Məhkəmə qərarları › İş №2-1(114)-3222/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3222/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3222/2023 16.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 22 dekabr 1964-cü il tarixli orderdən məlum olur ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin orderi X6 adına verilmişdir.

2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X10 xx.xx.2014-cü il tarixli 756/5 nömrəli arxiv arayışına əsasən Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin şəxsi hesab vərəqəsi X2 adına dəyişmişdir.

3. xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı, X8 və X4 şəhəri, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin X6 adına bütövlükdə xüsusiləşdirilməsinə etiraz etməmişlər.

4. xx.xx.2023-cü il tarixli **********328 nömrəli şəxsi hesabdan çıxarışa əsasən Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi, 13 nömrəli binanın 33 nömrəli mənzilinin şəxsi hesab vərəqəsi X2 adınadır və ailə üzvləri İddiaçı, X12, X13 və X3 ibarətdir.

5. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı əzizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, şəxsi hesab vərəqəsinin açılması barədə qərar mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur.

6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-1522/8/2023 nömrəli məktubunda bildirilmişdir ki, X17 Filialında mühafizə olunan Kirovabad Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzil Təmiri İstismar Tresti arxiv fondunun 1964-cü il üzrə mövcud orderləri yoxlanılmış, X6 adına qeyd olunan ünvana dair order aşkar olunmamışdır. Həmçinin, 3 nömrəli Təmir- Tikinti Tresti tərəfindən paylanmış mənzillərin qərarları X17 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil Gəncə (Kirovabad) şəhər 3 nömrəli Rayonlararası Təmir Tikinti Tresti tərəfindən 1964-cü ildə həmin akt 5 nəfərdən ibarət ailə tərkibi olan X1na verilmişdir. X1 1980-ci ildə vəfat etdiyinə görə 08 sentyabr 1981-ci ildə mənzilin şəxsi hesab vərəqəsi anası X2 adına verilmişdir. X18 2002-ci ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra hal-hazıradək mənzil onun sahibliyində və istifadəsindədir. 2023-cü ilin may ayında mənzilin adına qeydiyyata alınması üçün DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla ona bildirmişdir ki, mənzilin özəlləşdirilməsi üçün mənzilin orderi təqdim etməlidir. O, mənzilini orderini, həmçinin 1981-ci ildə mənzilin şəxsi hesabının anası Nabat Ələkbərovanın adına keçirilməsinə dair arxiv arayışını təqdim etmişdir. Buna görə hesab edir ki, DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsi ərizəsinin icrasından əsassız olaraq imtina etmişdir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdehin yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).

20. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 22 dekabr 1964-cü il tarixli order; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X10 xx.xx.2014-cü il tarixli 756/5 nömrəli arxiv arayışı; - xx.xx.2023-cü il tarixli ərizələr; - xx.xx.2023-cü il tarixli **********328 nömrəli şəxsi hesabdan çıxarış; - Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 410 nömrəli məktubu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışı; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-1522/8/2023 nömrəli məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin orderi iddiaçının X1nun adına verilmişdir. X11 1980-ci ildə vəfat etdiyinə görə 08 sentyabr 1981-ci ildə mənzilin şəxsi hesab vərəqəsi iddiaçının anası X2 adına verilmişdir. Anası vəfat etdikdən sonra hal-hazıradək mənzil iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə şəxsi hesab vərəqəsinin açılması barədə qərarın mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir.

24. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

25. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

26. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

27. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

28. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, ev 13, mənzil 33 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinin əsası kimi xx.xx.1964-cü il tarixli orderi və xx.xx.2023-cü il tarixli şəxsi hesabdan çıxarışı təqdim etmişdir. Lakin yuxarıda qeyd olunan şəxsi hesabdan çıxarış qanunvericiliyin tələblərinə görə mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir.

29. Belə ki, 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olan Mənzil Məcəlləsinin 46-cı maddəsinəəsasən ictimai mənzil fonlu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarıüzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

30. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

31. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinəəsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur.

33. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2023-cü il tarixli 3-48-DA- 4F/2-1522/8/2023 nömrəli məktubunda bildirilmişdir ki, X17 Filialında mühafizə olunan Kirovabad Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Mənzil Təmiri İstismar Tresti arxiv fondunun 1964-cü il üzrə mövcud orderləri yoxlanılmış, X6 adına qeyd olunan ünvana dair order aşkar olunmamışdır. Həmçinin, 3 nömrəli Təmir-Tikinti Tresti tərəfindən paylanmış mənzillərin qərarları X17 filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.

34. Belə olan halda, həmin order daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab bilməz.

35. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə hər-hansı hüquqmüəyyənedici sənədi - orderi olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

36. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar