Məhkəmə qərarları › İş №2-1(114)-3266/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3266/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3266/2023 12.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün sosial müavinətin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə M/V 031849 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır.

2. İddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmiş və hər ay ödənilməsi davam etdirilir.

3. İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir.

4. İddiaçı ona ödənilməmiş əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözügedən müavinət növü ləğv edildiyindən və xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası aldığına görə ona qeyd etdiyi dövrlər üzrə (veteran vəsiqəsinin verildiyi xx.xx.2017-ci il tarixdən əvvəl) müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona istifadə etmədiyi xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə qədər olan “Müharibə veteranı” müavinət pulunun ona verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-ci ildə Şəmkir RPŞ-də xidmət etmiş, azğın düşmənlər vətənimizə hücum edən zaman o da digər polislər kimi silahlanaraq Gədəbəy, Goranboyun Buzluq kəndləri uğrunda gedən döyüşlərə qatılmış, bir çox döyüşlərdə iştirak etmiş, bu döyüşlərdən ən parlaq və uğurlusu Gədəbəydə yerləşən Başkəndin ermənilərdən azad olunması olmuşdur. 1994-cü ilin may ayında atəşkəsdən sonra o və yoldaşları şöbəyə qayıtmış, döyüşdə iştirak etməsinə baxmayaraq ona “Müharibə veteranı” vəsiqəsi yalnız xx.xx.2017-ci ildə verilmişdir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı və etiraza əlavəsi məhkəməyə daxil olmuşdur.

16. Etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-H-109927/2023 nömrəli imtina məktubunda bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdən ona əlilliyə görə əmək pensiyası ödənildiyindən müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İnzibati icraatın aparılması zamanı aşkar edilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir. Sözügedən hal nəzərə alındıqda ona müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin təyin edilərək ödənilməsi "Sosial müavinətlər haqqında" Qanunun 7.0.6-cı maddəsinin tələblərinə ziddir. xx.xx.1994cü il tarixdən qüvvədə olan "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: "İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir". Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir.

17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2017-ci il tarixli M/V 031849 nömrəli müharibə veteranı vəsiqəsi; - Azərbaycan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli imtina məktubu; - X4 Sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

22. İşin hallarından müəyyən olunduğu kimi iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2017-ci il tarixdə M/V 031849 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona sosial müavinət ödənilməyə başlanılmışdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən isə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Prezident təqaüdünün ödənilməsi həyata keçirilir.

23. Hazırkı mübahisə həmin təqaüdün müharibə veteranı adının verildiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır.

24. İddiaçı ona ödənilməmiş 3 il üçün sosial müavinətin ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, sözü gedən müavinət növü ləğv edildiyindən və ərizəsində qeyd etdiyi dövrlər üçün əmək pensiyası aldığına görə ona qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

25. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənildiyindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

26. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət. Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.

27. Məhkəmə qeyd edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Lakin bu halda sosial müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

28. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaya etiraza əlavəyə əlavə edilmiş X4 Sistemindən çıxarışla müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərək ödənilir. Bu halda iddiaçıya pensiya aldığı həmin dövr üçün sosial müavinətin ödənilməsi yolverilməz olduğundan əvvəlki 3 il üçün sosial müavinəti tələb etmək hüququnun olması da istisna edilir.

29. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar