Məhkəmə qərarları › İş №2-1(114)-325/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-325/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-325/2022 11.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Prezident təqaüdünün məbləğinin müəyyən edilməsi və ödənilməyən ödənişlərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 29.11.2021–ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ildən 2019-cu ilədək ödənilməli olan Prezident təqaüdünün məbləğinin müəyyən edilməsi və ödənilməyən ödənişlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 həqiqə hərbi xidmətdə olan zaman 31.07.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Göygöl rayon İcra Hakimiyyəti Başcısının 28.02.1997-ci il tarixli 49 saylı sərəncamı ilə ona “Şəhid ailəsi” statusu verilmişdir. İddiaçı mərhum oğlunun vərəsəsi kimi notariat qaydasında tanınmış və buna dair vərəsəlik şəhadətnaməsi verilmişdir. 2007-ci il tarixə kimi prezident təqaüdü almış, lakin həmin tarixdən Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən prezident təqaüdünün ödənişi əsassız və qanunsuz olaraq dayandırılmışdır. Göygöl Rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(066)-1755/2018 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, oğlu X6 hərbi xidmətdə olan zaman 31.07.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən həlak olması faktı təsdiq edilmişdir. İcra Hakimiyyətinin ona verdiyi “Şəhid ailəsi” statusu hal-hazırda qüvvədədir. Cavabdeh iddiaya qarşı 02.03.2022-ci il tarixli, **********4 nömrəli etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq iddiaçının oğlu X1 31 iyul 1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması faktı Göygöl rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(066)-1755/2018 nömrəli qətnaməsi ilə təsdiq olunduğundan ona həmin qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən əvvəlki illər üzrə şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsindən imtina edilmişdir. İnzibati orqanın iddiaçı barədə qəbul etdiyi inzibati akt əsaslıdır və iddiaçının sözügedən iş üzrə iddiası əsassızdır və təmin edilməməlidir. İş üzrə materiallardan məlum olur ki, Göygöl rayon Məhkəməsinin X1 31 iyul 1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması faktının təsdiq edilməsi barədə 2(066)-1755/2018 nömrəli qətnaməsi 26 dekabr 2018-ci ildə qəbul edilmiş və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq, məhkəmə qətnaməsindən şikayət verilmədiyi üçün, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minmişdir. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən, yəni 09.01.2019-cu ildən etibarən isə İddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün ödənilməsinə başlanılmışdır. İddiaçının qətnamə qanuni qüvvəyə mindikdən əvvəlki illər üzrə şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin edilməsi barədə iddiası əsassızdır. Qeyd olunanlar nəzərə alınmaqla və iddiaçının “şəhid ailəsi üçün nəzərdə tutulmuş prezident təqaüdünün əvvəlki illər üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin 15.04.2021-ci il tarixli, **********2 nömrəli imtinası, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 28.02.1997-ci il tarixli, 49 nömrəli sərəncamı, Göygöl Rayon Məhkəməsinin 2(066)-1755/2018 nömrəli qətnaməsi, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən verilmiş 026760 nömrəli vəsiqəsinin surəti, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X12 Birliyinin 27.09.2019-cu il tarixli, 017414 nömrəli vəsiqənin surəti, cavabdehin məhkəməyə ünvanladığı 02.03.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göygöl rayon Məhkəməsinin 2(066)-1755/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə qarşı Göygöl rayon Məhkəməsinə müraciət edərək mərhum oğlu X1 31.07.1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiaçının iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsi tərəfindən verilmiş 026760 nömrəli vəsiqədən görünür ki, iddiaçıya şəhid ailələri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ ona 2019-cu ildə verilmişdir. İş materiallarından görünür ki, 27.09.2019-cu il tarixdə Azərbaycan Qarabağ müharibəsi Əlilləri, Veteranları və X12 Birliyin tərəfindən iddiaçıya 27.09.2019-cu il tarixli, 017414 nömrəli vəsiqə verilmişdir. Cavabdeh 15.04.2021-ci il tarixli, **********2 nömrəli imtina məktubunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətinin Göygöl rayon şöbəsinin verdiyi arayışda qeyd olunan Göygöl rayon məhkəməsinin 27.12.2018-ci il tarixli 2(066)-1755/2018 nömrəli qətnaməsinə əsasən X3 09 yanvar 2019-cu il tarixdə şəhidlik statusu verildiyindən ona 09.01.2019-cu il tarixindən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezdentinin təqaüdü” təyin edildiyi qeyd edilmiş, lakin əvvəliki 14 ilə görə ödənilməli olan müavinətin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü“nün 19.12.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən təyin olunması Qanunun tələbləri baxımından mümkün hesab edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “X7 və X11 X8”nda qeyd olunmuşdur ki, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısınının 28.02.1997-ci il tarixli, 49 saylı sərəncamı ilə X3 şəhid, İddiaçı isə şəhid ailəsi statusu verilməsi qərara alınsa da, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “X7 və X11 X8”nın yuxarıda qeyd olunan tələbinə zidd olmuşdur. Çünki, sözügedən Qaydalarda digər hərbi qulluqçulara, yəni sıravi əsgər heyyətinə şəhid ailəsi statusunun verilməsi barədə müvafiq arayış hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri tərəfindən verilməli olduğu göstərilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində 2007-ci ilə kimi Prezident təqaüdünü aldığını və 01.02.2022-ci il tarixli məhkəmə iclasında isə 2007-ci ildə hərbi komissarlıqdan aldığı arayış əsasında iki ay şəhid pulu aldığını qeyd etsə də bunu təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezdentinin təqaüdü” hüququ Göygöl Rayon Məhkəməsinin 2(066)-1755/2018 nömrəli Qətnaməsi əsasında yarandığı üçün ona 09.01.2019-cu il tarixdən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilməsi qanunverciliyin tələblərinə uyğun olmuşdur. Belə ki, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi qaydalarına əsasən, müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2007-ci ildən 2019-cu ilədək ödənilməli olan Prezident təqaüdünün məbləğinin müəyyən edilməsi və ödənilməyən ödənişlərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar