Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3210/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi biletin 7-ci vərəqində onun 27.02.-08.05.92-ci illərdə Şuşanın Kosalar kəndi uğrunda döyüşlərdə iştirakı barədə qeyd vardır.
2. Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli İ/674 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü ilədək Azərbaycan Respublikasının silahlı qüvvələrinin tərkibində əsgəri xidmətdədir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və Respublikamızın ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edən hərbi qulluqçuların və könüllülərin ailələrinin sosial müdafiəsi haqqında” 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı vardır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 137 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-560 nömrəli arxiv arayışında qeyd edilmişdir: “N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır”.
4. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Odur ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-18/2-1295/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, istefada olan əsgər 1958ci il təvəllüdlü İddiaçı qeydiyyat sənədlərinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrindəmüddətli həqiqi hərbi xidmət keçmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı könüllü özünümüdafiə batalyonunun tərkibində İ Qarabağ müharibəsində iştirak etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsində heç bir məlumat yoxdur.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/2-03/1543/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətində könüllü özünümüdafiə batalyonunun tərkibində Birinci Qarabağ müharibəsində iştirak edən şəxslərin siyahısı saxlanılmadığı üçün xx.xx.1958-ci il təvəllüdlü İddiaçı adının həmin siyahıda olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.
7. Məhkəmənin sorğusuna Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 5-77/2-340/5/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı İ Qarabağ müharibəsində könüllü özünümüdafiə batalyonunun tərkibində Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib-etməməsi barədə Şuşa Rayon İcra Hakimiyyətində heç bir təsdiqedici sənəd yoxdur, o cümlədən döyüş bölgəsindəki özünümüdafiə dəstələrində iştirak etmiş şəxslərin adlı siyahısında onun adına rast gəlinməmişdir.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 34358/2- 637/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şuşa şəhər sakini 1958-ci il təvəllüdlü İddiaçı adı “Ramiz Qənbərov” adına könüllülər batalyonu və “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin adlı siyahıları kitabında keçir.
9. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilməsi və onlara pul təminatının verilməsi haqqında xx.xx.1992-ci il tarixli 319 nömrəli əmrinə əsasən “Azərbaycan Qarabağı” könüllü dəstəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr edilmişdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 18.1 1.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1-ci Qarabağ müharibəsi başlayanda xx.xx.1992-ci tarixdə könüllü özünümüdafiə batalyonunda xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etmişdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. O, dəfələrlə cavabdeh orqana müharibə veteranı adı almaq üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında onun xidməti barədə məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximətindən ona göndərilən cavab məktubunda bildirilmişdir ki, bunun üçün döyüşlərdə iştirakını sübut edən sənədləri, hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışları imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi məsələsinə baxıla bilər. Halbuki, o, özündə olan onların tələb etdiyi sənədlərə uyğun olan sənədlərini göndərmişdir. Onun H3-3643576 nömrəli hərbi biletində xx.xx.1992-ci tarixdən xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etməyi barədə qeyd vardır. Həmin vaxtı döyüşlərdə iştirak etdiyini onunla birlikdə döyüşlərdə iştirak edənlər də təsdiq etmişlər. Bundan başqa Gəncə şəhər Hərbi Komissarlığının xx.xx.1993cü il tarixli 1/674 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində əsgəri xidmətdədir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli “Qarabağın yaşayış məntəqələrinin və respublikamızın ermənistanla həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edən hərbi qulluqçuların və könüllülərin ailələrinin sosial müdafiəsi haqqında” 131 nömrəli qərarının uyğun bəndlərində nəzərdə tutulan güzəştlərdən istifadə etməyə haqqı vardır. Hazırda o, müharibə dövründə döyüşlərdə iştirak etdiyinə görə “Müharibə veteranı” adı ala bilmədiyi üçün hüquqlarından istifadə edə bilmir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
21. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
23. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Şuşa və Xocalı Rayon İcra Hakimiyyətlərinin "Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları"nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmişlər, lakin tərtib olunmuş siyahılarda İddiaçı adı keçmir. Həmçinin, İddiaçı adına tərtib edilmiş Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli 1/674 nömrəli arayışın və adına tərtib edilmiş hərbi biletindəki qeydin hüquqi əsasları (arxiv məlumatları) müəyyən edilməmişdir. Habelə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 137 nömrəli arayışa əsasən, İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçməsi müəyyən edilsə də, onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edilmiş və həmin arxivin xx.xx.2023-cü il tarixli 4/2-560 nömrəli arayışda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Şahid ifadələrinə əsasən "Müharibə veteranı" adı və vəsiqəsi verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi bilet; - Gəncə şəhəri Nizami rayon Hərbi Komissarlığının xx.xx.1993-cü il tarixli İ/674 nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 137 nömrəli arayışı; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-18/2-1295/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 5-1/2-03/1543/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Şuşa Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 5-77/2-340/5/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 34358/2- 637/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 319 nömrəli əmrindən çıxarış.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Kosalar kəndinin müdafiəsində qəhrəmancasına iştirak etdiyini əsas gətirməklə “Müharibə veteranı” adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.
27. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
28. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 34358/2-637/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Şuşa şəhər sakini 1958-ci il təvəllüdlü İddiaçı adı “Ramiz Qənbərov” adına könüllülər batalyonu və “Azərbaycan Qarabağı” könüllülər dəstəsinin adlı siyahıları kitabında keçir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Qarabağı” könüllü dəstəsinin tam komplektləşdirilməsi və onlara pul təminatının verilməsi haqqında xx.xx.1992-ci il tarixli 319 nömrəli əmrinə əsasən “Azərbaycan Qarabağı” könüllü dəstəsinin hərbi qulluqçusu İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr edilmişdir.
29. Eyni zamanda, iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli NZ ******* nömrəli hərbi biletin 7-ci vərəqində onun 27.02.-08.05.92-ci illərdə Şuşanın Kosalar kəndi uğrunda döyüşlərdə iştirakı barədə qeyd vardır.
30. Göründüyü kimi, iddiaçının “Azərbaycan Qarabağı” könüllü dəstəsinin hərbi qulluqçusu kimi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Şuşanın Kosalar kəndinin müdafiəsində iştirak etməsi iş materiallarında olan sənədlərdə öz əksini tapmaqla, təsdiq olunur.
31. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
32. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «Qeyd» hissəsində müharibə veteranı sayılmasının istisna edən hallar müəyyən edilərək göstərilmişdir ki, «bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: - müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. - Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.
34. İddiaçı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyi üçün N nömrəli hərbi hissə komandirinin fevral-may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmaması qəbulediləndir.
35. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi hesab etmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
36. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirakı faktı hərbi komissarlıq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsi tərəfindən təqdim edilmiş arayışlarla, o cümlədən hərbi biletdə hərbi komissarlıq tərəfindən təsdiq edilmiş qeydlə və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 319 nömrəli əmri ilə (hansı ki, həmin əmr “Azərbaycan Qarabağı” könüllü dəstəsində döyüşmüş şəxslərə pul təminatının verilməsi ilə bağlı olmuşdur və İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək pul təminatının verilməsi əmr olunmuşdur) təsdiq olunur.
37. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
38. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteran” adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva