Məhkəmə qərarları › İş №2-1(114)-3261/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3261/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3261/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, həmin tarixdən iddiaçıya orqanizmin funksiyalarının 35-60% faiz pozulmasına görə, iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlilliyin təyin olunması ilə bağlı öhdəliyin icrasının cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi (İİ Qarabağ müharibəsi) döyüşlərində iştirak etmişdir. Müharibədə hərbi partlayış travması almışdır. Partlayış nəticəsində kəllə-beyin travması və bədənində çoxsaylı xəsarətlər almışdır. xx.xx.2022-ci il tarixdə ona İİİ qrup Qarabağ Müharibəsi əlilliyi verilmişdir. 2025-ci ilin fevral ayında növbəti müayinənin vaxtı çatdığı üçün o müayinədən keçmişdir. X6-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik dərəcəsi verilməsindən imtina olunması ilə bağlı xx.xx.2025-ci il tarixli qərar qəbul olunmuşdur. O, aşağıdakılara əsasən bu qərarı düzgün hesab etmir. Qeyd etdiyi kimi o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi partlayış travması almışdır. Belə ki, müayinə zamanı aşağıdakılar qeyd olunmuşdur: Müharibə zamanı alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu, əhvalın üzvi mənşəli pozuntusu, üzvi mənşəli emosional labil (astenik) pozuntu yaranmış, hərbi əməliyyatlarda baş vermiş partlayışlar nəticəsində zədələnmələr baş vermişdir. (Barotravma, sağ qasıq nahiyəsinin kor qəlpə yaralanması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5, sol qulaqda 3,5 metr məsafədən eşitməsi və s.) Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-3261/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, həmin tarixdən iddiaçıya orqanizmin funksiyalarının 35-60% faiz pozulmasına görə, iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11 yanvar 2022-ci il tarixli 274 saylı qərarından görünür ki, İddiaçı qoyulmuş diaqnoz: Mulayim dərəcədə ifadə olunmuş uzvi emosional labil (astenik) pozuntu. Mülayim dərəcədə ifadə olunmuş emosional davamsız şəxsiyyət pozuntusu Partlayış yaralanması (03 10.2020) sağ qalça nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birinci cərrahi işləməsindən sonrakı bərkimiş dəri çapığı Barotravma (03.10 2020) ikitərəfli xroniki koxlear nevrit iki tərəfili davamlı ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 5 (beş) sol qulaqda 3.5 (üç tam onda beş metr məsafədən eşitməsi ilə” Hərbi travmadır, Azərbaycan Respublıkasının müdafiəsi zamanı alınmışdır səbəb əlaqəsi ilə təsdiq olunur. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə AR ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar, orqanizmin funksiyalarının 35 faiz pozulmasınna görə əlillik təyin edilmişdir. xx.xx.2025-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Mingəçevir PND Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Stasionar müalicə aldığı müəssisələr: Mingəçevir PND - daxil olma tarixi: xx.xx.2025, çıxma tarixi xx.xx.2025, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2025, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu 1 saylı Respublika Psixatriya Xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu Həkim müayinəsinin nəticəsi: xx.xx.2025 F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Anemnestik məlumatlardan bəllidir ki, irsiyyəti ruhi əsəb xəstəlikləri ilə ağırlaşmayıb. İlkin inkişafı norma daxilində olub. Məktəbdə oxuyub. Orta təhsillidir. Subaydır. İşləmir. Müddətli hərbi xidmətdə olub. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlarla xx.xx.2025-ci il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2025ci il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2025-ci il tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2517 saylı ekspert rəyindən görünür ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0) müəyyən edilir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2025-ci il tarixdən orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Qeyd olunan Qaydaya 2 nömrəli əlavəyə əsasən, təkrar əlillik müraciətləri üçün son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti F07.0 kodu üzrə stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti – 2 dəfədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.1-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə “Psixi və davranış pozuntuları, Simptomatik daxil olmaqla üzvi psixi pozuntular, əhvalın üzvü mənşəli (affektiv) pozuntusu ...” diaqnozu ilə, AR ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə əlillik təyin edilmişdir. İddiaçının brəsində xx.xx.2025-ci il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə, “Diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Mingəçevir PND tərəfindən verilən xx.xx.2025-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı təkrar əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı həkim müayinəsinin nəticəsi “Üzvi mənşəli şəxsiyyət pozuntusu” olmuşdur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2517 saylı ekspert rəyindən görünür ki, İddiaçı Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, davranış pozuntuları, depressiv daxilolmalar və anamnezində intihar cəhdləri ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodlar-F07.0) müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2022-ci il tarixdə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 11 yanvar 2022-ci il tarixli 274 saylı qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Ona görə də iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Anar Rizvan oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar