Məhkəmə qərarları › İş №2-1(114)-3205/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3205/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3205/2025 02.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə anadan olmuşdur. xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək N №-li hərbi hissənin nizami hissənin kargüzar operatoru, 10 oktyabr 2015-ci ildən hal-hazıradək isə N №-li hərbi hissədə maliyyə xidmətinin mühasibi vəzifəsində işləyir. Vətən müharibəsi dövründə o da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşdur. 44 gün ərzində o demək olar ki, N №li hərbi hissənin tərkibində xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş, hərbi hissənin kazarmasının mühafizə edilməsində yaxından iştirak etmişdir. İddiaçı hesab edir ki, o, N №-li hərbi hissənin madditexniki təminat təsərrüfat taqımının xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin o faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmirəmOna görə də mən qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının katibi polkovnik-leytenant Hafiz Cəbiyevin imzası ilə ona göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-25-14/2-M-2xx-xx/2025 №-li məktubla imtina cavabı verilmiş və imtina məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissənin yerləşdiyi ərazi (Tərtər rayonu) AR NK-nin xx.xx.1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin vaxt qüvvədə olan 1-ci (müharibə veteranı) bəndinin 10-cu abzasında qeyd olunan ərazi meyarlarına uygun gəlmədiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədə uyğun hesab edilməmişdir. İddiaçı cavabdehin həmin imtina məktubunu onun qanunsuz və əsassız hərəkətləri hesab edir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin” verilməsi üzrə komissiyanın xx.xx.2025-ci il tarixli 3-25-14/2-M-2xx-xx/2025 nömrəli məktubuna əsasən iddiaçının işlədiyi N nömrəli hərbi hissənin yerləşdiyi ərazi (Tərtər rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə və işçi əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Lakin hazırkı iş materiallarında iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə sadalanan hallar mövcud deyildir. İddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarında iştirakı və ya döyüş tapşırığı ilə əlaqədar hallar hər hansı sübutla təsdiq edilmir. Belə ki, iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən hərbi biletlər (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi iş, ezamiyyət vəsiqəsi, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əks edilməmişdir. Əksinə olaraq, N nömrəli hərbi hissənin xx.xx.2025-ci il tarixli 3-25-150/2-379/2025 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 054 nömrəli "Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına şəxsi heyətin cəlb olunması haqqında əmrində İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat olmamış və onun döyüş əməliyyatları üzrə təminatlara cəlb olunması barədə hər hansı bir sənəd mövcud deyildir. Həmçinin, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)- 3205/2025 nömrəli sərəncamına cavab olaraq Azərbaycan Ordusunun "Vətən Müharibəsi" zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyi bildirilmişdir. N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsinə baxmayaraq, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Həmçinin, N nömrəli hərbi hissənin məktubunda İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat olmadığı qeyd edilmişdir. Bundan başqa, N nömrəli hərbi hissə Tərtər rayonunda yerləşmiş, iddiaçı hərbi qulluqçu olmamış, qeyd edilən hərbi hissənin maliyyə xidmətinin müsahibi olaraq işçi əmək funksiyasını yerinə yetirmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı konkret heç bir sübutla təsdiq edilmir. Bundan başqa, qanunvericilikdə təsbit edilmiş təminat növləri, o cümlədən, mənəvi-psixoloji, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Hansı ki, iddiaçı tərəfindən yuxarıda sadalanan işlər, heç bir sübutla təsdiq edilmir. Cavabdeh hesab edir ki, iddiaçının mülki şəxs olaraq Vətən Müharibəsi dövründə hərbi hissənin maliyyə xidmətinin müsahibi olaraq işçi əmək funksiyasını yerinə yetirməsi "döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları 0597130 nömrəli Əmək kitabçasından görünür ki, İddiaçı 14 oktyabr 2015-ci il tarixdən N №-li hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsində, xx.xx.2015-ci il tarixdən Nizami hissənin kargüzar vəzifəsində işləmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı 14 oktyabr 2015-ci il tarixdən hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsinə işə qəbul edilmişdir. Müdafiə Nazirliyi N №-li hərbi hissənin arayışından görünür ki, mülki işçi İddiaçı həqiqətən xx.xx.2015-cı il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissənin nizami hissənin kargüzar-operatoru vəzifəsində, xx.xx.2015-ci il tarixdən isə maliyyə xidmətinin mühasibi vəzifəsində işləyir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə işlədiyi N nömrəli hərbi hissənin yerləşdiyi ərazi (Tərtər rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə və işçi əmək müqaviləsi üzrə öz əmək funksiyasını yerinə yetirdiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyi N №-li hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 054 nömrəli “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına şəxsi heyətin cəlb olunması haqqında əmrin”də İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat olmadığı üçün onun döyüş əməliyyatları üzrə təminatlara cəlb olunması barədə hər hansı bir sənədi məhkəməyə göndərmək mümkün olmamışdır. Tətbiq edilən hüquq Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10cu abzasında nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd olunan normanın mənasına görə, Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilən ərazilərdə hərbi hissənin tərkibində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissənin mülki işçilərinə, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı verilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2015-cı il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissənin nizami hissənin kargüzar-operatoru vəzifəsində, xx.xx.2015-ci il tarixdən isə maliyyə xidmətinin mühasibi vəzifəsində işləyir. Məhkəmə sorğusuna N nömrəli hərbi hissənin cavab məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 054 nömrəli “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarına şəxsi heyətin cəlb olunması haqqında əmrin”də İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat olmadığı üçün onun döyüş əməliyyatları üzrə təminatlara cəlb olunması barədə hər hansı bir sənədi məhkəməyə göndərmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı İİ Qarabağ Müharibəsi zamanı N nömrəli hərbi hissənin maliyyə xidmətinin mühasibi vəzifəsində əmək müqaviləsi əsasında mülki işçi kimi işləmişdir. İddiaçının N nömrəli hərbi hissənin tərkibində və ya başqa hərbi hissəyə (bölməyə, orqana) ezam olunmaqla xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları zamanı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında göstərilən ərazilərdə döyüş əməliyyatlarının təminatları üzrə tapşırıqları yerinə yetirməsi müəyyən olunmur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar