Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-324/2020 16.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Dövlət X6 Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı (üçüncü şəxs X5) avtomobilin qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Dövlət X6 Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan VAZ-21213 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun mülkiyyət hüququnun tanınması və avtomobillə bağlı alqı-satqı aparılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə maşın bazarından 55xx xxxxxx 2003-cü il buraxılışı olan VAZ 21213 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə almışdır. xx.xx.2016-cı ildə avtomaşını qeydiyyata alarkən komputer axtarış bazasında axtarışda olmamışdır. Lakin 2018-ci ildə avtomobili satmaq qərarına gəlmiş və sənədləşdirmə üçün Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, ona məxsus avtomaşın xx.xx.2005-ci ildən Gürcüstan Respublikasında axtarışda olmuşdur. Avtomobil ilk dəfə Azərbaycan Respublikasına daxil olarkən X3-İmtahan və Texniki Baxış şöbəsində qeydiyyata alınarkən kompüter axtarış bazasında axtarışda olmamışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bildirilmişdir ki, həmin avtomobil xx.xx.2016-cı ildə qeydiyyata alınarkən kompüter axtarış bazasında axtarışda olması barədə məlumat olmamış, lakin nəqliyyat vasitəsi təkrar qeydiyyata alınarkən yoxlandıqda kompüter axtarış bazasında gecikmiş məlumat kimi Gürcüstan Respublikasında axtarışda olduğu məlum olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadları ilə iddiaçının cavabdehə qarşı “ona məxsus olan VAZ-21213 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onunla üçüncü şəxs arasında olan razılaşmanın alqı-satqı müqaviləsi kimi tanınması və həmin avtomobilin X2 adına qeydiyyata alınması” tələbinə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, eləcə də X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 izahatında bildirmişdir ki, həmin avtomobilin alqı-satqısı ilə bağlı iddiaçı ilə aralarında razılaşma olmuş, lakin cavabdeh avtomobili onun adına qeydiyyata almaqdan imtina edir. Cavabdeh Azərbaycan Respublikası Baş Dövlət X6 Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : -xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21213 minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı ona məxsus VAZ 21213 minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam verilməsini X4 etibar etmişdir. -Azərbaycan Respublikası Baş Dövlət X6 xx.xx.2019-cu il tarixli, 313-1722-1219 nömrəli məktubundan görünür ki, VAZ-21213 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində mülkiyyət hüququnun tanınması üçün iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. -Azərbaycan Respublikası Baş Dövlət X6 xx.xx.2019-cu il tarixli, 20226Ə-4219 nömrəli məktubundan görünür ki, VAZ-21213 Niva markalı avtomobil gömrük vəsiqəsi əsasında ilk dəfə xx.xx.2005-ci il tarixdə X3-İmtahan və Texniki Baxış şöbəsində X1 adına dövlət qeydiyyatına alınmış və avtomobilə **-BE-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, ilkin qeydiyyat hərəkətləri aparıldıqdan sonra yalnız xx.xx.2005-ci il tarixdə Baş Dövlət X8 avtomobilin axtarışda olması barədə məlumat daxil olmuş, lakin axtarışda olmasına baxmayaraq avtomobil xx.xx.2016-cı ildə Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində təkrar dövlət qeydiyyatına alınarkən şöbənin əməkdaşları tərəfindən müvafiq sistemdən avtomobilin axtarışda olması tam yoxlanılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, VAZ- 21213 Niva markalı avtomobil gömrük vəsiqəsi əsasında ilk dəfə xx.xx.2005-ci il tarixdə X3-İmtahan və Texniki Baxış şöbəsində X1 adına dövlət qeydiyyatına alınmış və avtomobilə **-BE-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, ilkin qeydiyyat hərəkətləri aparıldıqdan sonra, xx.xx.2005-ci il tarixdə Baş Dövlət X8 avtomobilin axtarışda olması barədə məlumat daxil olmuş, lakin axtarışda olmasına baxmayaraq avtomobil xx.xx.2016cı ildə Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsində təkrar dövlət qeydiyyatına alınarkən şöbənin əməkdaşları tərəfindən müvafiq sistemdən avtomobilin axtarışda olması tam yoxlanılmamış və nəticə etibarilə sözügedən avtomobil iddiaçının adına qeydiyyata alınmışdır, başqa sözlə həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi ona məxsus avtomobili özgəninkiləşdirməkdir. Lakin cavabdeh təşkilat həmin avtomobilin xx.xx.2005-ci ildən Gürcüstan Respublikasında axtarışda olmasını əsas gətirərək onun müraciətini təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Göründüyü kimi mülkiyyətində olan əmlakla bağlı sərəncam vermək mülkiyyətçinin konstitusion hüququdur və iddiaçı bu hüququndan istifadə edərək mülkiyyətində olan avtomobilə dair onunla üçüncü şəxs arasında olan razılaşmanın alqı-satqı müqaviləsi kimi tanınmasını və həmin avtomobilin X2 adına qeydiyyata alınmasını tələb edir. Məlumdur ki, nəqliyyat vasitələrinin qeydiyyatı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin qanunun icrasını təmin etmək məqsədilə qəbul edilmiş digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin:- -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Dövlət qeydiyyatından keçirməlidirlər. -2.8-ci bəndinə əsasən xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara təqdim edilməlidir. -10-cu bəndinə əsasən dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. -12-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr, jurnal və kompyüter bazası daimi, qeydiyyat hərəkətlərinin aparılması üçün əsas olan arxiv sənədləri isə beş il müddətində saxlanılır. Qeyd olunan normalardan görünür ki, bu qəbildən olan nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, eləcə də qeydiyyatla bağlı digər hərəkətlərin aparılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (onun müvafiq qurumları) tərəfindən həyata keçirilir. Hazırki işin hallarından da məlum olur ki, avtomobilin axtarışda olması barədə məlumatlar həm ilkin qeydiyyat zamanı, yəni xx.xx.2005-ci il tarixdə (hansı ki xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəd tələb edilməli idi), həmçinin xx.xx.2016-cı il tarixdə iddiaçının adına müvafiq qeydiyyat aparılan zaman tam yoxlanılmamışdır (halbuki həmin avtomobilin axtarışda olması barədə müvafiq sistemdə xx.xx.2005-ci il tarixli məlumat mövcud idi). İşin faktiki hallarına əsaslanaraq məhkəmə qeyd edir ki, bir halda ki, faktiki olaraq həmin avtomobil üzərində iddiaçının mülkiyyət hüquqları mövcuddur, belə olan halda cavabdeh orqan tərəfindən həmin əmlak üzərində iddiaçının sərəncam hüquqlarını məhdudlaşdırması qanunsuz hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, sözügedən avtomobil üzərində sərəncam hüququ mülkiyyətçi tərəfindən X4 həvalə edilmişdir və iddiaçı həmin şəxslə avtomobilə dair razılaşmanın alqı-satqı müqaviləsi kimi tanınmasını, eləcə də həmin avtomobilin üçüncü şəxsin adına qeydiyyata alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- - 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. -152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. -181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. -650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafıq surətdə tətbiq edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. VAZ-21213 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin X2 adına qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Baş Dövlət X6 Gəncə şəhər Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-324/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-324/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver