Məhkəmə qərarları › İş №2-1(114)-3270/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3270/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3270/2024 04.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı (nümayəndəsi qismində Nümayəndə) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin **********38 reyestr nömrəsi ilə planı və ölçüsü tərtib edilmiş və X1 kitabında uçota alınmış, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin dəqiq koordinatları da göstərilməklə xx.xx.2018-ci il tarixli, AN 232080№-li “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmə haqqında şəhadətnamədə göstərilən Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli 40-41 nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən ona məxsus Göygöl rayonu, Aşıqlı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin **********38 reyestr nömrəsi ilə planı və ölçüsü tərtib edilmiş və X1 kitabında uçota alınmışdır. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin dəqiq koordinatları da göstərilməklə xx.xx.2018ci il tarixli A№232080 “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmə haqqında müvafiq şəhadətnamə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh onun müraciətinə xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı vermişdir. Məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin başqa səxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İşin halları xx.xx.2018-ci il tarixli, **********38 reyestr nörməli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Göygöl rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin hüquq sahibi Nümayəndədur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nörməli, **********38 reyestr nörməli çıxarışa əsasən, Göygöl rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 124 nörməli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nörməli, **********27 reyestr nörməli çıxarışa əsasən, Göygöl rayonu, Aşıqlı kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Nümayəndə adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 116 nörməli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, AR-İİİ 283282 №-li etibarnaməyə əsasən, etibar edən/təmsil edilən qismində İddiaçı, etibar edilən qismində Nümayəndə göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki pasportunun hazırlanmasından imtina edilməsi barədə İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanmış bildirişə əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin hazırlanması barədə müraciətə baxılmış, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu, belə ki, faktiki torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Gəncə İnzibati Məhkəməsinin İddiaçı və onun nümayəndəsi qismində Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı, nümayəndəsi qismində Nümayəndə qeyd olunmaqla ərizə Nümayəndə tərəfindən imza edilmişdir. xx.xx.2024-cü il tarixli, AR-İİİ 283282 №-li etibarnaməyə əsasən, etibar edən qismində İddiaçı, etibar edilən qismində Nümayəndə göstərilmiş, ancaq həmin etibarnamədə etibar edən adından etibar edilən şəxs tərəfindən məhkəməyə müraciət etmək, iddia ərizəsini imzalamaq, məhkəmədə təmsil olunmaqla bağlı səlahiyyətlər nəzərdə tutulmamışdır. Eyni zamanda etibar edənlə etibar edilən şəxsin yaxın qohum olduqlarını təsdiq edən sənəd əlavə edilməmişdir. Digər tərəfdən iddia tələbi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması barəsində olsa da, cavabdeh orqan tərəfindən verilmiş imtina məktubundan görünür ki, müraciət “Torpaq sahəsinin plan və ölçüsü” sənədinin hazırlanması barədə olmuşdur. Bundan başqa iddia ərizəsində göstərilən və iddia ərizəsinə əlavə edilən xx.xx.2018-ci il tarixli, A 232080 №-li, **********38 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün hüquqi sahibi qismində Nümayəndə göstərilmiş, lakin İddiaçı olmaqla həmin torpaq sahəsi üzərində mülkiyyət hüqunun qeydə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırlmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2024-cü il tarixədək vaxt verilmiş, lakin İddiaçı, həmçinin nümayəndəsi qismində göstərilən Nümayəndə tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar, çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar