Məhkəmə qərarları › İş №2-1(114)-327/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-327/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-327/2023 25.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstə olduğu halda düzgün müayinə edilmədən hərbi xidmətə göndərildiyi üçün maddi və mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021 ci il tarixdə Bərdə rayon SHXÇDX tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, komissiyadan keçirilərək Müdafiə Nazirliyinin N nömürəli hərbi hissəsinə göndərilmiş və N iyun 2021-ci il tarixdən xidmətini MN-nin N nömürəli hərbi hissəsinin zenit raket batareyasının pilotsuz uçuş aparatına qarşı mübarizə heyyətinin tuşlayıcı operator vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətə davam etmişdir. Xidməti dövründə səhhətində problemlər yaranmış və xx.xx.20121-ci il tarixdə Müdafiə Nazirliyinin həkimləri tərəfindən xidmətə yararsız bilinərək ordu sıralarından təxris olunmuşdur. Bir sıra dövlət orqanlarına rəsmi müraciətləri olsa da heç bir əhəmiyəti olmamışdır. Belə ki, Hərbi Prokrorluğun araşdırmasının və həkim komisiyalarının rəyindən məlum olmuşdur ki, iddiaçıda olan xəstəlik ümumi xəstəlik olub və Səfərbərlik xidmətinin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq onu düzgün yoxlamamış, hərbi xidmətə yararlı olaraq göndərmişdir. İddiaçı hesab edir ki, 8 ay ərzində ona və ailəsinə 25000 (iyirmi beş min) manat məbləğində maddi və mənəvi ziyan dəymişdir. İddiaçı ona dəyən ziyanın ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hərbi xidmətə getməzdən əvvəl və xidmətin ilk 6 ayı ərzində səhhətində problem olmamışdır, sonradan halsızlıqla başlayan problemlər hiss etməyə başlamışdır. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2021-ci ilin aprel çağırışına cəlb edilmiş, tibbi şəhadətləndirmə zamanı səhhətindən heç bir şikayəti olmamışdır. Buna baxmayaraq xx.xx.2021-ci il tarixli 39 nömrəli göndərişlə gözündən tibbi müayinə olunması üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsi kimi ona xx.xx.2021-ci il tarixli 319 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən "OU-Zəif dərəcəli miopiya. M-0,75-1,0D" diaqnozu qoyulmuşdur. İddiaçı Bərdə rayon çağırış komissiyyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13d, (boy 180 sm, çəki 51 kg) 34ç 3-cü məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmişdir. N9 nömrəli hərbi hissə komandirinin göndərişi ilə MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək Nazirlər Kabinetinin 29 fevral 2008ci il tarixli 59 nömrəli qərarı ilə tədiq edilmiş "Hərbi -həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin İİ qrafasının 42c maddəsinə (diaqnoz: Revmatizm,qeyri fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi Hm 0,5 D və 1,0 D görmə itiliyinin sağda 0,4-ə gədər azalması, korreksiya ilə 0,8, solda 1,0 olmaqla. 36-cı dişin kariyesi. Ümumi xəstəlikdir) əsasən "dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuş, xx.xx.2021-ci il tarixdə N9 nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçının ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli 1512 nömrəli göndərişlə MN-nin Mərkəzi Hərbi Poliklinikasına yenidən şəhadətləndirilməsi üçün göndərilmiş, ona xx.xx.2021-ci il tarixli 24825 nömrəli "sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən əvvəlki diaqnoz qoyulmuşdur. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Onun hərbi xidmətə yararsız olmasına səbəb olan "Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı" diaqnozlu xəstəlik olmuş, lakin çağırışçının şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunmayan ürək çatışmazlığı olmadığı hallarda bu diaqnozlu xəstəliyin həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr nəticəsində aşkara çıxarılması mümkün olmamışdır. Belə ki, bu diaqnozun təyini ixtisaslı tibb müəssisələrində xüsusi kardioloji insturmental müayinələr ExoKQ aparılmaqla təyin olunur ki, bu müayinə həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli 21345 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olduğu üçün həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, C/4479 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı barəsində qəbul olunan “Hərbi xidmətə yararlıdır-A3” qərar Bərdə Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən verilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 24825 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı; Hər iki gözün miopiyası M 4.0 D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər, solda 0.5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla; 36-ci dişin ikincili adentiyası diaqnozu ümumi xəstəlikdir, Vertebrogen mənşəli lümbalgiya, remissiya mərhələsində; Gərginlik tip baş ağrıları xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. -surəti işə əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli PHŞ/1.1-2-2022-209 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Bərdə RMX” PHŞ-nin Ploiklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçmiş və sağlam hesab edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, C/3790 nömrəli məktubunun məzmunundan görünür ki, vaxtından əvvəl ehtiyata buraxılan müddətli həqiqi hərbi qulluqçulara təzminat ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı Bərdə rayon çağırış komisiyyası tərəfindən hərbi xidmətə yararlı hesab edilərək müvafiq hərbi hissəyə təhvil verilmişdir. Xidmət dövründə səhhətində yaranmış problemlə bağlı müvafiq komissiya tərəfindən şəhadətləndirilərək "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin İİ qrafasının 42c maddəsinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuş və xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı xəstə olduğu halda düzgün müayinə edilmədən hərbi xidmətə göndərildiyi üçün maddi və mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın ona ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun:- -12.2. maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; -13.1. maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. -13.2. maddəsinə əsasən çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq) iştirak etməlidirlər. -13.3. maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. -15.2. maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. -14.3. maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin:- 2.4. bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında" Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır:- - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilməzdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, cüzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahılarının alınması üçün Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən sorğu edilir. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon çağırış komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçının çağırış zamanı səhhətindən şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunan ürək çatışmazlığı olmadığı üçün həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil olmayan əlavə müayinəyə göndərilməsinə də zərurət olmamışdır. İddiaçının verdiyi izahatdan da göründüyü kimi, onun ürəklə bağlı qüsuru olmadığından tibbi şəhadətləndirmə zamanı komissiyaya belə bir məlumat verməmişdir. Bu səbəbdən də cavabdeh orqan səlahiyyəti həcmində müayinə aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008- ci il tarixli 7 nömrali Qərarın, 2- ci bəndində göstərilmişdir ki,: Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçını qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi tibbi müayinədən keçirmiş və səlahiyyəti həcmində müayinə aparmışdır. Bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar