Məhkəmə qərarları › İş №2-1(114)-325/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-325/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-325/2024 20.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X4 ona məxsus olan Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli 3-21-3-46/2-4055/2023 nömrəli cavab məktubuna əsasən Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1968-ci il təvəllüdlü X3 şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır.

3. İddiaçı üçüncü şəxs X4 ona məxsus olan Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş çap tarixi xx.xx.2021ci il tarixli olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, xx.xx.1968-ci il tarixli X3 şəhəri, T.İsmayılov küçəsi, ev 5 ünvanında qeydiyyatdadır.

5. Məhkəmənin sorğusuna Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-494/2023 nömrəli cavab məktubundan görünür ki, İlya Balaca oğlu vətəndaş İddiaçı (Zərifə) Süleyman qızının ailə üzvü - oğludur.

6. Məhkəmənin sorğusuna Tərtər RİHB başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-78-1/2-16/2024 nömrəli cavab məktubundan görünür ki, X3 şəhəri, T.İsmayılov küçəsi, ev 9 ünvanında yaşamır.

7. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-113/2- 6508/2024 nömrəli cavab məktubundan görünür ki, vətəndaş X5 xx.xx.2005-ci il tarixindən hal-hazıradək Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadır. II. Məhkəmədə icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vətəndaş X4 Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən və tam payda mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılmasının təmin etmək vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləriylə birlikdə Tərtər şəhəri. Tofiq İsmayılov küçəsi ev 5 (Yeni qaydalarla: ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir və ev tam payla onun adına mülkiyyət hüququ ilə Dövlət Reyestr Xidmətində qeydə alınmışdır. İddiaçıya məxsus olan evində X5 qeydiyyatdadır. İlya Behbudovun özünün ayrıca evi vardır və ailə üzləri ilə birlikdə həmin evdə yaşayır. İddiaçı İlya Behbudovdan dəfələrlə xahiş etmişdir ki, tam payla onun mükiyyətində olan evindən qeydiyyatdan çıxsın, lakin o, qeydiyyatdan çıxmaq istəmir. İddiaçı cavabdehin evində qeydiyyatda olması və çıxmaq istəməməsi səbəbindən öz xüsusi mülkiyyətində olan evindən istədiyi kimi istifadə etmək hüququndan məhrumdur. İddiaçı 15 may 2023-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək cavabden X4 qeydiyatdan çıxarılması barədə müraciət etsə də, 20 may 2023-cü il tarixdə ona rəsmi məktubla bildirilmişdir ki, X4 qeydiyyatdan çıxarılması barədə Məhkəmə orqanına o, müraciət etməlidir. İddiaçı bildirir ki,Cavabdeh 20 may 2023-cü il tarixli, 313-113/2- 10031/2023 sayli məktubu ilə X4 pasport qeydiyyatından çıxarılmasından əsassız olaraq imtina edilmişdir. O, hesab edir ki, Cavabdeh bu qərarı, yəni həmin şəxsin pasport qeydiyyatından çıxarılmaması onun tam payla xüsusi mülkiyyətimdə olan eviylə bağlı hüquqlarının həyata keçirilməsinə maneə yaradır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

12. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

13. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh yerləşdiyi Tərtər şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3387/2023 nömrəli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

21. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli 3-13- 113/2-22482/2023 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin üzrlü və ya mümkünsüzlüyü barədə məlumat verməmişdirlər.

22. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli arayış; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-4055/2023 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Bərdə regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş çap tarixi xx.xx.2021ci il tarixli olan “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarış; - 22.04.2019-cu il tarixli **********38-10301 reyestr nömrəli Daşınmaz Əmlakıv Dövlət Reyestri Xidməti 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasport; - Məhkəmənin sorğusuna Bərdə rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-494/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər RİHB Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-78-1/2-16/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-113/2- 6508/2024 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarış.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli əsasən Tərtər şəhəri, Tofiq İsmayılov küçəsi, ev 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxs xx.xx.1968-ci il təvəllüdlü X5 evdə qeydiyyatdadır, lakin faktiki olaraq həmin ünvanda yaşamır. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

27. İddiaçı üçüncü şəxsin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

29. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxs in yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

30. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

31. İş materialları ilə müəyyən edilir ki, X2 evin mülkiyyətçisi İddiaçı oğlu olmaqla, o, 2005-ci ildən qeydiyyata alınmışdır.

32. Ona görə də, X4 mübahisəli evdən istifadə hüququnun mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X4 mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən ediləcəyi halda, həmin qərar onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

33. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxsin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

34. Ona görə də, iddia təmin edilməməlidir.

35. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar