Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-321/2024 17.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. SSRİ Kənd Təsərrüfatı Nazirliyi “İstixana Birliyi” X15 Kombinatının xx.xx.1985-ci il tarixli 20 nömrəli orderinə əsasən Kirovabad (Gəncə) şəhərində yerləşən 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin 5 otaqdan ibarət 7 nömrəli mənzili İddiaçı yaşamaq üçün verilmişdir.
2. "xxxx" ASC-nin İdarə Heyətinin arayışına əsasən Samux rayonu, İstixana kəndində fəaliyyət göstərən X17 Kombinatı 30 iyul 2002-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 030 Aı-78 saylı sərəncamına əsasən fəaliyyətini dayandırmış və onun bazasında "xxxx" ASC yaradılmışdır. X1 arxivində olan sənədlər yeni yaradılmış "xxxx" ASC-nə təhvil verilməmişdir. Odur ki, müvafiq sənədləri almaq üçün Gəncə şəhərinin arxivlər idarəsinə müraciət etməyi tövsiyyə olunmuşdur.
3. Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışına əsasən İddiaçı Ziyadlı bələdiyyəsinin İstixana kəndində yerləşən ikimərtəbəli binada ev 9, etaj 2, mənzil 7-də 59.44 kv.m sahəli mənzili vardır və həmin evdə yaşayır. Həmin yaşayış mənzilinin arxiv sənədləri ilə bağlı Ziyadlı bələdiyyəsində heç bir sənəd yoxdur.
4. Azərbaycan Respublikası X19 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-H- 626//8/2023 nömrəli məktubunda göstərilmişdir ki, X2 arxiv sənədləri X19 Filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.
5. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Samux rayonu, İstixana qəsəbəsində yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4488/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş xx.xx.1985-ci il tarixli 20 saylı orderin Kirovabad şəhər İstilik Kombinatı tərəfindən verildiyi, lakin həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas olmuşdur. Odur ki, ərizəsinin icrasından imtina edilir.
6. Samux Rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 116 nömrəli arayışından məlum olur ki, İddiaçı və ailəsinə məxsus Samux rayon İstixana kəndində yerləşən bina 9, mərtəbə 2, mənzil 7-də qeydiyyatında olanlar və yaşayanlar aşağıda adları qeyd olunanlardır: - İddiaçı - X13 - X6 - X7 - X8 - X9 - X10 - X16.
7. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrdən məlum olur ki, X13, X6, X7 və X8 xx.xx.1985-ci il tarixli orderə əsasən ev 9, mərtəbə 2 ünvanında yerləşən 7 nömrəli mənzilin İddiaçı adına bütövlüklə özəlləşməsinə (sənədləşdirilməsinə) razılıq vermişlər və və yazılı ərizələri xx.xx.2023-cü il tarixdə notariat ofisində təsdiqlənmişdir.
8. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-72/2-550/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Samux rayonu, İstixana kəndində yerləşən, vətəndaş İddiaçı yaşadığı evin balanssaxlayıcı orqanı Samux rayonu bələdiyyəsidir. Samux rayonu, İstixana kəndində yerləşən, İstixana kombinatının balansında olmuş evlər balansdan çıxarılaraq Samux rayonu İstixana bələdiyyəsinin balansına verilmiş, xidməti mənzil statusu daşımır. Sonralar İstixana bələdiyyəsi Ziyadlı bələdiyyəsi ilə birləşdirilərək Ziyadlı bələdiyyəsi adlandırılmışdır. Odur ki, İddiaçı yaşadığı Samux rayonu, İstixana kəndində yerləşən, 9 nömrəli evin 7 nömrəli mənzili xüsusi təyinatlı mənzil fonduna (xidməti mənzil) aid olmadığı üçün İddiaçı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və özəlləşdirilməsinə Samux Rayon İcra Hakmiyyəti olaraq etiraz etmirlər.
9. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-72-23/2-19/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olanlar, o cümlədən təvəllüdləri və qohumluq münasibətləri aşağıda adları qeyd olunanlardır: - Özü: İddiaçı - Əri: X13 - Qızı: X6 - Oğlu: X7 - Gəlini: X8 - Nəvəsi: X9 - Nəvəsi: X10 - Nəvəsi: X16. Əsas: Nümayəndəliyin 2021-2025-ci illər üzrə 8 nömrəli Təsərrüfatbaşına kitabı (şəxsi hesab 613, səhifə 96). Qeyd: Adları qeyd olunan vətəndaşlar həmin binalar tikilib istifadəyə verləndən ev 9, mənzil 7 ünvanına köçərək yaşayırlar. Əlavə olaraq bələdiyyə onu da qeyd edir ki, həmin binalar X12 mənzil istismar sahəsinə məxsus olub, 1999-cu ildə yeni yaradılmış İstixana bələdiyyəsinə təhvil verilmişdir. İstixana bələdiyyəsi ləğv edildikdən sonra Ziyadlı bələdiyyəsinin balansındadır, həmin mənzil dövlət mənzil fonduna aid deyil. Bələdiyyə yaradılandan həmin vətəndaşlar İstixana kəndi, ev 9, mənzil 7 ünvanında yaşayırlar və sənəd verilməsinə Ziyadlı bələdiyyəsi etiraz etmir (məktubu həm Ziyadlı kənd bələdiyyəsinin sədri, həm də Ziyadlı kənd İƏD-si üzrə nümayəndəsi imzalayaraq, möhürlə təsdiqləmişlər). II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X3 fəhlə işləyərkən Kombinatın direktorunun və həmakrlar təşkilatının razılığı əsasında 08 may 1985-ci il tarixli 20 nömrəli order əsasında ona verilmiş 38 ildir ki, yaşadığı, qeydiyyatda olduğu 9 nömrəli binanın 7-ci mənzilinin adına dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci il tarixdə Xanlar rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Samux rayonunun İstixana qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. O, əvvəllər X3 fəhlə işləyərkən Kombinatın direktorunun və həmkarlar təşkilatının razılığı əsasında 08 may 1985-ci il tarixli 20 nömrəli order əsasında həmin vaxtı Kirovabad (Gəncə) şəhərinin ərazisi olan 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin, beş otaqdan ibarət 7 nömrəli mənzili ona verilmişdir. Hal-hazırda həmin ərazi Samux rayonunun İstixana qəsəbəsi adlanır. O, 1985-ci ildən hal-hazıra kimi ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır. Samux rayonunun İstixana qəsəbəsində 9 saylı binanın ayrı-ayrı mənzillərində onun kimi order əsasında yaşayan qonşularının hamısı mənzillərini dövlət reyestrində qeydiyyatına aldırıb, çıxarışlar almışlar. O cümlədən onun qonşusu X5 da Samux rayonu İstixana kəndindəki 9 nömrəli evin, 1-ci mənzilini xx.xx.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata aldırıb, ******* nömrəli çıxarış almışdır. O, da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Samux rayonunun İsixana qəsəbəsində orderi olan, 38 ildir ki, yaşadığı və qeydiyyatda olduğu 9 nömrəli binanın 7-ci mənzilinin dövlət reyestrində qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi idarəsi xx.xx.2023-cü il tarixdə ona 3-21-3-33H-4488/2023 saylı məktubla imtina cavabı vermişdir. Həmin imtina cavabında göstərilir ki, aparılan araşdırma zamanı ərizənizə əlavə edilmiş xx.xx.1985-ci il tarixli 20 saylı orderin Kirovabad şəhər İstilik kombinatı tərəfindən verildiyi, lakin həmin dövrda qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas olmuşdur. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. İddiaçı kimi o, cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, uzun illərdir ki, həmin evdə yaşamaqla, 1985-ci ildən hal-hazıra kimi ev onun istifadəsindədir. Həmin ünvanda qeydiyyatdadır. Cavabdeh orqan imtina cavabı verərkən bunları nəzərə almamışdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. I. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər zəruri prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
22. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. İddiaçı və iddiaçının nümayəndəsi X14 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda göstərilənlərlə əsaslandırılmışdır (bənd 5). Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - SSRİ Kənd Təsərrüfatı Nazirliyi “İstixana Birliyi” X15 Kombinatının xx.xx.1985-ci il tarixli 20 nömrəli orderi; - "xxxx" ASC-nin İdarə Heyətinin arayışı; - Samux rayonu Ziyadlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışı; - Azərbaycan Respublikası X19 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-H- 626//8/2023 nömrəli məktubu; - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4488/2023 nömrəli imtina məktubu; - Samux Rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 116 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 72/2-550/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-72-23/2-19/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 10204/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə proses iştirakçılarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, SSRİ Kənd Təsərrüfatı Nazirliyi “İstixana Birliyi” X15 Kombinatının xx.xx.1985-ci il tarixli 20 nömrəli orderinə əsasən Kirovabad (Gəncə) şəhərində yerləşən 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin 5 otaqdan ibarət 7 nömrəli mənzili İddiaçı yaşamaq üçün verilmiş, sonuncu həmin tarixdən sözügedən mənzilə köçərək orada yaşamağa başlamışdır. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, Samux rayonu, İstixana qəsəbəsində yerləşən mənzil üzərində hüquqlarının dğvlət qeydiyyatına alınması barədə müraciət etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-4488/2023 nömrəli məktubu ilə xx.xx.1985-ci il tarixli 20 saylı orderin Kirovabad şəhər İstilik Kombinatı tərəfindən verildiyini, lakin həmin dövrdə qüvvədə olmuş Azərbaycan SSSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 İcraiyyə Komitəsinin vətəndaşa order verdiyini və bu orderin yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğunu qeyd edərək ərizənin icrasından imtina etmişdir.
28. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
30. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); Maddə 10. Vətəndaşların mənzil hüquqları və vəzifələri Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Maddə 18. Dövlət və ictimai mənzil fondunu, mənzil-tikinti kooperativləri fondunu idarə edən orqanlar İctimai mənzil fondunu kolxozların və başqa kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı təşkilatlarının və digər ictimai təşkilatların orqanları öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq idarə edirlər. Maddə 20. Dövlət və ictimai mənzil fondunun idarə olunmasında və onun qorunmasının təmin edilməsində ictimai təşkilatların, əmək kollektivlərinin və vətəndaşların iştirakı Həmkarlar ittifaqları, başqa ictimai təşkilatlar, əmək kollektivləri SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə, ictimai təşkilatların nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq, habelə vətəndaşlar dövlət və ictimai mənzil fondunun idarə edilməsində və onun qorunmasının təmin olunmasında iştirak edirlər. Maddə 28. Vətəndaşların yaşayış sahəsi almaq hüququ Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək qaydası Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 36. Vətəndaşlara yaşayış sahəsi verilməsinin növbəliliyi Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Növbəlilik aşağıdakı qaydada müəyyən edilir: yaşayış yerində uçota götürülmüş vətəndaşlar barəsində—müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 icraiyyə komitəsi tərəfindən; iş yerində uçota götürülmüş vətəndaşlar barəsində,—qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müəssisə, idarə və təşkilatın həmkarlar ittifaqı komitəsi ilə birlikdə müdiriyyət tərəfindən. Maddə 46. İctimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 icraiyyə komitəsinə məlumat verilir. Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
32. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur.
33. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq SSRİ Kənd Təsərrüfatı Nazirliyi “İstixana Birliyi” X15 Kombinatının və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1985-ci il tarixli 22 saylı prpotokol-qərarı ilə xx.xx.1985-ci il tarixli 20 nömrəli orderinə əsasən Kirovabad (Gəncə) şəhərində yerləşən 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin 5 otaqdan ibarət 7 nömrəli mənzili İddiaçı yaşamaq üçün verilmişdir.
34. Həmin yaşayış sahəsi dövlət mənzil fonduna deyil, ictimai mənzil fonduna aid olmuş və order verilən tarixdə qüvvədə olan mənzil qanunvericiliyinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilmişdir. Bu hal isə cavabdehin orqanın yeganə – orderin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X11 İcraiyyə Komitəsi tərəfindən verilməli olmasına dair dəlillərinin əsassız olmasına dəlalət edir.
35. Məhkəmənin sorğusuna Samux Rayon İcra Hakimiyyəti başçısının Ziyadlı kənd İƏD-si üzrə nümayəndəliyi və Ziyadlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 5-72-23/2- 19/2024 nömrəli birgə cavab məktubunda bildirilmişdir ki, İddiaçı və ailə üzvləri ünvan 1 ünvanında həmin binalar tikilib istifadəyə verləndən köçərək yaşayırlar. Əlavə olaraq bələdiyyə qeyd etmişdir ki, həmin binalar X12 mənzil istismar sahəsinə məxsus olub, 1999-cu ildə yeni yaradılmış İstixana bələdiyyəsinə təhvil verilmişdir. İstixana bələdiyyəsi ləğv edildikdən sonra Ziyadlı bələdiyyəsinin balansındadır, həmin mənzil dövlət mənzil fonduna aid deyil. Bələdiyyə yaradılandan həmin vətəndaşlar İstixana kəndi, ev 9, mənzil 7 ünvanında yaşayırlar və sənəd verilməsinə Ziyadlı bələdiyyəsi etiraz etmir.
36. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir.
37. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
38. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
39. Məhkəmə hesab edir ki, iddiaçının mənzilin onun adına özəlləşdirilməsi üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məzmunda sənədləri mövcud olduğundan cavabdeh onun hüquqlarını qeydə almaqdan əsassız olaraq imtina etmişdir. Ona görə də, iddia təmin edilməlidir.
40. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Samux rayonu İstixana qəsəbəsində yerləşən yerləşən 9 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin 5 otaqdan ibarət 7 nömrəli mənzilinin İddiaçı adına özəlləşdirilməklə, ona bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva