Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-329/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
2. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-8800/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Sözügedən daşınmaz əmlak qeydiyyata alınmadığından sənəd surətinin, habelə evin hazırda hansı subyektin balansında olması barədə məlumatın məhkəməyə göndərilməsi mümkün olmamışdır.
3. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 xx.xx.2023-cü il tarixli M-1007 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, 2 saylı ev Birliyin balansına aid deyildir.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-2334/8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, zavod, idarə və müəssisələrin işçilərinə torpaq sahəsi ayrılması haqqında adlı siyahıları X8 Filialına təhvil verilməmişdir. Həmçinin, “İnformasiya əldə etmək haqqında” Qanunun 15-ci maddəsinin 15.1.4 bəndinə müvafiq olaraq sorğuda sənədin növü, adı və ya müvafiq rekvizitləri (Gəncə şəhər Kərpic zavoduna torpaq sahəsinin hansı tarixdə və hansı icra orqanı tərəfindən ayrılması) göstərilmədiyi üçün sorğunun müsbət cavablandırılması mümkün olmamışdır.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2024-cü il tarixli M-10 nömrəliu cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, 2 saylı ev Birliyin balansına aid deyildir. Əlavə olaraq bildirilir ki, İddiaçı adına Birliyin mərkəzləşmiş mühasibatlığında heç bir mənzil qeydə alınmamışdır.
6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 5-1/2-xx/xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, 2 nömrəli fərdi yaşayış evi Gəncə şəhər Mənzil Kommunal X1 balansına aid deyildir. Əlavə olaraq bildirilir ki, İddiaçı adına Birliyin mərkəzləşmiş mühasibatlığında heç bir mənzil qeydiyyata alınmamışdır. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, ev 2 fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayırlar. Bildirir ki, ünvan 2ayış evini Kərpic zavodun keçmiş direktoru mərhum Rafiq müəllimdən 2013-cü ildə 30.000 (otuz min) manat məbləğində almışdır. Həmin fərdi yaşayış evinin sənədləşdirilməsini Rafiq müəllim öz üzərinə götürsə də, bir ildən sonra dünyasını dəyişdiyinə görə sənədləşdirmə işləri dayanmışdır. Hal-hazırda 2013-cü ildən bu günə kimi ünvan 3 ünvanda ailəsi ilə birgə yaşamaqla yanaşı təsərrüfat işləri aparmışlar. Onu da qeyd edir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi 0.02 ha torpaq sahəsində inşa edilmiş 2 yaşayış otağından, eyvan və mətbəxdən ibarətdir. Yaşadıqları fərdi yaşayış evində tərəflərindən yenidən təmir işləri görülmüşdür. ünvan 3 ünvanda yerləşən evin bütün kommunal xərcləri və torpaq vergisi bu günə kimi şəxsən onun tərəfindən ödənilir. İddiaçı olaraq o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** nömrəli müraciəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılmış araşdırma zamanı, müraciətinə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir və bu səbəbdən icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi müraciətinə imtina edilmə səbəbinin vətəndaş olaraq ona heç bir aidiyyatı yoxdur. Bu barədə aidiyyati üzrə dövlət orqanlarına müraciət etsə də onun məsələsinə qanunla müəyyən edilmiş qaydada baxılmır və get-gələ salınaraq onun konstitusion hüquqları pozulur. Bir vətəndaş olaraq çox narahatdır, ona görə də, yeganə ümid yeri olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
11. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, heç vaxt Kərpic zavodunda işləməmiş və oranın işçisi kimi ona ev verilməmişdir. O, həmin evi Kərpic zavodun əvvəlki direktoruna pul verərək, satın almışdır. Direktor onu həmin evə dair lazımi sənədlərlə təmin edəcəyinə söz versə də, vəfat etdiyi üçün bunu edə bilməmişdir.
14. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərardadın 1-ci bəndi).
15. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
17. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
18. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, aparılan araşdırma zamanı, müraciətinə əmlaka dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətinin icrası mümkün olmamışdır.
19. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
20. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
21. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli fərdi yaşayış evinin onun adına qeydə alınması üçün həmin evə dair hüququ olmalıdır ki, cavabdeh orqanın qeydiyyatın aparılmasından imtina etməsi nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
22. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
23. İddiaçı Gəncə şəhəri, Dəmiryolaltı, Şıxlinski küçəsində yerləşən 2 nömrəli yaşayış evini Kərpic zavodunun keçmiş direktorundan 2013-cü ildə 30.000 (otuz min) manat müqabilində aldığını qeyd etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
24. Göründüyü kimi, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə dair İddiaçı adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
25. Hüquqmüəyyənedici sənəd dedikdə isə elə sənədlər başa düşülür ki, məhz həmin sənədlər əsasında şəxsin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqları əmələ gəlmişdir və həmin sənədlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.
26. Həmin əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanmışdır. Məhz həmin sənədlərə malik şəxslər daşınmaz əmlaka hüquq sahibi sayıla bilərlər.
27. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
28. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən fərdi yaşayış evinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
30. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva