Məhkəmə qərarları › İş №2-1(114)-327/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-327/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-327/2025 19.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X5 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür.

2. xx.xx.2001-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli 37 nömrəli əmrlə həmin tarixdən Şamxor rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 54 nömrəli əmrlə həmin tarixdə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixli 11 nömrəli əmrlə həmin tarixdə Şəmkir rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrlə həmin tarixdən işdən azad edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-Ə- 1340/1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Əliyev X10 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir. İddiaçı Calal oğlu 1980-ci ilin fevral-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin mart-dekabr ayları, 1984-cü ilin yanvar-dekabr ayları əmək haqqı almışdır. "xxxx" ASC-nin dislokasiyasında olan rayonların əmək haqqı cədvəlləri X17 filialına pərakəndə şəkildə təhvil verilmişdir. Həmçinin 1982-ci il üzrə, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı 1982-ci il və 1983-cü ilin yanvar-fevral aylarında aldığı əmək haqqı və 1982-ci ildə adına verilmiş əmr arayışda göstərilməmişdir. Bildirilir ki, İddiaçı atasının adı əmrlərdə Cəlal kimi qeyd olunmuşdur.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-230747/2023 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 18 il 3 ay 9 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1997ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (eyni tarixdə eyni qələmlə yazılmışdır, həmçinin birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilmişdir) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, xx.xx.1980-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləri müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********833500 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “Şəmkir rayon Buzxanalı Sallaqxana”nın xx.xx.1995-ci il tarixdə D-594 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən halhazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

6. Azərbaycan Respublikası Dövlət X7 xx.xx.2024-cü il tarixli 3-48-13F/1-10/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Şəmkir rayon Buzxanalı Sallaqxana”nın arxiv sənədləri X15 Filialına təhvil verilmədiyi üçün arxivdə saxlanılmır.

7. Məhkəmənin sorğusuna Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-78/2-37/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Şəmkir (Şamxor) Buzxanalı sallaqxana 27 iyul 1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

8. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Dövlət X9 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-517/2024 nömrəli arxiv arayışında göstərilmişdir ki, Əliyev X10 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir. İddiaçı Calal oğlu 1980-ci ilin fevral-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin mart-dekabr ayları, 1984-cü ilin yanvar-dekabr ayları əmək haqqı almışdır. "xxxx" ASC-nin dislokasiyasında olan rayonların əmək haqqı cədvəlləri X17 filialına pərakəndə şəkildə təhvil verilmişdir. Həmçinin 1982-ci il üzrə, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı 1982-ci il və 1983-cü ilin yanvar-fevral aylarında aldığı əmək haqqı və 1982-ci ildə adına verilmiş əmr arayışda göstərilməmişdir. Bildirilir ki, İddiaçı atasının adı əmrlərdə Cəlal kimi qeyd olunmuşdur. "xxxx" ASC-nin arxiv fondunun 1997-2001-ci il üzrə əmr kitabları yoxlanılmış, İddiaçı adı aşkar olunmamışdır.

9. xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında qeyd edilmişdir ki, DSMF PHŞin X4 tərəfindən X17 filialında qarşılıqlı yoxlama aparılaraq, müəyyən olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmrlə Kirovabad X8 kəsim məntəqəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixli 227 nömrəli əmrlə vətəndaşa xx.xx.1980-xx.xx.1981-ci illərin hesabına 01.12-xx.xx.1981-ci il tarixədək məzuniyyət verilmişdir. xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" ASC-nin arxivdə saxlanılan əmək haqqı cədvəllərinə əsasən vətəndaşa 1980-ci ildə 10 ay, 1981-ci ildə 12 ay, 1983-cü ildə 10 ay, 1984-cü ildə 12 ay əmək haqqı ödənilmişdir. 1982-ci ilin yanvar-dekabr ayları, 1983-cü ilin yanvar-fevral ayları üzrə Şəmkir (Şamxor) sallaqxanasının əmək haqqı cədvəlləri filiala təhvil verilmədiyindən vətəndaşa əmək haqqı verilib-verilməməsini yoxlamaq mümkün olmamışdır. Arxivə təhvil verilmiş 1982, 1997-2001-ci il üzrə əmr kitabları yoxlanılmış, İddiaçı adı aşkar olunmamışdır. Əmr kitablarında vətəndaşın ata adı Cəlal kimi göstərilmişdir. II. Məhkəmədə icraat

10. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh təşkilata müraciət edərək pensiya yaşının tamam olduğu yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat ona imtina etmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək olan dövr nəzərə alınmalıdı. Cavabdeh təşkilatın vermiş olduğu imtinanı əsassız sayaraq aşağıdakıları qeyd etmək istəyir. İddia ərizəsinə əlavə etdiyi əmək kitabçasının sürətindən, arxiv arayışındn da görünür ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək X5 işləmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X5 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).

24. Cavabdehin iddiaya qarşı yazılı etiraza əlavəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Ş.X13 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, təhsil haqqında sənədlərin və arxiv arayışının surətinə əsasən sığorta stajı 18 il 3 ay 9 gün təşkil edir, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunan xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci i tarixədək olan dövrlər əmək kitabçasının doldurulma qaydası pozulduğundan (birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilmiş, əmək kitabçası eyni tarixdə (xx.xx.2001), eyni xətlə və eyni qələmlə doldurulmuşdur) həmin dövrlərin mötəbərliyi mübahisələndirilərək, onun sığorta stajına daxil edilməmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində ceydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-cən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayarac 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olduğu kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 tələb ödənilməlidir: 1) Vətəndaşın yaşı bu qanunla nəzərdə tutulan yaş həddinə çatmalıdır; 2) Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı mövcud olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(102)-1838/2023 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddiaçının mübahisəli illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı, əldə edilən mötəbər sübutlar qiymətləndirməli, iddiaçının işdən azad edilmədiyi halda ona əməkhaqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmalı və əməkhaqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsaslandırılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali X2 xx.xx.2024- cü il tarixli, 2-1(102)-269/2024 saylı iş üzrə qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özüözlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsir görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına daır qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-17911/2024 nömrəli etirazında qeyd olunmuş dəlillərə əlavə olaraq bildirilir ki, məhkəmə araşdırması zamanı əldə olunmuş Dövlət X9 xx.xx.2023-cü il tarixli 3- 480DA-4F2-Ə-1340/2023 nömrəli məktubu (Məktub qoşmaya əlavə edilmişdir) ilə İddiaçı 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cü il üzrə 10 ay, 1984-cü il üzrə 12 ay əməkhaqqı ödənildiyi, müəssisənin arxiv fondunun 1982, 1997-2001-ci il tarixlər üzrə əmr kitablarının yoxlanıldığı və iddiaçının adının aşkar olunmadığı müəyyən olunmuşdur. Beləliklə, məktubda qeyd edilən 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 12 ay, 1983-cü il üzrə 10 ay, 1984-cü il üzrə 12 ay, ümumlikdə isə 3 il 9 ay 9 gün iddiaçının 18 il 3 ay 9 gün olan sığorta stajına daxil edilərsə, onun sığorta stajı 22 il 9 gün olmaqla, 25 ildən az təşkil edəcəkdir. Həmçinin, Dövlət X9 xx.xx.2023-cü il tarixli 3-480DA-4F2-Ə-1340/2023 nömrəli məktubunda qeyd olunanlar barəsində Fondun X4 tərəfindən yerində monitorinq aparılmış, xx.xx.2024-cü il tarixli akt (Akt qoşmaya əlavə edilmişdir) tərtib edilmişdir. Həmin akt ilə arxiv arayışında qeyd olunan xüsusatlar öz təsdiqiri tapmışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

25. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2001-ci il tarixli AZE ******* nömrəli əmək kitabçası; - Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 101 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-Ə- 1340/1/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-230747/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********833500 nömrəli məktubu; - Azərbaycan Respublikası Dövlət X7 xx.xx.2024-cü il tarixli 3-48-13F/1-10/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Şəmkir rayon Statistika İdarəsinin xx.xx.2024-cü il tarixli 3-34-78/2-37/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Dövlət X9 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-517/2024 nömrəli arxiv arayışı; - xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktı; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı pensiya işləri üzrə icraat materialları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

29. Belə ki, Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydasının pozulması (birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilmiş, əmək kitabçası eyni tarixdə (xx.xx.2001), eyni xətlə və eyni qələmlə doldurulmuşdur) və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

30. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsaslı hesab edir.

31. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

33. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.

34. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

35. Cavabdeh orqan tərəfindən məhz xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X5 işlədiyi işlədiyi dövr mübahisələndirilərək, iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Buna əsas kimi isə İddiaçı təqdim etdiyi əmək kitabçasının doldurulma qaydasının pozulmasını, yəni birinci qeyddə həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə edilməsi, əmək kitabçasının eyni tarixdə (xx.xx.2001), eyni xətlə və eyni qələmlə doldurulmasını qeyd etmişdir (həm imtina məktubunda, həm yazılı etirazda).

36. Məhkəmə cavabdeh orqanın həmin dəlillərinə münasibətdə qeyd edir ki, həqiqətən də əmək kitabçasına vizual baxış zamanı iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X5 işləməsinə dair qeydlərin eyni xətlə icra edilməsi və xx.xx.2001-ci il tarixdə doldurulması müəyyən edilir. Lakin iddiaçı hər iki fəaliyyət dövründə eyni müəssisədə işlədiyindən məhkəmə həmin halı məqbul sayır. Digər tərəfdən, əmək kitabçasının doldurulması işçinin deyil, işəgötürən vəzifələrinə aid edildiyindən, yəni doldurulma işəgötürən tərəfindən həyata keçirildiyindən bu hal iddiaçının təqsiri kimi qəbul edilə bilməz.

37. Lakin yanaşı olaraq qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı arxivdən əldə edilmiş arayışla müəyyən edilmişdir ki, Əliyev X10 Ət Kombinatının xx.xx.1980-ci il tarixli 50-k nömrəli əmri ilə xx.xx.1980-ci il tarixdən Şamxor kəsim məntəqəsinə qablaşdırıcı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixli 256 nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən vəzifəsindən azad edilmişdir.

38. Əmək kitabçasında isə İddiaçı xx.xx.1980-ci il tarixli 37 nömrəli əmrlə həmin tarixdən Şamxor rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edildiyi, xx.xx.1984-cü il tarixli 54 nömrəli əmrlə həmin tarixdə işdən azad edildiyi qeyd olunmuşdur ki, bu da əmək kitabçasındakı qeydlərin düzgünlüyünü sual altına alır.

39. Eyni zamanda, iddiaçının əmək kitabçasında onun xx.xx.1977-ci il tarixli 11 nömrəli əmrlə həmin tarixdə Şəmkir rayon Buzxanalı Sallaqxanaya fəhlə işinə qəbul edildiyi, xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrlə həmin tarixdən işdən azad edildiyi qeyd edilsə də, həm məhkəmənin sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2024-cü il tarixli 3-48-DA-4F/2-517/2024 nömrəli arxiv arayışında, həm də cavabdeh orqanın yerli filialının X17 filialında xx.xx.2024-cü il tarixdə apardığı qarşılıqlı yoxlama zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin arxiv fondunun 1997-2001-ci il üzrə əmr kitablarında İddiaçı adı aşkar olunmamışdır.

40. Yəni, 1997-2001-ci illəri əhatə edən dövrün əmr kitabları arxivdə mövcud olsa da, həmin əmr kitablarında iddiaçının işə daxil olması və işdən azad edilməsi (habelə əmək məzuniyyətinə buraxılması və s.) barədə sənədlər mövcud deyildir.

41. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

42. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X19) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

45. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Maddə 3.2. İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: - İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. - İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Maddə 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.

46. Göründüyü kimi, əmək pensiyalarının təyin olunması sahəsində mövcud olan Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

47. Hazırkı işdə iddiaçının əmək kitabçasındakı qeydlərin düzgünlüyü və dəqiqliyi şübhə altına alındığı və iddiaçının 1997-2001-ci illərdə işlədiyi dövrü təsdiq edən sənədlərin mövcud olmaması nəzərə alındıqda, məhkəmə cavabdeh orqanın iddiaçıya pensiya təyinatında imtinasını haqlı sayır.

48. Məhkəmə onu da qeyd edir ki, iddiaçının 1980-1984-cü illərdəki fəaliyyət dövrü arxiv sənədləri ilə öz təsdiqini tapdığından həmin dövr, yəni xx.xx.1980-xx.xx.1984-cü illər onun sosial sığorta stajına nəzərə alınmalıdır.

49. Lakin bununla belə, yəni həmin dövr nəzərə alındıqda belə iddiaçıya pensiya təyinatı üçün tələb olunan 25 il tamamlanmış olmur. Belə ki, xx.xx.1980-xx.xx.1984-cü illərdəki 4 il 9 ay sosial sığorta stajı iddiaçının mövcud olan və mübahisələndirilməyən 18 il 3 ay 9 gün olan sığorta stajına əlavə edildikdə belə, onun sığorta stajı 22 il 11 ay 9 gün təşkil edir ki, bu da 25 ildən azdır.

50. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il iş stajının olması öz təsdiqini tapmadığından qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən, iddianın təmin edilməsi istisna edilir.

51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar