Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3200/2023 02.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya xx.xx.2009-cu il tarixdə prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə pensiya təyin edilmişdir.
2. İddiaçı xx.xx.2011-ci ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləyir.
3. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-7117/2023 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 1226,23 manat məbləğində, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar xx.xx.2023-cü il tarixindən 1547,14 manat məbləğində müəyyən edilmişdir.
4. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı ilə bildirilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 4 noyabr 2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 1 dekabr 2019-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 900,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 405,00 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələri 597,92 manat olmaqla orta aylıq əmək haqqı 2032,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2032,92 manat) 80 faizi-1626,34 manat məbləğində hesablanıb. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (1626,34 manat) sığorta hissəsi tam (266,38 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34-266,38=1359,96x50%=679,98 manat) olmaqla əmək pensiyası ümumilikdə 946,36 manat (266,38+679,98) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə 2019-cu ilin dekabr ayı üzrə ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona 679,97 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına uyğun indeksləşdirilərək 1 yanvar 2020-ci il tarixindən 310,60 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (310,60 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34- 310,60=1315,74x50%=657,87 manat) olmaqla əmək pensiyası ümumilikdə 968,47 manat (310,60+657,87) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7894,32 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2021-ci il tarixindən 346,01 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (346,01 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34- 346,01=1280,33x50%=640,17 manat) olmaqla ümumilikdə əmək pensiyası 986,18 manat (346,01+640,17) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 7681,80 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının sığorta hissəsi indeksləşdirilərək 1 yanvar 2022-ci il tarixindən 357,78 manat müəyyən edilib. Nəticədə əmək pensiyasının sığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1626,34-357,78=1268,56x50%=634,28 manat) olmaqla ümumilikdə əmək pensiyası 992,06 manat (357,78+634,28) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona ödənilib. Bu səbəbdən də həmin dövr ərzində ona 6976,97 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən etibarən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1185,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 533,25 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 770,10 manat olmaqla orta aylıq əmək haqqı 2618,35 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 25 il qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınıın (2618,35 manat) 80 faizi-2094,68 manat məbləğində hesablanıb. Eyni zamanda işləyən əmək pensiyaçısı olduğu üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyasının (2094,68 manat) sığorta hissəsi tam (357,78 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (2094,68-357,78=1736,90x50%=868,45 manat) olmaqla əmək pensiyası ümumilikdə 1226,23 manat (357,78+868,45) məbləğində hesablanmalı olduğu halda, 1626,33 manat məbləğində müəyyən edilməklə 2022-ci ilin dekabr ayında ona ödənilib. Bu səbəbdən də həmin ay üzrə ona 400,10 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 1348,85 manat müəyyən edilib. Həmin Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1547,14 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona cari ilin yanvar ayı üzrə 1547,14 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin ay üzrə 1788,96 manat ödənilib. Bu səbəbdən də ona həmin ay üzrə 241,82 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23874,98 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 23874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 1213,92 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 1951,60 manat ödənilib. Nəticədə ona maddi yardım üzrə 737,68 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin pul vəsaiti cari ilin fevral ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.
5. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən sözügedən Qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə (20.1.4-cü maddə də daxil olmaqla) göstərilən vəzifələrdə (hakim vəzifəsi daxil olmaqla) çalışdıqda 50 faiz həcmində ödənilir. Hazırda hakim kimi fəaliyyət göstərdiyindən pensiyasının qulluq stajına görə əlavə hissəsi 50 faiz miqdarında ödənilir. Eyni zamanda bildirilir ki, aparılan araşdırma nəticəsində pensiya məbləği cari ilin fevral ayından etibarən 1547,14 manata azaldılıb, həmçinin ona xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23874,98 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 23874,98 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasını qanunsuz hesab edib, prokurorluq orqanlarında qulluq stajına görə ona təyin olunmuş pensiyasına əlavələrin 01 yanvar 2023-cü il tarixdən davam etməklə tam məbləğdə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ilin oktyabr ayından prokurorluq orqanlarında müstəntiq vəzifəsində çalışmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında 25 il qulluq etməklə güzəştli şərtlərlə əmək pensiyası hüqüqu olan şəxs kimi ona Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 04 noyabr 2009-cu il tarixdə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» 7 fevral 2006-cı il tarixli Qanunun 20.1.5-ci maddəsinə əsasən prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən edilmişdir. Həmin Qanunun 10 mart 2017-ci il tarixə qədər qüvvədə olmuş redaksiyasının 37.3.4-cü maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Qanunun həmin tələbinə tam uyğun olaraq onun 2009-cu ilin noyabr ayından 2011-ci ilin yanvar ayınadək prokurorluq orqanlarında çalışmaqda davam etdiyi nəzərə alınaraq, düzgün olaraq onun qulluq stajına görə əmək pensiyasına əlavələr 50 faiz həcmində hesablanmışdır. 01 yanvar 2011-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmağı ilə əlaqədar olaraq prokurorluq orqanlarından xaric olunduğundan, yəni digər hal meydana gəldiyindən, artıq prokurorluq orqanlarında çalışmadığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun həmin dövrdə qüvvədə olmuş redaksiyasının 37.3.4-cü maddəsinin tələbinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr həmin tarixdən etibarən tam məbləğdə hesablanmaqla ödənilmişdir. 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə dəyişiklik edilməklə həmin maddə aşağıdakı məzmunda yazılmışdır: “Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə (20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulur) qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir”. «Digər hallarda isə tam məbləğdə ödənilir» cümləsi Qanundan xaric edilmişdir. Qanunda edilmiş həmin dəyişiklik onun qulluq stajına görə əmək pensiyasına tətbiq olunmadığından xx.xx.2023-cü il tarixədək olan müddətdə əmək pensiyasına əlavələr tam məbləğdə hesablanıb ödənilməkdə davam etmişdir. Lakin 2023-cü ilin yanvar ayında qulluq stajına görə əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 37.3.4-cü maddəsinə istinad olunmaqla, işləyən əmək pensiyaçısı kimi əmək pensiyasına əlavələr 50 faiz miqdarında hesablanmaqla, əmək pensiyasının məbləği qanunsuz olaraq azaldılmışdır. O, prokurorluq orqanlarda qulluq stajına görə təyin edilmiş əmək pensiyasına əlavələrin 2023-cü il yanvar ayının 1-dən etibarən tam məbləğdə deyil, 50 faiz miqdarında hesablanmasını qanunsuz hesab edərək, yenidən hesablanmaqla ödənilməsi barədə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 04 aprel 2023-cü il tarixli və 12 may 2023-cü il tarixli məktublarla onun tələbini təmin etməmişdir. Eyni zamanda guya ona xx.xx.2019-xx.xx.2023-cü il tarixlər arasında 23874,98 manat məbləğində artıq pul vəsaitinin ödənildiyini qeyd edərək artıq ödənilmiş pulun pensiyasından tutulmasına razılıq ərizəsi verməyi tələb etmişdir. Cavabdeh imtina məktubunda onun prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş əmək pensiyasına əlavələrin 50 faiz miqdarında hesablanmalı olmasını, «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasə hakim vəzifəsində çalışmağında əsaslandırmışdır. Həmin Qanunun 20.1.4-cü maddəsində isə göstərilmişdir ki, Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. O, əmək pensiyası yaşına çatmış hakim deyil, İ dərəcə əlil müəyyən edilmiş sabiq hakim də deyil. O, hazırda hakim vəzifəsində çalışır. Ona əmək pensiyası hakimlik fəaliyyəti ilə bağlı deyil, güzəştli şərtlərlə pensiya alan şəxs kimi, prokurorluq orqanlarında 25 il qulluq etməklə qulluq stajına görə əlavə təyin edilmiş şəxs olduğuna görə Qanunun 20.1.4-cü maddəsi ona münasibətdə tədbiq edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə 10 mart 2017-ci il tarixli dəyişikliyindən sonra göstərilmişdir ki, Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə 20.1.5-də prokurorluq işçiləri nəzərdə tutulmuş qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Hesab edir ki, 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş bu dəyişiklik onun prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faizə endirilməsi, pensiyasının azaldılması üçün əsas ola bilməz. Çünki, o, prokurorluq orqanlarından 10 mart 2017-ci il tarixdən əvvəl, yəni 2011-ci ildə xaric olunmuş və əmək pensiyasına əlavələr tam məbləğdə ödənilməyə həmin vaxtdan başlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit edildiyi kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklikliyə əsaslanmaqla, onun qulluq stajına görə əmək pensiyasına edilən əlavənin 50 faizə endirilməsi qanuna zidd hesab edilməli və onun üzərinə xx.xx.2023-cü il tarixdən əlavənin tam ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməlidir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
10. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
12. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
15. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehin imtinasını qanunsuz hesab edib, onun pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-7- 7117/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edib, cavabdehin üzərinə prokurorluq orqanlarında qulluq stajına görə ona təyin olunmuş pensiyaya əlavələrin 01 yanvar 2023cü il tarixdən davam etməklə, tam məbləğdə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. İddiaçının vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.
20. Etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmış (bu qərarın 3-cü bəndi), əlavə olaraq cavabdeh orqanın müvafiq qərarının qanunauyğun olduğu bildirilmişdir.
21. Etiraza əlavə isə onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona prokurorluq orqanlarında qulluq stajına görə təyin olunmuş pensiyaya əlavələrin tam məbləğdə ödənilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat uzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla bağlı qeyd edilir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilib. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb və nəticədə pensiya məbləği cari ilin fevral ayından etibarən 1547,14 manata azaldılıb, həmçinin adıçəkilən şəxsə xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23874,98 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildirilir ki, qeyd olunan artıq ödəmə ilə bağlı İddiaçı əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir. Əlavə olaraq bildirilir ki, aparılan araşdırma nəticəsində xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən ümumilikdə 1213,92 manat məbləğində maddi yardım ödənilməli olduğu halda, 1951,60 manat ödənildiyi müəyyən edilib. Nəticədə İddiaçı maddi yardım üzrə 737,68 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-70945/2023 nömrəli, xx.xx.2023cü il tarixli 3-17-1/2-N-106287/2023 nömrəli məktubları; - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-7117/2023 nömrəli qərar. Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilmməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Fondun Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 4 noyabr 2009-cu il tarixində prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2011-ci ildən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləməyə başladığından onun pensiyasına qulluq əlavələri tam şəkildə ödənilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 1226,23 manat məbləğində, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilmə ilə əlaqədar 1547,14 manat məbləğində müəyyən edilmişdir.
25. Yenidən hesablama zamanı iddiaçının əmək pensiyasına əlavələr tam məbləğdə deyil, 50 faiz həcmində hesablanmışdır və hazırkı mübahisə də məhz bununla bağlı yaranmışdır.
26. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, iddia edir ki, 10 mart 2017-ci il tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilmiş bu dəyişiklik onun prokurorluq orqanlarında qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faizə endirilməsi, pensiyasının azaldılması üçün əsas ola bilməz. Çünki, o, prokurorluq orqanlarından 10 mart 2017-ci il tarixdən əvvəl, yəni 2011-ci ildə xaric olunmuş və əmək pensiyasına əlavələr tam məbləğdə ödənilməyə həmin vaxtdan başlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit edildiyi kimi, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilə bilməz.
27. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.
28. Belə ki, iddianın mahiyyətindən də göründüyü kimi, hazırkı mübahisə iddiaçının qulluq stajına görə əmək pensiyasına əlavələrin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 37.3.4-cü maddələrinin müddəalarına müvafiq olaraq ona tam deyil, 50 faiz həmcində ödənilməsi ilə bağlıdır.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixədək qüvvədə olan redaksiyasında deyilir ki: Maddə 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri. Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri. Maddə 37.3.4. Bu Qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
30. xx.xx.2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 37.3.4-cü maddəsinə dəyişiklik edilmiş və yeni redaksiya aşağıdakı şəkildə verilmişdir: Maddə 37.3.4. Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
31. Göründüyü kimi, həmin Qanuna edilmiş dəyişikliyə əsasən 37.3.4-cü maddədən “Digər hallarda isə tam məbləğdə ödənilir” cümləsi xaric edilmişdir.
32. Buna görə də, iddiaçının qulluq stajına görə əmək pensiyası yenidən hesablanan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 37.3.4-cü maddəsinin tələblərinə əsasən iddiaçının əmək pensiyasının qulluq stajına görə əlavəsinin məbləği 50 faiz həcmində müəyyən edilmişdir.
33. İddiaçının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinə edilən 10 mart 2017-ci il tarixli dəyişiklik onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün ona münasibətdə tətbiq edilməsinin qeyri-mümkünlüyü və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı irəli sürdüyü dəlilə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının hüquqi vəziyyətinə uyğun olaraq - digər hallarda pensiyaya qulluq əlavəsinin tam məbləğdə ödənilməsi ilə bağlı müddəa onun pensiyasının yenidən hesablandığı dövrdə mövcud olmadığından (artıq ləğv olunduğundan) iddiaçı köhnə tənzimləmə normasına istinad edərək, ona əlavə hüquqlarının verilməsini tələb edə bilməz.
34. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmadığından, iddia tələbi təmin edilməməlidir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva