Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3272/2023 08.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Bakir oğlunun cavabdeh Samux rayonu Çobanabdallı bələdiyyəsinə qarşı müraciətə cavab verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Bakir oğlunun iştirakı ilə, İddiaçı Bakir oğlunun cavabdeh Samux rayonu Çobanabdallı bələdiyyəsinə qarşı müraciətə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Bakir oğlu xx.xx.2023-cü il tarixdə Samux rayonu Çobanabdallı bələdiyyəsinə ona torpaq sahəsinin ayrılması barədə Çobanabdallı bələdiyyəsinin 13 oktyabr 2022-ci il tarixli qərarının surətinin ona təqdim edilməsi və ona ayrılmış torpaq sahəsinə müvafiq olaraq alğı-satqı müqaviləsinin tərəflər arasında imzalanması ilə bağlı ərizə ilə müraciət etmişdir.
2. Həmin ərizə cavabdeh orqanın “Aslanova” soyadlı işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanaraq qəbul edilmiş, lakin müraciət cavablandırılmamışdır. II. Məhkəmədə icraat
3. İddiaçı Bakir oğlu cavabdeh Samux rayonu Çobanabdallı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehə ünvanladığı 27 yanvar 2023-cü il tarixli ərizəsinə məcburetmə qaydasında qanunvericiliyin tələblərinə uyğun şəkildə cavab verilməsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2009-cu ildən Samux rayonu, Çobanabdallı kəndində pasport qeydiyyatındadır. Mülkiyyətində heç bir daşınmaz əmlak yoxdur. Uzun müddət dövlət qulluğunda çalışmışdır. Hal-hazırda əmək pensiyası alır. 2022-ci ildən Samux rayonu Çobanabdallı bələdiyyəsinə ərizə ilə müraciət edərək kənd ərazisində ona fərdi yaşayış evi tikdirmək, həyətyanı torpaq sahəsinin, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Müxtəlif dövlət qurumlarına etdiyi müraciətlər baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinə və Samux Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alaraq Çobanabdallı bələdiyyəsinə müraciətinin təmin olunması barədə tövsiyə edilmişdir. Eyni zamanda Samux Rayon İcra Hakimiyyəti başçısının müavini cənab Arif Ağayevin 18 oktyabr 2022-ci il tarixli, 1148 saylı cavab məktubunda və Gəncə Regional Ədliyyə İdarəsinin rəisi cənab İlkin Nəcəfovun 26 dekabr 2022-ci il tarixli, B-543/6 saylı məktubunda Çobanabdallı bələdiyyəsinin 13 oktyabr 2022-ci il tarixli iclasında ona torpaq sahəsi ayrılması üçün sənədləşmə işlərinə başlanılması barədə qərar qəbul edildiyi bildirilmişdir. Aldığı cavab məktublarına əsasən 27 yanvar 2023-cü il tarixdə Samux rayonu Çobanabdallı bələdiyyəsinin sədri xanım Sveta Aslanovaya ərizə ilə müraciət edərək ona torpaq sahəsi ayrılması barədə Çobanabdallı bələdiyyəsinin 13 oktyabr 2022ci il tarixli qərarının surətinin ona təqdim edilməsini və ayrılmış torpaq sahəsinə dair alqısatqı müqaviləsinin tərəflər arasında imzalanmasının təmin edilməsini xahiş etmişdir. Həmin ərizə 30 yanvar 2023-cü il tarixdə Samux rayonu Çobanabdallı bələdiyyəsinin sədri xanım Svcta Aslanovaya şəxsən təqdim edilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də cavabdeh qurumun ərizəni 30 yanvar 2023-cü il tarixdə qəbul etdiyi görünür. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
6. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
7. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
8. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən hərəkətsizlik edilərək müraciətə cavab verilməmişdir.
9. Cavabdeh Samux rayonu Çobanabdallı bələdiyyəsinin yerləşdiyi Samux rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
10. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
11. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
13. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
15. İddiaçı Bakir oğlu şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
16. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həm əvvəllər, həm sonuncu yazılı müraciətindən sonra dəfələrlə şifahi olaraq bələdiyyəyə müraciət etsə də, hamısı cavabsız və nəticəsiz qalmışdır.
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizə; - Poçt göndərişinin verilməsi haqqında xəbərnamə; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022-ci il tarixli 09/B-1593 nömrəli, xx.xx.2022-ci il tarixli 09/B-1593/2 nömrəli, xx.xx.2022-ci il tarixli 09/B-1593/3 nömrəli, xx.xx.2022-ci il tarixli 09/B-1593/4 nömrəli və xx.xx.2022-ci il tarixli 09/B-1593/5 nömrəli məktubları; - Azərbaycan Respublikasının Baş prokurorluğunun xx.xx.2022-ci il tarixli 22- 0090-xx-xx-065701 nömrəli məktubu; - Azrbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə Regional ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli B-543 nömrəli və xx.xx.2022-ci il tarixli B-543/6 nömrəli məktubları; - Samux Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 915 nömrəli, xx.xx.2022ci il tarixli 1017 nömrəli və xx.xx.2022-ci il tarixli 1148 nömrəli məktubları.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
20. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə müəyyən edilmişdir ki, İddiaçı Bakir oğlu ona torpaq sahəsinin ayrılması barədə Çobanabdallı bələdiyyəsinin 13 oktyabr 2022-ci il tarixli qərarının surətinin ona təqdim edilməsi və ona ayrılmış torpaq sahəsinə müvafiq olaraq alğı-satqı müqaviləsinin tərəflər arasında imzalanması ilə bağlı Samux rayonu Çobanabdallı bələdiyyəsinə ərizə ilə müraciət etmiş, cavabdeh orqan isə müraciətə cavab verməmişdir.
21. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən də görünür ki, iddiaçının müraciət ərizəsi xx.xx.2023-cü il tarixdə Samux rayonu Çobanabdallı bələdiyyəsinin “Aslanova” soyadlı işçisi tərəfindən şəxsən imza olunmaqla qəbul edilmişdir.
22. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh orqanın hərəkətsizlik edərək iddiaçının müraciətinə cavab verməməsi qanunsuzdur və onun üzərinə müraciətə cavab verilməsi öhdəliyi qoyulmalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
24. “Vətəndaşların müraciətləri haqqında” Qanununa görə: Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Maddə 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Maddə 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Maddə 10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.
25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
26. Hazırki işdə iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinin - ərizəsinin xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, həmin müraciətə baxılmasının hüquqi nəticələri bugünədək təmin edilməmişdir.
27. Məhkəmə onu da qeyd edir ki, hətta, məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sərəncamlarında da Samux rayonu Çobanabdallı bələdiyyəsindən iddiaçının müraciətinə baxılmasının nəticələri barədə məlumatın məhkəməyə təqdim olunmasının tələb edilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə sərəncamlarını da yerinə yetirməmiş və hərəkətsizlik göstərmişdir.
35. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinə cavab verməməsi ilə bağlı hərəkətsizliyi qanunsuz olmuşdur.
36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakir oğlunun müraciətinə cavab verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmalıdır.
37. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı Bakir oğlunun müraciətinə baxılıb cavab verilməsi öhdəliyi cavabdeh Samux rayonu Çobanbdallı bəldiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva