Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3252/2022 24.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı şəhid statusunun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 Ağdərə rayonu ərazisində gedən döyüşlərdə iştirakı zamanı aldığı çoxsaylı güllə yarasından həlak olduğuna görə, onun adının Şəhidlər siyahısına salınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-783/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-605/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-783/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)- 1236/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-605/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı məhkəməyə 03 avqust 2022-ci il tarixli ərizə təqdim edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və işə yenidən baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə icraat yeni açılmış hallarla bağlı təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X3 15 avqust 1966-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Onlar ailə qurduqdan sonra ailəlikcə Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində yaşayırdılar. 1992-ci mart ayında həyat yoldaşı X3 da qeyriləri kimi Daşkəsən şəhərində 18 yaşdan 50 yaşa kimi olan kişilərin səfərbər edilərək cəbhəyə göndərilməsi üçün keçirilən reyd (o vaxt oblava deyilirdi) zamanı komissarlığın və rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq, qardaşı X4 ilə birlikdə ön cəbhəyə döyüşə göndərilmişdirlər. Xidmətini qardaşı ilə N saylı hərbi hissənin tabeçiliyində olan Gəncə kəşfiyyat batalyonunda başlamışdır. O, Ağdam və Ağdərə rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Onların komandiri Gəncə şəhərindən X5 idi. Müdafiə Nazirinin əmrinə əsasən Behbudgilin 90 günlük xidmətləri başa çatdığına baxmayaraq, onları müharibə qurtarana kimi tərxis etməyəcəklərini bildirmişlər. Behbudun Şəmkir rayonunun Dəllərcəyir kəndindən Rzayev Səfər adlı, Rəşidnən bir yerdə olan Şəmkirin Seyfəli kəndindən Məmmədov Vahid adlı, Seyidov Asif, Kərimov Etibar və başqa döyüş yoldaşları var idi ki, çoxunun adını unutmuşdur. Həyat yoldaşı mərhum X3, 25 iyul 1992-ci il tarixdə, qardaşı Rəşiddən bir neçə saat sonra Ağdərə rayonu ərazisindəki yüksəkliklərdə gedən döyüşlərdə iştirakı zamanı aldığı çoxsaylı güllə yarasından həlak olmuşdur. Meyidlərin hər ikisini də tabutda Tərtər xəstəxanasından qaynı Qiyasa vermişlər. Həmin vaxtlar özbaşınalıq olduğundan, uşaqları körpə olduğundan, özü də savadsız və kimsəsiz olduğundan başa düşməmişdir ki, Behbudun ölümü barədə, səfərbər edilərək göndərildiyi hərbi komissarlığa məlumat versin və onun adını şəhidlər siyahısına yazdırsın. Sonradan məhkəməyə bir neçə dəfə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 24 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına xx.xx.1992-ci il tarixli 320159 nömrəli ölüm haqqında şəhadətnamənin, xx.xx.1987-ci il tarixli 310957 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli 1/Ə10037 nömrəli məktubunun surəti və Daşkəsən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)- 52/2019 nömrəli qətnamənin və xx.xx.2019-cu il tarixli, 2(030)-52/2019 nömrəli qərardadının təsdiq edilmiş surətləri, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 480 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli, 9/2-17278 nömrəli və xx.xx.2019-cu il tarixli, 9/2-17612 nömrəli məktubları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, Ə/1294 nömrəli məktubunun surəti, xx.xx.1984-cü il tarixli, NZ ******* nömrəli hərbi biletin surəti, xx.xx.2020-ci il tarixli arayışın surəti, Daşkəsən rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli, 55 nömrəli məktubunun surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad olunur və qeyd edilən sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3 və 34.1-ci maddələri). İddiaçı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət baxımından mərhum əri X1 25 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında həlak olduğu nəzərə alınaraq ona şəhid statusunun verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının ailəsinə şəhid ailəsi statusunun verilməsi X2 şəhid statusunun verilməsinə bağlıdır və həmin məsələnin həllindən asılıdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının mərhum ərinə münasibətdə həm ölüm haqqında şəhadətnamə, həm də məhkəmə qətnaməsi mövcuddur və həmin sənədlər iş üzrə materiallara əlavə olunmuşdur. Belə ki, iş üzrə materiallara əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(030)-52/2019 nömrəli qətnaməsi və həmin qətnamənin izah edilməsi barədə xx.xx.2019-cu il tarixli, 2(030)-52/2019 nömrəli qərardadı ilə X1 1992-ci ilin mart ayından 1992-ci ilin iyul ayının 25-dək, yəni döyüşdə Ağdərə rayonunda düşmən tərəfindən atılan güllə yarasından həlak olduğu günədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Ağdam və Ağdərə rayonları istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmuşdur. Həmçinin, həmin qətnamənin və qərardadın məzmunundan görünür ki, X1 1992-ci ilin mart ayından 1992-ci ilin iyul ayının 25-dək nəinki Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi, eyni zamanda onun Ağdərə rayonunda döyüşlər zamanı düşmən tərəfindən atılan güllə yarasından həlak olduğu da müəyyən olunmuşdur. Bundan başqa, iş üzrə materiallara əlavə olunmuş xx.xx.1992-ci il tarixli, İV-ЖГ N 320159 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X3 1992-ci ilin iyul ayının 25-də Ağdərə rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı erməni işğalçılarının atdığı güllələrdən aldığı xəsarətlər (bədəni deşib keçən çoxlu güllə yarası) nəticəsində həlak olmuşdur. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə X1 şəhid hesab edilməsini təsdiq edən hər iki sənəd-həm məhkəmə qətnaməsi, həm də ölüm haqqında şəhadətnamə etibarlıdır və buna görə də qüvvədədir. Həmçinin nəzərə almaq lazımdır ki, dövlət tərəfindən və dövlət adından verilmiş həmin sənədlərin etibarlı olduğu müddət ərzində həmin sənədlərlə müəyyən olunan və təsdiq olunan faktlar və ya məlumatlar mötəbər sayılmalı və qəbul edilməlidir. Bundan başqa, eyni cavabdehə qarşı həmin faktların müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında mülki məhkəmə tərəfindən qəbul edilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmiş, hazırda qüvvədə olan qərarın hazırkı inzibati məhkəmə icraatı çərçivəsində preyudisial əhəmiyyətə malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, şəxsin hərbi xidmətə, o cümlədən döyüşlərə cəlb olunmasının, habelə döyüşlərdə həlak olmasının müvafiq qaydada rəsmiləşdirilməsi və sənədləşdirilməsi aidiyyəti qurumların məsuliyyət sferasına aiddir və onun neqativ nəticələri, şəxsin təqsirli davranışının istisna olunduğu hallarda həmin şəxsə aid edilə bilməz. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mərhum həyat yoldaşına şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı sayılmalıdır. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər: şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mərhum həyat yoldaşı X2 şəhid statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum əri X2 şəhid statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-3252/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3252/2022
24.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver