Məhkəmə qərarları › İş №2-1(114)-3243/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3243/2024

08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3243/2024 08.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsinə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq Müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq fəhlə kimi işə qəbul olunmuşdur. X1 xx.xx.2022-ci il tarixdə fəaliyyətini dayandırıb və işçilərə heç bir məlumat vermədən Rusiya Federasiyasına gedib və onun orada hansı ünvanda yaşaması barədə məlumat yoxdur. X1 fəaliyyətini dayandırsa da, onunla bağlanmış əmək müqaviləsinə xitam verməyibdir. Ona görə də o, hansı orqana iş üçün müraciət etsə də, onun adı elektron sistemdə işçi kimi göstərilir, bu səbəbdən də heç bir orqan onunla əmək müqaviləsi bağlayaraq onu işə götürmür. O, bununla bağlı X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin xx.xx.2023cü il tarixli, 2(066)-401/2023 saylı qətnaməsinə əsasən X1 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd olunan qətnamə hazırda qanuni qüvvəsini almışdır, lakin cavabdeh orqan iddiaçının adına olan müqaviləni elektron informasiya sistemindən silməkdən imtina edir, səbəb kimi də məhkəmənin qətnaməsində cavabdeh orqanın üzərinə öhdəliyin qoyulmamasını göstərir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(066)-401/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-17-5/2-M-51819/2023 nömrəli məktubunda bildirilmişdir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2(066)-401/2023 nömrəli qətnamədə xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə X3 Xidmətinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən: Azərbaycan Respublikası məhkəmələrinin qərarları. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Məhkəməyə daxil olmuş ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı İddiaçı X3 Xidmətinə müraciət etmiş, Xidmət həmin qətnaməni icra etməkdən imtina etmişdir. Hazırkı tələb İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ləğv edilməsi barədə Göygöl Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin icrası ilə bağlıdır. İcra haqqında qanunvericiliyin tələblərinə görə, Azərbaycan Respublikasında məhkəmə qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmələr tərəfindən çıxarılmış məhkəmə qərarları icra sənədləri sayılır. İcra sənədinin icraya yönəldilməsi isə bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin vəzifəsidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Göygöl Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(066)-401/2023 nömrəli qətnaməsinin icrası ilə bağlı həmin məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “əmək müqaviləsinin elektron informasiya sistemindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar