Məhkəmə qərarları › İş №2-1(114)-3257/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3257/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3257/2023 12.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xüsusi mülkiyyət hüququnun 0,0330 ha hissədə etibarsız hesab edilməsi və çıxarıların ləğv olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X2 və X8) qarşı üçüncü şəxslərin adına qeydə alınmış xüsusi mülkiyyət hüququnun JN-132F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşən 0,0330 ha hissədə etibarsız hesab edilməsi və çıxarışların ləğv olunması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçılar İddiaçı və X9 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Düzqışlaq kəndində torpaq sahəsi üzərində mərhum X1, daha sonra isə vərəsəlik qaydasında X2 və X4 adına qeydiyyata alınmış xüsusi mülkiyyət hüququnun JN-132F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşən 0,0330 ha hissəsində etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin iddiaçılar X2, Quliyeva (Həsənova) Elvira Çingiz qızı və X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və X9) qarşı iş üzrə 21 noyabr 2017-ci il tarixli 2-1(83)-2738/2017 nömrəli qərarı ilə iddiaçıların iddiası təmin edilərək, X1 adına verilmiş JN-132F nömrəli və İddiaçı adına verilmiş JN-131A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, X1 adına olan JN- 132F nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,26 ha torpaq sahəsinin koordinatlarının İddiaçı məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, İddiaçı adına olan JN-131A nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,23 ha torpaq sahəsinin koordinatlarının X5 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, habelə həmin torpaq sahələrinə dair müvafiq şəxslərin adına texniki sənədlərin hazırlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən 0,1965 hektarlıq yaşayış məntəqəsi torpaq sahəsi X1 xüsusi mülkiyyət hüququ geydiyyata alınmışdır. Daha sonra, həmin daşınmaz əmlak üzərində vərəsəlik qaydasında X2 və X4 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Üçüncü şəxslər tərəfindən torpaq sahəsinə giriş-çıxışları qanunsuz şəkildə məhdudlaşdırıldığından, tərəflərindən X1 vərəsələri X2 və X7 qarşı qanunsuz tikilmiş hasarın sökülməsi, torpaq sahəsinə giriş-çıxışa yaradılmış maneənin cavabdehlərin hesabına aradan qaldırılmaqla, torpaq sahəsinə giriş-çıxışın təmin edilməsinə dair iddia ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edilmiş və iş üzrə DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, hazırda İddiaçı və X3 faktiki istifadəsində olan torpaq sahəsi JN-132F nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşir. Hazırda İddiaçı və X3 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü JN-132F nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ölçülərə müəyyən hissələrdə uyğun gəlir. İddiaçılar İddiaçı və X3 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü JN- 132F nömrəli Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ölçülərə tam uyğun deyildir və 0,0330 ha hissəsi koordinatlara əsasən X2 və X4 adına qeyd olunmuş çıxarışla üst-üstə düşür. Bütün bu olanlar ona dəlalət edir ki, cavabdeh Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 21 noyabr 2017-ci il tarixli 2- 1(83)-2738/2017 nömrəli qərarı ilə dəyişdirildikdən sonra, onların mülkiyyətlərinə verilmiş 0,26 ha ölçüsündə torpaq sahəsinin 0,033 ha ölçüsü hissəsində koordinatlarını əvvəlcə X1, daha sonra isə X2 və X4 adına işləmişlər. Bütün bunlar cavabdeh qurumun qanunsuz hərəkətləri nəticəsində onların hüquqlarının pozulmasına və bu pozuntu nəticəsində torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında uyğunsuzluqların yaranmasına səbəb olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

5. Eyni zamanda, məhkəmə tərəfindən İPM-nin 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım barədə sərəncam göndərilmişdir.

6. İddiaçılar, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdehin və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

10. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu, Düzqışlaq kəndində torpaq sahəsi üzərində mərhum X1, daha sonra isə vərəsəlik qaydasında X2 və X4 adına qeydiyyata alınmış xüsusi mülkiyyət hüququnun JN-132F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşən 0,0330 ha hissəsində etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2023cü il tarixdə sərəncam göndərilərək bildirilmişdir ki, iddia tələbində məhkəmədən xahişləri aydın və konkret deyildir. İddia ərizəsinin məzmunundan belə müəyyən etmək olur ki, iddiaçıların hüquqi maraqları X2 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qismən ləğv edilməsi ilə bağlıdır. Bu halda, qaldırılmış iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aid olur və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Məhkəməyə təqdim edilmiş materiallarda isə cavabdeh inzibati orqana müraciətləri və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud deyildir. Ona görə də, tələbin konkretləşdirərək, aydın ifadə edildiyi iddia ərizəsinin, eyni zamanda inzibati orqana müraciətin və ya imtina məktubununun hazırlıq iclasınadək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

12. İddiaçılardan İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlandığı ərizəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət ərizəsi və müraciətlərinin təmin edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məktubunu əlavə etsə də, iddia tələbi dəqiqləşdirilməmiş qalmış və yenilənmiş iddia ərizəsi məhkəməyə təqdim olunmamışdır.

13. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

14. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

15. Məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır.

16. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir.

17. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

18. Göründüyü kimi, xüsusi mülkiyyət hüququnun 0,0330 ha hissəsində etibarsız hesab edilməsi barədə tələb, eyni zamandan çıxarışların ləğvi tələbi inzibati məhkəmə icraatında baxılan mübahisənin predmeti kimi qoyula bilməz. Ona görə ki, iddiaçılar iddia tələbində hər hansı inzibati aktın deyil, üçüncü şəxslərin xüsusi mülkiyyət hüququnun etibarsız sayılmasını tələb edirlər. Halbuki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

19. Çıxarışların ləğvi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

20. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

21. Hazırkı işdə də mübahisəli torpaq sahəsinə dair istər X1 adına qeydiyyat Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-2738/2017 saylı qərarı əsasında aparılaraq, bu barədə əvvəlcə X1, daha sonra X2 və X4 adına çıxarışlar verilmişdir. Yəni, iddiaçı həmin çıxarışları deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirə bilər. Bu barədə iddiaçılara hüquqi yardım edilsə də, onlar tələblərini qanunun tələblərinə uyğun şəkildə uyğunlaşdırmamışlar.

22. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

23. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar