Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-320/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1987-ci il tarixli 833 nömrəli qərarına əsasən iddiaçının “Sağ qamış sümüyünün içəri kondilusunun oynaqdaxili hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Ambulator, stasionar xəstənin tibb kartasından 2144/1075 nömrəli və 1698/614 nömrəli çıxarışlardan görünür ki, İddiaçı “Sağ qamış sümüyünün travmatik sınığından sonra diz oynağının kontrakturası, ağrılar və yerişin pozulması” diaqnozu ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Akademik Z.Məmmədov adına X10 Xəstəxanasında stanionar müalicədə olmuşdur.
3. İddiaçı ilkin olaraq Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-40288/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar).
4. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir.
5. X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişində (Forma 88) əsas diaqnoz:- “M24.5 Oynaqların kontrakturası, Sağ-qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması”, Ağırlaşmalar:- “R26 Hərəkətin və yerişin pozulmaları, Sağ ayağın kəksin funksiya pozulması yeriş funksiyasının pozulması ilə” və “R52.1 Müalicəyə tabe olmayan daimi ağrı sindromu”, Yanaşı xəstəliklər:- “F48.0 Nevrasteniya” kimi müəyyənləşdirilmişdir. Göndərişdə Rengenoqrafiyanın nəticəsi “null, Döş qəfəsinin R/skopiyasında – Ağ ciyərin bronx şəkili güclənib. Ağ ciyər kökü sərtləşib. Sinuslar sərbəstdir. Sağ diz oynağının R/qrammasında-sümük tamlığı pozulmuşdur, böyük qamış sümüyünün metaepifizinin köhnə bitişmiş sınığı, oynaq səthinin sklerozlaşması, oynaq yarığının daralması qeyd olunur, oynaq arası hündürlük qalınlaşıb. Nəticə: sağ qamış sümüyünün yuxarı 1/3-nin köhnə bitişmiş sınığı, sağ diz oynağının kontrakturası və artrozu” kimi qeyd edilmişdir.
6. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********1 nömrəli qərar qəbul edilmişdir.
7. İddiaçı Lətif oğlunun hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə həmin Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/2-A-4655/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müəyyən olunmuşdur ki, "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar" əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmusunuz. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barənizdə "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, sizin hazırkı obyektiv vəziyyətinizin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Oynaqların kontrakturası, Sağ-qamış sümüvünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası." diaqnozu - anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na və ağırlaşması əlilliyin təyininə əsas uyğun olaraq xx.xx.2022-ci il tarixindən "Diaqnoz əlillik təyin etmir " qərarı verilmişdir.
8. İddiaçı Lətif oğlunun hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə etdiyi müraciətə həmin Agentliyin xx.xx.2023-cü il tarixli 3-17-4/2-A-7378/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Agentlikdə komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq barəsində "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir. Belə ki, onun hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı göndərişdə qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq ediimiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlillik təyininə əsas verməmişdir. Hazırda səhhətidə ağırlaşma əmələ gəlibsə, dövlət tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, sağlamlıq vəziyyətini tam şəkildə əks etdirən göndəriş rəsmiləşdirildikdən sonra əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər.
9. Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Maqnit rezonans görüntüləmə müayinəsinin protokolunda müayinənin nəticəsi “Hər iki beyin hemisferi subkortikal, periventikulyar dərin ağ maddədə, sentrum semiovalelərdə çox sayda T2, FLAİR hiperintens xroniki mikroangiopmatik işemik qlioz ocaqlar və peritriqonal sahələrdə zəif intensivlikdə leukoaraisosis sahələri (Fazekas grade 2). Sağ alın payında xroniki dövr lakunar işemik insulta aid ətrafında qlioz sahəsi olan subsantimetrik ölçüdə kistik ensefalomalaziya sahəsi izlənilir. Sol alın pay sentrum semiovaledə 5x4 mm ölçüdə yarımkəskin dövr işemiş insut sahəsi” kimi qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-274487/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1987-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə əsasən xx.xx.2021-ci il tarixdən adıçəkilən şəxsin əlillik müddəti bitdiyi və yenidən əlilliyi müəyyən olunmadığı üçün həmin tarixdən pensiyanın ödənişi dayandırılmışdır.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-44135/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 202433 nömrəli pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-62286/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı pensiya işi materiallarına əsasən ona xx.xx.1987-ci il tarixdindən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.1995-ci il tarixədək ödənilmişdir. Həmçinin, 202433 nömrəli pensiyaçının uçot vərəqinə əsasən adıçəkilən şəxsə xx.xx.2008-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Əlavə olaraq bildirilir ki, pensiya işi materiallarında vətəndaşın xx.xx.1995-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək əlilliyi və ya əlilliyə görə pensiya alıbalmaması ilə bağlı məlumat aşkar edilməmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli T419/2024 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Gəncə Akad. Z.Məmmədov adına Xəstəxananın poliklinika şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0495003AAMSV saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş "Əsas xəstəlik: M24.5-Oynaqların kontrakturası. Sağ qamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması. Ağırlaşmalar: R26- Hərəkətin və yerişin pozulmaları. Sağ ayağın kəskin funksiya pozulması, yeriş funksiyasının pozulması ilə. R52.1- Müalicəyə tabe olmayan daimi ağrı sindromu." diaqnoz xəstənin anamnestik kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Qərardadın 2-ci bəndində sualda göstərilən diaqnozla yuxarıda qeyd edilən diaqnoz ümumən eynilik təşkil etsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər (aşağı ətraflarda reflekslər canlı, əzələ gücü 4,5 bal və tonusu dəyişiksiz, diz oynağında hərəkətlər aktiv, tam müəyyən edilmiş, eyni zamanda radikulopatiya əlamətləri izlənməmiş, əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası müəyyən edilməmişdir) əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ikinci qrup əlili olaraq ona Prezident təqaüdünün verilməsinin dayandırılmasının qanunsuz hesab edilməsinə, 2-ci qrup əlilliyinin və Prezident təqaüdünün verilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1967-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Hal-hazırda Gəncə şəhərində məskunlaşmışdır, ailəlidir, 3 övladı var. Məlum edir ki, o, 1985-ci ildə Daşkəsən Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. X2 şəhərində 6 ay hərbi təlim keçdikdən sonra 1986-cı ildə Əfqanistana yollanılaraq, 1 il 2 ay gedən döyüşlərdə iştirak etmişdir. Terror hücumu zamanı təcili yerdəyişmə edərkən yüksək qayalıqlardan yıxılmışdır. Həmin zaman ağır bədən xəsarətləri alaraq "sağ qamış sümüyünün travmatik sınığı, diz oynaqlarının kontrakturası və yerişin pozulması", həmçinin sinir əsəb dioqnostikası ilə hərbi xidmətə yararsız hesab olunaraq hərbi xidmətdən təxris olunmuşdur. Onun ambulator, stasionar tibbi kitabçasından çıxarışdan da görmək olar ki, bu günə kimi müayinə və müaliəsi ardıcıl olaraq davam etdirilir. Sonuncu dəfə sinir pozuntusu ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə X9 Xəstəxanasında müayinə olunan zaman "sol alın pay sentrum semiovaldə 5x4 mm ölçüdə yarımkəskin dövr işemik insult sahəsi" aşkarlanmışdır. Komissiya tərəfindən hərbi xidmətə yararsız, əmək qabiliyyətsiz olmağı haqqında qərar verilmiş və o, 2008-ci ildən 2-ci qrup əlili kimi pensiya çıxarılmışdır. Lakin ona pensiya verilişi 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq o, aidiyyatı üzrə müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə olunduqdan sonra xx.xx.2022-ci il tarixli diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas verməməsi haqqında qərar yanlış qəbul olunmuşdur. Onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair imtinası xx.xx.2023-cü il tarixdə ona rəsmi qaydada təqdim olunmuşdur. Ailəsi çox kasıb yaşayır, ailəsinin yeganə gəlir mənbəyi onun aldığı pensiyadır. Az təminatlı ailə olaraq onların başqa yerdən gəlir mənbələri yoxdur. Hal-hazırda özü isə sinir və psixotrap dərmanlardan mütəmadi olaraq istifadə edir. Onu da qeyd edir ki, təkrar müayinəsi üçün dəfələrlə rəsmi qaydada aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsə də, onun yenidən təkrar müayinə olunmağından dolayısı yollarla imtina edilmişdir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin xx.xx.2024-cü il tarixl qərardadı ilə hazırki iddia tələbi “İddiaçı müddətsiz 2-ci dərəcə əlilliyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
18. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət bərpa edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. İddiaçı və onun vəkil olannümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
30. Etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası əsasında (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Gəncə şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0495003AAMSV nömrəli göndərişi qiymətləndirilmiş və Göndəriş natamam doldurulduğundan Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı SSRİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1987-ci il tarixli 833 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ qamış sümüyünün içəri kondilusunun oynaq daxili, hissələrinin yerdəyişməsi ilə sınığından sonra sağ diz oynağının kombinə olunmuş kontrakturası. Konsolidə olunmuş sınıq. Ətraf funksiyasının mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizindəki hərəki məhdudluqdan şiakyətlənmiş, aşağı ətraflarda reflekslər canlı, əzələ gücü ~4,5 bal və tonusu dəyişiksiz, diz oynağında hərəkətlər aktiv, tam müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmişdir. Hazırda əlillik təyinatına əsas verən hərəki məhdudluq və əzələ atrofiyası müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Ekspert rəyi; - Ambulator, stasionar xəstənin tibb kartasından 2144/1075 nömrəli və 1698/614 nömrəli çıxarışlar; - Məhkəmənin sorğusuna DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-40288/2024 nömrəli cavab məktubuu və ona əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarı; - X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi (Forma 88); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-A-4655/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-4/2-A- 7378/2023 nömrəli cavab məktubları; - Mərkəzi Klinikanın xx.xx.2023-cü il tarixli Maqnit rezonans görüntüləmə müayinəsinin protokolu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-274487/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-44135/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-62286/2024 nömrəli cavab məktubu;
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı ilkin olaraq hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar xx.xx.2008-ci il tarixdə 1 il müddətinə üçüncü dərəcə, daha sonra eyni səbəbli əlaqə ilə xx.xx.2009-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2010-cu il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2013-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (DSMF-nun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-40288/2024 nömrəli məktubuna əlavə edilmiş TSEK-in müayinə aktlarından çıxarışlar). Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə X8 Məmmədov adına Xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 – Oynaqların digər zədələnmələri => M24 – Oynaqların digər spesifik zədələnmələri; Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağqamış sümüyünün travmatik sınığından sonrakı diz oynağının kontrakturası. Sağ ayağın kəskin funksiya pozulması. Ağrılar və yerişin pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssis rəyləri, xəstənin hazırki vəziyyəti, əsas xəstəliyin ağırlaşmalarını təsdiq edən müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə **********1 nömrəli qərar qəbul edilmişdir.
34. Göründüyü kimi, iddiaçıya xx.xx.2008-ci il tarixdən etibarən fasiləsiz olaraq 13 il ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə: Bənd 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
38. Hazırkı işdə iddiaçının ikinci dərəcə əlilliyinin 10 il fasiləsiz olaraq müəyyən edilməsinə istinad edərək, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir.
39. İş materialları ilə iddiaçının 13 il, yəni 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur.
40. Həmçinin ona sonuncu göndərişdə qoyulmuş diaqnozun əvvəllər əlillik təyinatı üçün əsas olmuş diaqnozla eyni olması, hətta ağırlaşma hallarının olması müəyyən edilir.
41. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməli olduğu halda bunu etməmişdir.
42. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.
43. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
44. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-cü il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva