Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3253/2025 14.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X7 z oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Gəncə regional Cavabdehnə qarşı “uşağın soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Gəncə regional Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X1 “Eldənizli” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə, evlənmişlər. Onların birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü Dəniz adlı övladları doğulmuşdur. Dənizə doğum haqqında şəhadətnamə alarkən onun soyadı valideynlərinin soyadına uyğun olaraq Məmmədhəsənli kimi qeyd edilmişdir. Onlar hazırda övladlarının baba adı olan “Eldəniz”ə uyğun olaraq “Eldənizli” soyadı daşımasını arzu edirlər. Bu, onların gələcəkdə baba adının yaşadılması və soyadın bu şəkildə davam etdirilməsi istəklərindən irəli gəlir. Dəniz körpə uşaqdır və onun soyadının dəyişdirilməsində hər hansı digər bir səbəb yoxdur. Ona görə də, iddiaçılar bu məqsədlə cavabdeh inzibati orqana müraciət etsə də, xx.xx.2025-ci il tarixli, 3-16-518-221- 15/25 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edilərək, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Onlar hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı deyildir. Hazırkı halda uşağın soyadının dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçılar məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları xx.xx.2023-cü il tarixli AZ-İİ 597069 №-li nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı1 ilə X4 xx.xx.2023-cü il tarixdə nikahı bağlanılmış, ərə Məmmədhəsənov, arvada Məmmədhəsənova soyadı verilmişdir. 9130 1 2780 06122024 nömrəli Doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında “X3”, ata-ana haqqında məlumat qrafasında “İddiaçı1” və “İddiaçı2” qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli AZ-V 069084 №li doğum haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. “Atası” qrafasında İddiaçı1 , “anası” qrafasında İddiaçı2 yazılmışdır. 1 saylı Gəncə regional Cavabdeh tərəfindən vətəndaş İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.1-ci maddəsinə müvafiq olaraq uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz ad, ata adı və soyadlarının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, D.Məmmədovanın doğumu haqqında akt qeydinə baxış keçirilərkən onun adının dəyişdirilməsinə dair hər hansı qeyd aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 32. Şəxsi toxunulmazlıq hüququ İİ. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları
6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar
3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə.
4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla qeyd edilməlidir ki, qanunvericiliyin tələblərindən irəli gəlir ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları ) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. İşin hallarından müəyyən olur ki, iddiaçılar İddiaçı1 ilə X4 xx.xx.2023-cü il tarixdə nikahı bağlanılmış, birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. İddiaçılar cavabdehə ərizə ilə müraciət edərək, övladlarının soyadının “Məmmədhəsənli”dən “Eldənizli” soyadına dəyişdirilməsini xahiş etmişlər, cavabdeh tərəfindən uşağın soyadın dəyişdirilməsinin qanunvericiliyin tələbinə uyğun olmadığı bildirilərək imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericilik konkret tənzimləmələr gətirməklə adın, ata adının və soyadın dəyişdirilməsini mümkün hesab etmişdir. Cavabdeh orqan da həmin tənzimləmələrə əsaslanaraq iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə hesab edir ki, qanunvericilikdə uşağın soyadının valideynlərin soyadından fərqli soyada dəyişdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmasa da, bu məsələyə şəxsi və ailə həyatına hörmət hüququ baxımından yanaşılmalıdır. İddiaçılar övladlarının soyadlarının “Məmmədhəsənli”dən İddiaçı1 atasının adı olan “Eldəniz” adına uyğun olaraq “Eldənizli” kimi dəyişdirilməsini baba adının yaşadılması və soyadın bu şəkildə davam etdirilməsi məqsədilə istəyirlər. Məhkəmə qeyd edir ki, şəxsi və ailə həyatına hörmət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qanunda nəzərdə tutulmuş məqsədə uyğun, mütənasib olmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh orqanın imtinası qanundan irəli gəlsə də, güdülən qanuni məqsədə mütənasib olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X2 doğum haqqında akt qeydində soyadının “Məmmədhəsənli”dən “Eldənizli” soyadına dəyişdirilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə regional Cavabdehnə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X2 doğum haqqında akt qeydində soyadının “Məmmədhəsənli”dən “Eldənizli” soyadına dəyişdirilməsi öhdəliyi cavabdeh 1 saylı Gəncə regional Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva