Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-324/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4ə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X4ə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci bəndinə əsasən ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 7638 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli nevrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 1 (bir) metr sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol budun yuxarı 1/3-nin ön yan səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, “Hər iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir.
2. “Respublika Psixiatriya Xəstəxanası” X4 Həkim psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 721 nömrəli tibbi rəyində diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi F62.0” kimi müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10458954 nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı “Üzvi mənşəli emosional-labil (astenik) pozğunluq” diaqnozu qoyulmuşdur.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10721724 nömrəli xəstəlik tarixindən çıxarışında İddiaçı “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur.
5. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakı 2 nömrəli X1 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – L91 – Dərinin hipertrofik dəyişiklikləri, Sol budun yuxarı 1/3-nin ön səthinin qəlpə yaralanmasından sonra bərkimiş dəri çapığı; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xətəlikləri, iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli sensor ağır eşitmə.
6. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
7. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3636/2024 nömrəli qərar qəbul edilmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və İddiaçı eskpertin çağırışına getmədiyindən qərardad icrasız geri qaytarılmışdır.
9. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı hazırda “X3” ASC-də idarə qulluqçusu-kassa vəzifəsində işləyir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci bəndinə əsasən ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci ildə Gədəbəy rayonu Novo İvanovka kəndində anadan olmuşdur. xx.xx.2017-ci ildə hərbi xidmətə çağırılmış və "N" saylı hərbi xidmətdə qulluq edərək xx.xx.2018-ci il tarixdə ehtiyyata buraxılmışdır. xx.xx.2020-xx.xx.2020-ci il tarixində 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Cəbrayıl, Qubadlı və Laçının azad edilməsində iştirak etmiş və hərbi xidmətdə fərqlənməyə görə 1ci dərəcəli medalı və vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Eyni zamanda da o, xx.xx.2020-ci il tarixində Laçın dəhlizi uğrunda gedən döyüşlərdə yaralanmışdır. Bundan əlavə olaraq müxtəlif xəsarətlər (baş beyin tamvası və s. xəsarətlər) almışdır. Bütün bu səbəblərdən də o, bütün sənədlərini, həkim arayışları və müayinə sənədlərini yığaraq aldığı xəsarətlərə görə hazırda da əziyyət çəkdiyindən əlilliyin təyin olunması ilə bağlı müraciət etmişdir. Təqdim etdiyi sənədlər əsasında həkimlər ona əlilliyin təyin ediləcəyini bildirdilər. Cavabdeh orqan isə onun xəstəliyi ilə bağlı yazılaraq göndərilmiş K00130619RXA nömrəli forma 88 baxaraq diaqnozun əlillik təyin edilməsi üçün əlamət olmadığını qeyd edərək əlillik təyin etməkdən imtina etmişlər. Diaqnoz isə Fəlakət (muharibə) kecirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, Sol budun yuxarı 1/3 nin ön yan səthinin qəlpə yaralanmasından sonra bərkimiş dəri çapığı. Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli xroniki koxleyar nevrit, iki tərəfli sensor ağır eşitmə qoyulmuşdur. Bununla əlaqədar bildirir ki, hazırda o, demək olar ki, eşitmir, nervitdir, gecələr özündə olmur və onu döyüş anları ilə bağlı qorxulu vahimələr basır. "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.7.1-ci bəndində göstərilir ki, fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi-F62.0 olarsa əlillik təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixatriya Xəstəxanası" X4 xx.xx.2023-cü il tarixli X2 rəyi vardır ki, onun diaqnozunda Fəlakət (Müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişkənliyi F62.0 təyin edilmişdir. Belə olan halda hesab edir ki, ona qanunun tələbi ilə əlillik təyin edilməlidir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
14. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.
16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
20. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
21. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 17 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Gədəbəy rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023cü il tarixli 7638 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 1 (bir) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Sol budun yuxarı 1/3-nin ön yan səthinin qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10458954 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli emosional-labil (astenik) pozğunluq” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10721724 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1104 nömrəli Tibbi rəyində diaqnoz "Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, hər iki qulaqda eşitmə zəifliyindən, baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Fəlakətdən sonra şəxsiyyət dəyişikliyi, ipoxondrik daxilolmalarla" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
23. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakı 2 nömrəli X1 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı kimi olmuşdur: Əsas diaqnoz – F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi; Yanaşı xəstəliklər – L91 – Dərinin hipertrofik dəyişiklikləri, Sol budun yuxarı 1/3-nin ön səthinin qəlpə yaralanmasından sonra bərkimiş dəri çapığı; Yanaşı xəstəliklər – H93.3 – Eşitmə sinirinin xətəlikləri, iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli sensor ağır eşitmə.
24. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini xx.xx.2024-cü il tarixdə qiymətləndirərək, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
25. Cavabdeh orqan tərəfdən iddiaçının imtina barədə qərardan verdiyi şikayətinə baxılaraq onun əyani müayinəsi həyata keçirilmiş və nəticədə xx.xx.2024-cü il tarixdə diaqnozun əlillik təyin etməməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3636/2024 nömrəli qərar qəbul edilmişdir.
26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”na əsasən: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
28. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərardadla iddiaçının barəsində rəsmiləşdirilmiş göndərişdə onq qoyulmuş əsas diaqnozun - F62.0 – Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi xəstəliyinin həqiqətən iddiaçının səhhətində mövcud olub-olmaması, iddiaçının orqanizminin funksiyalarının pozuntusuna səbəb olubolmamasının və əlillik təyinatın aəsas verəcək həcmdə olub-olmamasının müəyyələnləşdirilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilsə də, İddiaçı məlumatlı olmasına baxmayaraq, eskpertin çağırışına getmədiyindən, həmin sadalanan halların mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
29. Digər tərəfdən, Elektron məhkəmə informasiya sistemindən iddiaçının əmək müqaviləsi məlumatları sorğu edilmiş və müəyyən edilmişdir ki, İddiaçı hazırda “X3” ASCdə idarə qulluqçusu-kassa vəzifəsində işləyir.
30. Bu isə onu deməyə əsas verir ki, tibb müəssisəsinin göndərişində İddiaçı qoyulmuş diaqnozun onun həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşmasına səbəb olması halı mövcud deyildir.
31. Belə ki, şəxsin səhhətindəki xəstəlik o zaman ona əlillik təyinatına əsas verən həcmdə olduğu qəbul edilir ki, həmin xəstəlik insanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma halı yaratmış olsun.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı.
33. İddiaçının əmək müqaviləsi üzrə iş yerinin olması onun bu kateqoriyalar üzrə bacarığının məhdudlaşmadığı anlamına gəlir. Bunun əksini təsdiq edəcək sübutlar isə iddiaçı tərəfindən təqdim olunmamış, eyni zamanda iddiaçı məhkəmənin sübut toplama vəzifəsindən irəli gələrək təyin etdiyi ekspertiza tədqiqatına getməyərək bu barədə rəyin alınmasını da mümkünsüz etmişdir.
34. Bütün bu hallar isə iddianın rədd edilməsinə əsas verir.
35. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva