Məhkəmə qərarları › İş №2-1(114)-3277/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3277/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3277/2024 30.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Chevrolet Cruze” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KLAJA69ED9K122311, buraxılış ili 2009, gümüşü metallik rəngli avtomobilə aid olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, mülkiyyət hüquq ilə ona məxsus olan “Chevrolet Cruze” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olan AB 721 020 nömrəli qeydiyyat şəhadətnaməsini xx.xx.2024-cü il tarixdə sərhəd nəzarət məntəqəsində itirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 11:30-da Rusiya Federasiyasından Latviya Respublikasına keçərkən Ludzen diyarı, Malnava vilayəti, Qrebnovada Qrebnev sərhəd nəzarət məntəqəsində yoxlanıldıqdan sonra yuxarıda göstərilən sənəd olmadığına görə iddiaçının avtomobili Latviya Respublikasının ərazisindəki cərimə dayanacağına göndərilmişdir. Avtomobilin itmiş qeydiyyat şəhadətnaməsinin əvəzinə dublikatının verilməsi üçün iddiaçı 4 aya yaxındır ki, cavabdeh orqana müraciət etmişdir. İlk öncə cavabdeh orqan tərəfindən bildirilmişdir ki, nəqliyyat vasitəsinin olduğu yerdən müayinə aktı gətirilsin. İddiaçı bundan sonra xx.xx.2024-cü il tarixdə Latviya Respublikasının gömrük məntəqəsindən nəqliyyat vasitəsinin yerinin müəyyən edilməsi haqqında arayış təqdim etmiş, lakin cavabdeh orqan həmin arayışı qəbul etməmişdir. Şifahi olaraq bildirilmişdir ki, nəqliyyat vasitəsinin yerinin müəyyən edilməsi polis tərəfindən verilmiş arayış əsasında olmalıdır. İddiaçı qeyd edir ki, cavabdeh orqanın süründürməçiliyindən yaxa qurtarmaq üçün onlardan rəsmi imtina almaq məcburiyyətində qalmış, lakin imtina verməmişlər. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2- M43xx/xx/2024 nömrəli imtina məktubu verilmiş və imtinada qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin şəhadətnaməsinin yenisi ilə əvəz edilməsi üçün nəqliyyat vasitəsi texniki müayinəyə təqdim edilməli və ya nəqliyyat vasitəsinin olduğu yerdən müayinə aktının alınması təmin edilməlidir. İddiaçı bildirir ki, cavabdeh orqanın imtinası əsassızdır. İşin halları xx.xx.2017-ci il tarixli AR-İ 479194 nömrəli etibarnaməyə əsasən, etibar edən qismində İddiaçı, etibar edilən qismində X3 qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, itirilmiş qeydiyyat şəhadətnaməsi yenisi ilə əvəz edilməsi Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” Qanununun 27-28-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il 39 nömrəli qərarı və Azərbaycan Respublikası DİN-in müvafiq əmri ilə tənzimlənir. Həmçinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin yenisi ilə əvəz edilməsi üçün nəqliyyat vasitəsinin aqreqat nömrələrinin yoxlanılması üçün nəqliyyat vasitəsi texniki müayinəyə təqdim edilməli və ya nəqliyyat vasitəsinin olduğu yerdən müayinə aktının alınması təmin edilməlidir. Əlavə olaraq, "Chevrolet Cruze" markalı, qeydiyyat şəhadətnaməsi AB 721 020 nömrəli, ** CV *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KLAJA69ED9K122311, buraxılış ili 2009, gümüşü metallik rəngli avtomobil xx.xx.2013-cü il tarixdən, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1986-cı il təvəllüdlü vətəndaş İddiaçı adına qeydiyyatdadır. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsin əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, hazırkı iş üzrə İddiaçıdur. İddiaçı X3 tərəfindən dövlət orqanlarında təmsil olunması üçün etibarnamə olsa da, cavabdeh orqandan imtina məktubu X1 özünün adına verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətanın aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Lakin İddiaçı sərəncama əməl etməmiş, göstərilən xətanı aradan qaldırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı cavabdeh Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar