Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-325/2025 18.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması ” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1944-cü il tarixdə Amasiya rayonunda anadan olmuş, hazırda Gəncə şəhəri, Qırmızıkənd q, 1-bölgə, sahə-12 ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2006-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanın tələblərinə əsasən 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçının cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirmişdir ki, ona Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən 16 iyun 2006-cı il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişinin 31 avqust 2023-cü il tarixində daxil olmuş müraciətinindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü ii tarixində vaxtiiə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 750,00 manat, qulluq stajına görə əlavəniz 171,90 manat olmaqla orta aylıq əmək haqqınız 921,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 15 il 7 ay 21 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (921,90 manat) 80 faizi- 737,52 manat məbləğində hesablanıb. Bununla əlaqədar 15 il 7 ay 21 gün qulluq stajınına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 51,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 825,00 manat, qulluq stajına görə əlavə 189,09 manat olmaqla orta aylıq əməkhaqqı 1014,09 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (921,90 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1014,09 manat) arasındakı fərq məbləğinin (92,19 manat) 51,75 faizi-47,71 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyası (737,52 manat) üzərinə əlavə olunmaqla pensiya785,23 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşı 1240,00 manat, qulluq stajına görə əlavəniz 284,21 manat olmaqla orta aylıq əmək haqqınız 1524,21 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1014,09 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1524,21 manat) arasındakı fərq məbləğinin (510,12 manat) 51,75 faizi-263,99 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (785,23 manat) üzərinə əlavə olunmaqla 1049,22 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1219,67 manat ödənilib. Buna görə də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 4778,10 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023cü il tarixindən 1323,80 manat əmək pensiyası ödənilməli olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 1538,86 manat ödənilib. Buna görə də sizə yuxarıda qeyd olunan dövr ərzində 2150,60 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 6928,70 (4778,10+2150,60) manat artıq pul vəsaiti ödənilib.. Əlavə olaraq bildirilir ki, iddiaçıya 2022-ci il üçün maddi yardım üzrə 204,60 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanın 1323,80 manat məbləğində aşağıdakı tərkibdən ibarət olduğu müəyyən edilib: -əmək pensiyasının sığorta hissəsi-316,38 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-887,07 manat; -maddi yardım-120,35 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1 -ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində 10731,69 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olunduğunuz (18 dekabr 2015-ci il) tarixədək topladığınız sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 10731,69 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (10731,69:72=149,05 manat) əmək pensiyanın sığorta hissəsinin (316,38 manat) üzərinə əlavə olunmaqla pensiyanızın sığorta hissəsi 465,43 (316,38+149,05) manat müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (887,07 manat) həmin artım qədər (149,05 manat) azaldılıb. Nəticədə, əmək pensiyanın sığorta hissəsi 465,43 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 738,02 (887,07-149,05) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-120,35 manat təşkil edib. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun əmək kitabçasında qeydiyyatı aparılmış xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Ermənistanda azad partiya təşkilatının katibi işlədiyi dövrü və xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətini dövlət quluğu iş stajına daxil edilməsi, xx.xx.2023-cü il tarixdən fərdi hesabımda toplanmış, istifadə olunmamış 15830,44 manat pensiya kapitalını 72-ə bölərək, alınan 219,50 manat məbləğ pensiyasının qulluq stajına əlavəsi azaldılmamaqla mövcud 1538,86 manat pensiya məbləğinə əlavə etməklə xx.xx.2023-cü il tarixdən 1758,36 manat məbləğində hesablanılması vəzifəsinin qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1944-cü il tarixdə doğulmuşdur. xx.xx.1973-cü il tarixdən 26.03,.1996-cı il tarixədək müxtəlif dövlət qulluğu vəzifələrində işləmişdir. Dövlət qulluğunda son iş yeri Gəncə şəhəri Kəpəz rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsi olub. Dövlət qulluğunda iş stajı 21 il 03 ay 14 gündür. 62 yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən ona yaşa görə əmək pensiyası təyin olunub, xx.xx.2023-cü il tarixədək də heç bir problem olmadan fasiləsiz həmin pensiyanı almışdır.Eyni zamanda qeyri-dövlət vəzifələrində xx.xx.2015-ci il tarixədək işləmişdir. 1 yanvar 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən xeyrinə yararlanmaq məqsədi ilə cavabdehə ilk dəfə olaraq xx.xx.2023-cüil tarixdə müraciət etmişdir ki, fərdi hesabında olan kapitalına əsasən pensiyası yenidən hesablansın.. Lakin ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edildiyi bildirilmiş, müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 13 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunmuşdur. Deyilən vaxtda cavabdehin göstərdiyi ünvanda olmuş, iştirakıla yenidən araşdırma aparıldı.Cavabdeh vaxtı ilə mənim iş stajıma qəbul edilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Ermənistanda azad partiya təşkilatının katibi və xx.xx.1975-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Ali Partiya məktəbində təhsil dövrünü iş stajıma hesablamır ki, bu zaman mənim dövlət qulluğunda iş stajım 5 il 07 ay 23 gün ,əmək pensiyasının məbləği isə ayda 215,0 manat azalır.Həmin illərin iş stajıma qəbul etməmə səbəbi isə çox gülüncdür:Ermənistanda işləmiş,Ermənistandan Partiya məktəbinə göndərilmişdir. Onu bir daha qeyd edir ki,onun xx.xx.2023-cü il tarixdəki müraciətinin məqsədi fərdi hesabında yığılmış istifadə olunmamış pensiya kapitalından xeyrinə istifadə etmək olmuşdur.Cavabdeh dövlət qulluğunda iş stajı hesaba almamaqla yanaşı,fərdi hesabında olan kapitala görə də pensiyasında da artım etməmişdir. Qəbulda olarkən o da məlum olmuşdur ki, onun işdən azad olunduğu xx.xx.2015-ci il tarixdə fərdi hesabında olan pensiya kapitalı gözlənilən pensiya müddəti aylarının sayına bölünməklə pensiyanın sığorta hissəsinə əlavə edilmiş və bu zaman qulluq stajına əlavədən artım qədər azaldılmışdır.Ona görə də pensiyanın məbləğində dəyişiklik edilməmişdir. Səbəb kimi xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş Əmək pensiyası haqqında qanunun 29.2-ci maddəsinə istinad edilir,qulluq stajına görə əlavə almaq hüququ olan əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən, pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azadıldığını göstərirlər. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasın gəlmiş,iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1973-xx.xx.1975-ci il tarixədək Ermənistanda Azad Partiya Təşkilatının katibi işlədiyi illərin və xx.xx.1975-xx.xx.1979-cü tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətinin dövlət qulluğunda iş stajına qəbul edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. Məhkəmə hesab edir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 məhkəmənin sorğusuna cavabında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1975-ci illərdə Ermənistan azad partiya təşkilatında iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda Ermənistan SSR-nin dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bununla belə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması aparılmışdır. 1975-1979-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci hissəsinə əsasən dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət dövlət qulluğu stajına daxil edilir. Yuxarıda qeyd edilən müddəadan da göründüyü kimi dövlət qulluqçusunun təhsil aldığı müddətin dövlət qulluğu stajına daxil edilməsi onun dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması halı ilə şərtləndirilmişdir. Qeyd edilənlərə əsasən vətəndaşın 1975-1979-cu illərdə Bakı Ali Partiya məktəbində təhsil aldığı müddət ərzində dövlət qulluğu vəzifəsi və əmək haqqı saxlanılmışdırsa həmin dövr dövlət qulluğunda qulluq stajına daxil edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 23-cü maddəsinə əsasən:
23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən cavabdeh orqanın üzərinə iddiaçının xx.xx.1973-xx.xx.1975-ci il tarixədək Ermənistanda Azad Partiya Təşkilatının katibi işlədiyi illərin və xx.xx.1975xx.xx.1979-cü tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətinin dövlət qulluğunda iş stajına qəbul edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1973-xx.xx.1975-ci il tarixədək Ermənistanda Azad Partiya Təşkilatının katibi işlədiyi illərin və xx.xx.1975-xx.xx.1979-cü tarixədək Bakı Ali Partiya məktəbində təhsil müddətinin dövlət qulluğunda iş stajına qəbul edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva