Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3210/2024 15.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X8) qarşı yarım zirzəmi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 4996/2017 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh X3 və maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Gəncə şəhəri 2 saylı Notariat Kontoruna qarşı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və tərəflərə məhkəmə iclasında iştirak etməmələrinin və bu haqqında məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etmək hüququ izah edilmişdir.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-212/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X2 adına aparılmış qeydiyyatın ləğv edilməsi qərara alınmışdır.
3. Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9, X8 və X5 adlarına tərtib edilmiş xx.xx.2020-ci il tarixli 54302 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda “A” literli tikili kimi ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəmi qeyd edilmişdir.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evinin 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə üzərində X2, 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə üzərində X1 və 0.06 ha torpaq sahəsi üzərində isə X6 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)- 2478/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən X4 miras qalmış 0.06 ha torpaq sahəsini X1 qəbul etməsi faktı müəyyən edilməklə həmin miras əmlakın ½ hissəsinə onun vərəsəlik hüququnun tanınması qət edilmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evinin 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ¼ hissəsi üzərində X2, 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ¾ hissəsi üzərində isə X1 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı, X10 və X11 xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsələri kimi tanınmışdır.
8. xx.xx.2022-ci il tarixli Miras payın bağışlanması müqaviləsinə əsasən X11 və X10 xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən özlərinə düşən miras paylarını anaları İddiaçı bağışlamışlar.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evinin 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ½ hissəsi üzərində X2, 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ½ hissəsi üzərində isə İddiaçı paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-753/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-2120/2023 nömrəli qətnaməsinin ləğv edilmiş, İddiaçı cavabdeh X3 qarşı iddiası – “Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanında yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin iddiaçının mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən cavabdehin istifadəsindən alınaraq iddiaçıya verilməsi” hissəsində icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçıya Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanında yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin qeydiyyata alınması üçün müvafiq dövlət reyestri xidmətinə müraciət edilməsi izah olunmuşdur.
11. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2024cü il tarixli 3-21-3-33/2-5544/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığı və üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. II. Məhkəmədə icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən “A” literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin onun mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsinin, yəni zirzəminin 58.4 kv.m sahəsinin dövlət reyestrinə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yerləşən 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə və 0.06 ha torpaq sahəsinin ½ hissəsi mənim mülkiyyətindədir. Əmlakın 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə və 0.06 ha torpaq sahəsi isə X2 mülkiyyətindədir. Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanında 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altınada yerləşən zirzəmini Şöhrət Cəfərov tərəfindən zəbt edilərək öz maraqları üçün istifadə edir. Bununla bağlı o, müvafiq məhkəməyə müraciət etmişdir və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-753/2024 saylı qərardadı ilə onun X7 qarşı iddiası Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yereləşən A literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin onun mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsindən Şöhrət Cəfərovun istifadəsindən alınaraq ona verilməsi hissəsində icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Ona Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yerləşən A literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin qeydiyyata alınması üçün müvafiq dövlət reyestri xidmətinə müraciət etməsi izah olunmuşdur. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yerləşən A literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəmi texniki pasportda göstərilsə də, hüquq qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna görə də iddiaçı ilk həmin yarım zirzəmini dövlət reyestrində qeydiyyata aldırmalı, sonra isə müvafiq iddia tələbi ilə məhkəmiyə müraciət etməlidir. Bununla bağlı o, cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, ərizəsinə baxılmışdır. Lakin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına üçüncü şəxs şərait yaratmadığı və mübahisə olduğundan ərizənin icrasına imtina edilmişdir. Beləliklə, Gəncə şəhəri, Bayan küçəsi, 110 ünvanda yerləşən A literli ümumi sahəsi 113.2 kv.m olan yarım zirzəminin onun mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahənin altında yerləşən hissəsinin, yani yarım zirzəminin 58.4 kv.m sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmalıdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
16. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.
17. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxs gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirak etməmişdir.
18. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 11-ci bəndi).
20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
21. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
22. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.
24. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-V-0020-8/2023 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur.
25. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Maddə 23. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na görə: Bənd 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Bənd 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
27. İddiaçı tələbində Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 113.2 kv.m olan zirzəminin həmin ünvanda yerləşən fərdi yaşayış evinin onun paylı mülkiyyətində olan 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahəsinin altında yerləşən hissəsinin, 58.4 kv.m sahədən ibarət yarımzirzəmi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
28. Lakin məhkəmə araşdırması zamanı, mübahisə predmeti olan zirzəmi üzərində mübahisə olduğu aşkar edilmişdir. Belə ki, mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə maneə yaradıldığı üçün, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.
29. Cavabdeh orqan da iddiaçının müraciətini təmin etməkdən imtina edən səbəb daşınmaz əmlaka baxış keçirilərkən əmlak üzərində mübahisə olmasını əsas gətirmişdir.
30. İddiaçı da iclas zamanı sədrlik edənin suallarına zirzəmiyə giriş qapısının digər paylı mülkiyyətçinin mülkiyyətində olan hissənin altında yerləşdiyini və həmin zirzəmidən tam şəkildə yalnız üçüncü şəxsin istifadə etdiyini və onun istifadəsinə maneçilik törətdiyini bildirmişdir.
31. İkinci tərəfdən, iş materialları ilə müəyyən edilir ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportlarda 113.2 kv.m ibarət zirzəmi qeyd edilsə də, evə dair şəxslərin (əvvəlki mülkiyytçilərin) hüquqlarının qeydiyyatı zamanı zirzəmi üzərində hüququn qeydiyyatı aparılmamışdır.
32. İddiaçı isə sözügedən evə dair paylı mülkiyyət hüququnu vərəsəlik qaydasında əldə etdiyindən hüququ həmin həcmdə (mirasın kütləsinə daxil olan) yaranmışdır.
33. Üçüncü tərəfdən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, ev 110 ünvanında yerləşən ümumi sahəsi 119.1 kv.m olan fərdi yaşayış evinin 20.6 kv.m 1 yaşayış otağı, 40.1 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ½ hissəsi üzərində X2, 29.2 kv.m 1 yaşayış otağı, 29.2 kv.m köməkçi sahə, 0.06 ha torpaq sahəsinin ½ hissəsi üzərində isə İddiaçı paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, paylar naturada bölünmədiyindən zirzəminin hansı hissədə (neçə kv.m payla) iddiaçının və üçüncü şəxsin mülkiyyətinə verilməli olması qeyri-müəyyən olaraq qalır.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddia edilən yarmzirzəmi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatının aparılması mümkün deyildir.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva