə müvəffəqiyyət qazana bilməyən kursanların təkrar imtahan verməsinə müvafiq icazəni vermişdir. Lakin iddiaçı həmin imtahanda da müvəffəqiyyət qazana bilməmişdir. Onun fiziki hazırlıq fənni üzrə 7 nömrəli çalışmanı 6 (altı) dəfə yerinə yetirərək 40 bal topladığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən təsdiq edilmiş 29.04.2021-ci il tarixli “2020-2021-ci il tədris ilinin 1-ci yarım ilində fiziki hazırlıq və idman fənni üzrə keçiriləcək Şans qiymətləndirmənin nəticələri cədvəlində” öz əksini tapmışdır. Sadalananları nəzərə alaraq məktəb rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında” 11 avqust 2015-ci il tarixli 33 nömrəli təlimatına əsasən təhsildə müvəffəqiyyətsizliyə görə məktəbdən xaric edilməsinə dair iddiaçının barəsində haqlı qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər İddiaçı müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 29.06.2021-ci il tarixli 158 nömrəli əmrindən çıxarışdan görünür ki, kursdan xaric edilmiş və xidmət yeri müəyyən edilənədək maddi-texniki təminat taborunda saxlanılan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmrinə əsasən 29.06.2021-ci il tarixdən Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. -surəti işə əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 16.07.2021-ci il tarixli 1769 nömrəli məktubundan görünür ki, 2020/2021-ci tədris ili 1-ci yarımilin yekun qiymətləndirilməsinin nəticələrinə görə kursant İddiaçı fiziki hazırlıq fənnindən 23.02.2021-ci il aralıq imtahanı, 14.03.2021-ci il kəsir-1, 06.04.2021-ci il kəsir-2, 29.04.2021-ci il tarixində şans imtahanında turnikdən dartınma (7№li) çalışmadan imtahan vermiş, heç birindən müvəffəqiyyət qazana bilməmişdir. -surəti işə əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 16.08.2021-ci il tarixli 1985 nömrəli məktubundan görünür ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin 9.16.3-cü yarımbəndinə əsasən təhsildə müvəffəqiyyətsizliyə görə məktəbdən xaric olunmuşdur. -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 16.07.2021-ci il tarixli 26/V-344 nömrəli məktubundan görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin sabiq kursantı İddiaçı 23.02.2021-ci il tarixdə “fiziki hazırlıq” fənnindən qeyri-kafi qiymət aldığına görə ona 06.04.2021-ci il tarixdə birinci və 29.04.2021-ci il tarixdə ikinci kəsir imtahanı üçün şans verilmiş, 2 dəfə şans verilməsinə baxmayaraq rəhbər sənədlərdə nəzərdə tutulmuş vaxt və qaydada keçirilmiş kəsr imtahanlarında akademik borcunu aradan qaldıra bilmədiyinə görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin 9.16.3-cü yarımbəndinə əsasən “təhsildə müvəffəqiyyətsizliyə görə” məktəbdən xaric olunmuşdur. -surəti işə əlavə edilmiş İddiaçı xidmət vərəqəsindən görünür ki, 18.11.2020-ci il tarixdən 23.05.2021-ci il tarixədək müddətdə İddiaçı barəsində müxtəlif səbəblərdən ümumilikdə 11 dəfə intizam cəzası (məzəmmət, töhmət və şiddətli töhmət) tətbiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı 2020-ci ilin avqust ayında Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kursuna qəbul olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmrinə əsasən iddiaçının müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir və həmin əmrə əsasən qəbul edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin 29.06.2021-ci il tarixli 158 nömrəli əmri ilə kursdan xaric edilmiş və xidmət yeri müəyyən edilənədək 29.06.2021-ci il tarixdən Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmri qanunsuzdur və ona münasibətdə ləğv edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin:- -1.1-ci bəndində qeyd edilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. -1.3-cü bəndində qeyd edilmişdir ki,Məktəbin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq və müvafiq elmi sahələr üzrə tədqiqat işləri aparılmasını təşkil etməkdir. -1.4-cü bəndində qeyd edilmişdir ki, məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur. -6.1-ci bəndində qeyd edilmişdir ki, Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. Azərbaycan Respublikası Müdafiə nazirinin “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında” 11 avqust 2015-ci il tarixli 33 nömrəli Təlimatının:- -2.5.7-ci bəndində qeyd edilmişdir ki, cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirməsi 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı), onun bu fəndən akademik borcu olur və kəsir imtahanına qalır. Kəsir imtahanları xüsusi təyinatlı ali təhsil müəssisəsi rəisinin əmri ilə 2 (iki) həftə müddətində (qış imtahan sessiyası üçün-təhsilalanların ehtiyat həftəsində və qış tətili dovründə, yay imtahan sessiyası üçün isə - təhsilalanların məzuniyyətinin ilk iki həftəsində) təşkil olunur və keçirilir. Təhsilalanlar üçün xüsusi təyinatlı ali təhsil müəssisəsində 2 (iki) dəfə kəsir imtahanlarının keçirilməsi təşkil olunur. -2.5.8-ci bəndində qeyd edilmişdir ki, kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil ruiəssisəsindən xaric edilirlər. -2.5.9-cu bəndində qeyd edilmişdir ki, kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar. Təkrar kəsir imtahanının nəticəsinə görə yekun qiyməti 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı) təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. İş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi tərəfindən təsdiq edilmiş 23.02.2021-ci il tarixli “2020-2021-ci il tədris ilinin 1-ci yarım ilində fiziki hazırlıq və idman fənni üzrə keçiriləcək aralıq qiymətləndirmənin nəticələri cədvəlində” iddiaçının 7 və 44 nömrəli çalışmalardan qeyrikafi qiymət aldığı qeyd edilmişdir. Bundan sonra iddiaçı və digər kursantlar 1-ci və 2-ci kəsr imtahanlarına cəlb edilmiş və iddiaçı hər iki imtahanda da qeyri-kafi qiymət almışdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında” 11 avqust 2015-ci il tarixli 33 nömrəli təlimatının 2.5.9-cu bəndinin tələblərini rəhbər tutaraq fiziki hazırlıq fənni üzrə müvəffəqiyyət qazana bilməyən kursanların təkrar imtahan verməsinə müvafiq icazə vermiş, lakin iddiaçı həmin imtahanda da müvəffəqiyyət qazana bilməmiş, fiziki hazırlıq fənni üzrə 7 nömrəli çalışmanı 6 (altı) dəfə yerinə yetirərək 40 bal toplamışdır. Halbuki, fiziki hazırlıq fənni üzrə keçid balı 60 bal müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı təkrar kəsir imtahanlarına buraxılsa da, müəyyən olunmuş minimum keçid balını toplaya bilməmişdir. Bu hal isə “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında” 11 avqust 2015-ci il tarixli 33 nömrəli təlimatının 2.5.9-cu bəndinin tələblərinə əsasən iddiaçının “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsinə əsas vermişdir. Bundan əlavə müəyyən olunur ki, iddiaçının barəsində təhsilinin 18.11.2020-ci il tarixdən 23.05.2021-ci il tarixədək olan dövrü ərzində (təqribən 6 ay ərzində) müxtəlif səbəblərdən ümumilikdə 11 dəfə intizam cəzası (məzəmmət, töhmət və şiddətli töhmət) tətbiq edilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı təhsil aldığı dövrdə təlim, tədris və intizamı zəif kursant kimi xarakterizə olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona qarşı rəhbərlik tərəfindən qərəzli münasibət göstərildiyini bildirsə də təqdim edilmiş sübutlarla müəyyən edilir ki, sonuncu barəsində intizam cəzaları 18.11.2020 il tarixdən tətbiq edilməyə başlamışdır. Deməli, iddiaçı həmin dövrdən etibarən intizamsızlıq nümayiş etdirməyə başlamışdır. Bu hal isə rəhbərliyin qərəzli münasibətinin olması ilə bağlı arqumentin əsaslı olmadığını deməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Müdafiə Nazirliyinin 22.06.2021-ci il tarixli, 069 nömrəli əmri verilərkən qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin qismən ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar