Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3263/2024 25.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyi üzrə ödənişlərin dayandırılmasına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2-ci dərəcəli əlildir. İddiaçı qeyd edir ki, bu əlillik ona 2008-ci ildə, özü də müddətsiz verilmiş, buna baxmayaraq, yəni əlilliyi müddətsiz olduğu halda xx.xx.2023-cü ildən “reabilitasiya olunmusunuz” ilə əlilliyi üzrə ödənişlər dayandırılmışdır. Həmçinin, müddətsiz əlil heç vaxt reabilitasiya oluna bilməz. Aidiyyəti tibb komissiyası iddiaçının səhhətini 2008-ci ildə səhhətini yoxlamış, sağlamlığının bir daha geri qayıtmayacağını müəyyən etmiş, məhz buna görə 2-ci dərəcəli əlillik ona müddətsiz verilmişdir. İddiaçı qeyd edir ki, hələ uşaqlıqdan bağırsaq xəstəliyinə görə o, 2-ci qrup əlillik pensiyası almış, yəni o zamandan şikəstdir. İddiaçı Daşkəsən rayonu, Alaxançallı kəndində yaşayır. (işğal altında olmuş Kəlbəcər rayonu ilə həmsərhəddir). 1998-ci ildə baş verən döyüşlərin (post atışmalarının) birində qumbara atəşi altına düşmüş, qəlpələr bağırsağının 7 yerini dağıtmış, bir çoxu bədəninin başqa yerlərinə girmişdir. Bu qəlpələr iddiaçının mütəmadi sızladır, bağırsaqlarından əlavə mədəaltı vəzində də böyük problemləri var. İddiaçı bildirir ki, bu gün onu hədsiz incidən, gücünü əlindən alan, ağır əşya qaldırmağına imkan verməyən bu qəlpələrin sayını dəqiq bildirən həkim yoxdur. O qeyd edir ki, 3-4 kiloqramdan artıq yük qaldırmaq ölümünə səbəb ola bilər, ona görə də işləməyi, adicə qoyun-quzu saxlamağı mümkün deyildir. İddiaçı 3 nəfərdən ibarət ailə tərkibinə sahibdir, anası ağır formada şəkərdir, cərrah onu operasiya etməlidir, lakin bunun üçün pul yoxdur. Həyat yoldaşı da xəstə olduğu üçün işləmir, ailəsinin əldə etdiyi pullar anasının və arvadının dava-dərmamına sərf olunur. İddiaçı bildirir ki, 220 manat pensiya kəsiləndən sonra tamam zillətə düşmüş, belə ki, o, həqiqətən əlildir. Həmçinin, cavabdeh X7 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məntiqsiz və əsassız rəyinə söykənib, onun əliliyinə xitam verilməsi qanunsuz hərəkətdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və həmin qərar əsasında çıxarılmış xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3263/2024 nömrəli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1994-cü ildə travma almışdır. Lakin, sonrakı Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80-T88 - Digər rubrikalarda təsnif olunmayan, cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T88 -... X2: Çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonraki xəstəlik. 12 barmaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə. (DSMF məlumatlarına əsasən) Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib. İddianın təmin edilməməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, göstərdi ki, o, xəstə olduğu üçün iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2008-ci il tarixdən “çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonrakı xəstəlik. 12 bamaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə” diaqnozu ilə müddətsiz ümumi xəstəlik səbəbi ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 5 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixində ona ümumi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləvği barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi phş tərəfindən İddiaçı ünvanlanmış “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı onun əlilliyinin ləğv edilməsi barədə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini xahiş edir. Qeyd olunan iddia tələbi mübahisələndirmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixində müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi keçirilmiş və tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. İddiaçı bildiriş göndərilərək ona ümumi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin xx.xx.2023-cü il tarixindən ləğv edildiyi bildirilmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunan bildiriş iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə alınmış, məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, xəstə olmuşdur. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçının qeyd etdiyi iddia müddətini ötürməsinin səbəbi məhkəmə tərəfindən üzrlü hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva