Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-326/2023 16.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizliyinə görə obyektin qeyri-qanuni sökülməsinin nəticəsi olaraq sahibkar kimi ona və ailə üzvlərinə vurulmuş zərərin əvəzində 11.000 (on bir min) manat kompensasiyanın ödənilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2001-ci il tarixdə Cavabdeh başçısı E.Babayevin imzası ilə 297 saylı sərəncam imzalanaraq Gəncə şəhəri, Dəmiryolaltı yaşayış ərazisi, 6 A saylı evdə yaşayan mərhum nənəsi X1 Gəncə şəhəri N.Nərimanov prospekti ilə Nizami küçəsinin kəsişməsinin cənub tərəfində köşklü dayanacağın inşa etdirilməsinə dair icazə vermişdir. Müvafiq olaraq Gəncə şəhəri üzrə baş memar M.İbrahimovun imzası ilə təsdiqlənmiş layihə əsasında həmin köşklü dayanacaq ailənin vəsaiti hesabına inşa edilmiş və Cavabdeh tərəfindən təqdim olunmuş şəxsi hesaba 3.000 (üç min) manat pul köçürülmüsdür. Obyektin işə düşməsi ilə əlaqədar olaraq obyekt 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmış və müvafiq qaydada nəzarətkassa aparatı ilə təmin edilmişdir. Beləliklə də obyekt işlək vəziyyətdə olarakən 2008-ci ildə Cavabdeh keçmiş başçısı E.Əzizovun tələbi əsasında yenidən layihələndirilərək, Gəncə şəhərinin baş memarı M.İbrahimovun təqdim etdiyi layihə əsasında yenidən qurulmuş və obyektin yenidən dizayn edilməsinə 8.000 (səkkiz min) manat vəsait xərclənmişdir. 2015-ci ildə obyekt sahibləri olaraq onlara heç bir xəbərdarlıq olunmadan və qanunvericiliklə nəzərdə tutulmuş qaydada kompensasiya ödənilmədən Cavabdeh başçısının şifahi göstərişi əsasında obyekt dağıdılmışdır. Bundan sonra ailəsi tərəfindən Gəncə şəhəri Nizami Rayonu İcra hakimiyyətinin başçısı işləmiş M.Mustafayevlə əlaqə qurulmuş və onlara müvafiq qaydada kompensasiyanın ödəmiləcəyi vədi verilmişdir. Lakin bir müddət keçdikdən sonra müəyyən olunmuş ki, kompensasiya barəsində verilmiş vəd aldadıcı xarakter daşıyır. Hal-hazırda həmin köşklü dayanacağın yerində başqa bir köşk dayanacaq inşa olunmuşdur. Deməli öz şəxsi vəsaitləri hesabına inşa edilmiş köşklü dayanacağın qanunsuz sökülməsinin nəticəsində xərclədiyi 11.000 (on bir min) manat hədər getmişdir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, sosial və psixoloji anlamlarına toxunmasa da heç olmasa nağd formada xərclədiyi pul vəsaiti kompensasiya formasında qaytarılmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 avqust 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə hazırkı məhkəmə iclası ilə əlaqədar məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 297 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Dəmiryolualtı yaşayış ərazisi, 6a saylı evdə yaşayan təqaüdçü X1 Nizami küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsinin cənub hissəsində müasir dizayn tərtibatlı dayanacaq quraşdırılmaqla bir hissəsində 6,0 kv.m ölçüdə çörək satışı köşkü təşkil etməsinə icazə verilmişdir. -işə əlavə edilmiş mədaxil orderinin surətindən görünür ki, X2 tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin hesabına 3.000 (üç min) manat ödənilmişdir. -işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən X1 verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində yerləşən çörək mağazası olduğu yer üzrə uçota alınmışdır. -işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, Gəncə şəhəri Nizami küçəsi ilə N.Nərimanov prospektinin kəsişməsində yerləşən köşk olduğu yer üzrə uçota alınmışdır. -cavabdehin xx.xx.2021-ci il tarixli, 03/388 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2001-ci il 14 may tarixli 297 nömrəli sərəncamına əsasən N.Gəncəvi prospekti ilə N.Nərimanov küçəsinin kəsişməsinin cənub hissəsində nəqliyyat dayanacağı quraşdırılmasına və onun bir hissəsində çörək satışı köşkü təşkil edilməsinə icazə verilmişdir. Müraciət müəllifi iddia etdiyi torpaq sahəsinə dair hər hansı hüquqverici, həmçinin bu əmlakın sökülməsini təsdiq edəcək sənəd təqdim edə bilməmişdir. Odur ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı hüquqları pozulmadığı üçün ona kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. -cavabdehin xx.xx.2022-ci il tarixli, H-110/2-150/2-t/1 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən köşkün sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı bir qərar verilməmiş və söküntü işləri aparılmamışdır. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 067/Mİ/23 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış binasının (köşkün) 2015-ci ilə bərpa dəyəri 7.500-8.500 (yeddi min beş yüz-səkkiz min beş yüz) manat müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, məsuliyyətin yaranması üçün ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə bununla bağlı qeyd edilməsini zəruri hesab edir ki, şəhər və yaxud rayon ərazisində aparılan abadlaşdırılma, yenidənqurma tədbirləri müvafiq şəhər və yaxud rayon icra hakimiyyətinin sərəncamı və ya göstərişi əsasında aparılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunduğu və xüsusi mülkiyyət hüququnun qanunla qorunması təsbit edilmişdir. Göründüyü kimi, konstitusion prinsiplərə əsasən Gəncə Şəhər İcra Hakimiyyəti müvafiq ərazidə mülkiyyətin toxunulmazlığını və mülkiyyətçilərin hüquqlarının qorunmasını təmin etməyə borclu olan əsas icra hakimiyyət orqanıdır. İş materialları ilə iddiaçıya məxsus ticarət obyektinin söküntü anına qədər mövcudluğu, eləcə də hazırda sökülmüş olması halı öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Göründüyü kimi iddiaçıya cavabdeh şəxsin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş, bununla yanaşı belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh orqan sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər isə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -1.1.1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün “alınma” dedikdə dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. -1.1.6-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün kompensasiya dedikdə bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz nəzərdə tutulur. -7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. -7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. -56.1.5-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Belə ki, onun mülkiyyəti dövlət tərəfindən alınmışdır. Bu müdaxilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə əsasən əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir. İddiaçı maddi zərərə görə 11.000 manat məbləğin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. İddiaçıya dəymiş maddi ziyanın hesablanması üçün məhkəmə tərəfindən mütəxəssisə müraciət olunmuş və xx.xx.2023-cü il tarixli, 067/Mİ/23 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən sökülmüş qeyri-yaşayış binasının (köşkün) 2015-ci ilə bərpa dəyəri 7.500-8.500 (yeddi min beş yüz - səkkiz min beş yüz) manat dəyərində müəyyən olunmuşdur. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən, yəni 7.500 (yeddi min beş yüz) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 7.500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-326/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-326/2023
16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver