Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3206/2025 06.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «artıq tutulmuş pul vəsaitinin geri qaytarılması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «artıq tutulmuş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın onun əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı etdiyi hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona xx.xx.2025-ci il tarixli məktub göndərilərək bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafıq hesablamalar aparılarkən artıq ödəmə məbləğinin yalnız son üç il üçün müəyyən edilmişdir. Belə ki, 01 yanvar 2022-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 510.00 manat, rütbəyə görə əlavələr 134.00 manat, qulluq illərinə görə əlavələr 322.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavələr 294.63 manat olmaqla orta aylıq əmək haqqınız 1260.63 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Qanunun 20.10.2-ci maddəsinə əsasən 39 il 1 ay 13 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqının (1260.63 manat) 80 faizi-1008.50 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 1133.07 manat məbləğində köçürülmüşdür. Buna görə də 1494.84 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 1272.43 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 1429.59 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə ümumilikdə 1885.92 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyalarının növbəti dəfə 01 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar pensiyanın həmin tarixdən 1414.94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə hər ay 1589.71 manat məbləğində ödənilmişdir. Bu səbəbdən həmin dövr üzrə ümumilikdə 2097.24 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala t\qdim edilməsi xahiş edilmişdir. Əlavə olaraq maddi yardım üzrə 2022-ci İl üçün mənə 149.52 manat artıq pul vəsaiti ödənildiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edir ki, 2014-cü ildə ona pensiya cavabdeh inzibati orqanın özünün təşəbbüsü ilə təyin edilmişdir. Onun tərəfindən inzibati orqana heç bir təhrif edilmiş sənədlər təqdim olunmamışdır. Hesab edir ki, ondan tutulmalar olması qanunsuzdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbi ilə bağlı göstərdi ki, iddiaçının pensiyasından hər hansı tutulma edilməmişdir. Sadəcə olaraq iddiaçının pensiyası yenidən hesablanmış və yeni qərara uyğun olaraq ödənilir. İddiaçı isə zənn edir ki, bu tutulmadır. Doğrudur ki, iddiaçıya təmsil etdiyi qurum tərəfindən ümumi 5478 manat artıq ödəmə edilmişdir. Həmin vəsaitin geri qaytarılması üçün isə məktub göndərilmişdir ki, iddiaçı buna razılıq versin. Hətta tutulmaların aparılmamasına görə iddiaçı tərəfindən edilmiş müraciət üzrə müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad belə qəbul edilmişdir. Bir sözlə iddiaçının əmək pensiyasından hər hansı tutulma olmamışdır. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Belə ki, məhkəmə iclasında təsdiqin tapmışdır ki, iddiaçının əmək pensiyasından hər hansı tutulma olmamışdır. Doğrudur ki, artıq ödəmə cavabdeh orqan tərəfindən müəyyən edilərək bunun həyata keçirilməsi üçün yazılı razılığın verilməsi barədə məktub göndərilmişdir. Lakin bu o demək deyildir ki, iddiaçının pensiyasından tutulma edilmişdir. İddia tələbinin xahiş etdi hissəsindən də məlum olur ki, tələb qeyrimüəyyəndir. Məhkəmə bu halın araşdırılması üçün məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilməsi üçün real addımlar atmış və iddiaçıdan hansı məbləğdə pul vəsaitinin cavabdeh orqandan alınması üçün tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Lakin iddiaçı onun əmək pensiyasından hansı miqdar pulun tutulmasını izah edə bilməmişdir. Çünki iddiaçının əmək pensiyasından tutulma olmamışdır ki, ididaçı da məhz həmin məbləğin geri qaytarılmasının tələb etsin. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardadı ilə cavabdeh orqana iddiaçının pensiyasından tutulmaların aparılması qadağan edilmişdir. Göründüyü kimi iddiaçının pensiyasından tutulmaların aparılması mümkünsüzdur. Belə olan halda isə iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Çünki iddiaçının əmək pensiyasından hər hansı tutulma olmamışdır ki, ididaçı da hüquqlarının pozulmasını iddia edib məhkəmədən pozulmuş hüquqlarının bərpasını tələb etsin. Məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «artıq tutulmuş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-3206/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3206/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver