Məhkəmə qərarları › İş №2-1(114)-3286/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3286/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3286/2024 02.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən rayon Polis Şöbəsinə qarşı üçüncü şəxslər X6, X4 və X7 ona məxsus olan Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşkəsən rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.1975-ci il təvəllüdlü X4 və xx.xx.2000-ci il təvəllüdlü X7 ona məxsus olan Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzilə dair hüquqları Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. İddiaçının yuxarıda qeyd etdiyi və ona məxsus mülkdə hal-hazırda qohumları - xx.xx.1975-ci il təvəllüdlü X4, xx.xx.2000-ci il təvəllüdlü X10 və xx.xx.2003-cü il təvəllüdlü X3 evdə qeydiyyatda olmaqları mülkiyyətçi olaraq onun mülkə dair hüquqlarını məhdudlaşdırır. İddiaçı əlavə olaraq ailə üzvülərinin sayına görə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. X2, X7 və X3 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda pasport qeydiyyatında durmaqları iddiaçının həmin mülk üzərində qanunvericiliyin tələblərinə uyğun sərancam verməyini və qanunvericilikdə nəzərdə tutulan başqa hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddiaçı hesab edir ki, X4, X10 və X6 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmalarıdırlar. Bu barədə iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3286/2024 nömrəli qərardadı ilə X6, X4 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərdi ki, ünvan 1 ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Hazırda onun qohumları X4, X10 və X6 onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadırlar. Bu səbəbdən o, artıq kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Hazırda o, həmin mənzildə yalnız bacısı ilə yaşayır. Qardaşı oğlu X4 uzun müddətdir ki, həmin mənzildə yaşamır. Üçüncü şəxs Rasim Quluyev uşaq ikən həmin mənzildə yaşamış, hazırda Daşkəsən rayonunun Suqovuşan kəndində yaşayır. Eyni zamanda onun Gəncə şəhərində evi də vardır. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş edir. İşin halları Daşkəsən rayon Dövlət Arxivinin 08 sentyabr 2011-ci il tarixli , 111 №-li orderdən çıxarışa əsasən, Daşkəsən şəhər – XDM-İK-nin xx.xx.1978-ci il tarixli, 534 №-li orderi ilə müəyyən olunur ki, İddiaçı 2 nəfər ailəsi-X5, X8 ilə birlikdə Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yaşayırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 29 iyul 2024-cü tarixli məktubuna qoşma kimi əlavə edilmiş ərizələrə əsasən, X8 və X4 qeydiyyatda olduqları Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35-in İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57-05101-093035 reyestr nömrəli çıxarışa əsasən, Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışına və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.1975-ci il təvəllüdlü X4 və xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər X6, X4 və X7 ona məxsus olan Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Daşkəsən rayon Polis Şöbəsinə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyil. Bununla bağlı məhkəməyə müraciət edə bilər. Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının 24 iyul 2024-cü il tarixli məktubuna əsasən, X6, X4 və X1 şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yaşamırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş "şəxsin yaşayış yerini dəyişməsi" ifadəsi "şəxsin həmin yaşayış sahəsində yaşamaması" mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Daşkəsən şəhər – XDM-İK-nin xx.xx.1978-ci il tarixli, 534 №-li orderi İddiaçı ona görə verilmişdir ki, o, 2 nəfər ailəsi-X5, X8 ilə birlikdə Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yaşayırlar. X8 və X4 qeydiyyatda olduqları Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35-in İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədikləri barədə ərizə vermişlər. Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda üçüncü şəxslər X4 və onun övladları X6, X10 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında qeydiyyatdadırlar. Qanunvericiliyin tələbinə görə mülkiyyətçi qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhdudiyyətlər hər bir halda qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Digər tərəfdən yaşayış yeri üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Vətəndaş yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdikdə isə əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır və yeni yaşayış yeri üzrə qeydiyyata alınır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxslər X4 və onun uşaqları X6, X10 hazırda iddiaçıya məxsus olan evdə faktiki olaraq yaşamırlar. Üçüncü şəxs X4 əvvəllər qeyd olunan mənzildə bibiləri İddiaçı və X8 ilə birlikdə yaşamış, lakin uzun müddətdir ki, həmin mənzildə yaşamır. Həmçinin hazırda üçüncü şəxslərin həmin mənzildən istifadə hüquqlarının olması da aşkar edilməmişdir. Belə olduqda isə üçüncü şəxslərin iddiaçıya məxsus olan evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka olan hüquqlarını, iddiaçının öz əmlakı barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6, X4 və X7 Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Daşkəsən rayon Polis Şöbəsinin üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X6, xx.xx.1975-ci il təvəllüdlü X4 və xx.xx.2000-ci il təvəllüdlü X7 Daşkəsən şəhəri, Nizami küçəsi, ev 15, mənzil 35 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Daşkəsən rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar