Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3295/2023 20.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi və pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixə toplanmış sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçıya xx.xx.2003-cü il tarixdə xidmət illərinə görə pensiya təyin edilmişdir.
2. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanaraq əlavə edilməsini xahiş etmişdir.
3. Əmək pensiyasının yenidən hesablanmasınadək iddiaçının pensiya məbləği 683,17 manat (sığorta hissəsi 243,30 manat, qulluq stajına əlavələr 439,87 manat) məbləğində təşkil etmişdir.
4. Əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanaraq, 683,17 manat (sığorta hissəsi 679,19 manat, qulluq stajına əlavələr 3,98 manat) məbləğində müəyyən edilmişdir.
5. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ona xx.xx.2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 683,17 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1)əmək pensiyasının sığorta hissəsi-243,30 manat; 2)qulluq stajına görə əmək pensiyasına əlavə 439,87 manat. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sözügedən Qanunun 45-ci maddəsinə görə “gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 71921,77 manat pensiya kapitalı qeydə alınmışdır. Həmin pensiya kapitalı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1 və 45-ci maddələrinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 165 (71921,77:165 (65 il-57 il 3 ay=93 ay+(144 ay-72 ay)=435,89 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 679,19 (243,30+435,89) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (439,87 manat) həmin artım qədər (435,89 manat) azaldılmışdır. Nəticədə hazırda əmək pensiyasının sığorta hissəsi 679,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 3,98 (439,87-435,89) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 68,32 manat maddi yardım ödənilir.
6. İddiaçı pensiyasının yenidən hesablanması üçün xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı ilə bildirilmişdir ki, ona xx.xx.2003-cü il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 683,17 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: 1)əmək pensiyasının sığorta hissəsi-243,30 manat; 2)qulluq stajına görə əmək pensiyanıza əlavə 439,87 manat. İddiaçı Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 71921,77 manat pensiya kapitalı eydə alınmışdır. Həmin 19160,72 manat nəzərə alınmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1, 29.2 və 45-ci maddələrinə uyğun olaraq onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmış, nəticədə əmək pensiyasının sığorta hissəsi – 679,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 3,98 manat təşkil etmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X4 mövcud olan məlumatlara əsasən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyənə əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən etibarən 751,49 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 861,96 manata artırılaraq ödənilir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanması barədə qərarının ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2023-cü il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr nəzərə azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2023-cü il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması yenidən hesablanmasını xahiş etmiş, lakin aldığı cavab məktubundan görünür ki, müraciəti təmin edilməmişdir. Hesab edir ki, verilən cavab 7 fevral 2006-cı il tarixli 54-İİİQ saylı "Əmək pensiyaları haqqında " Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1 və 9.6-cı maddələrinə ziddir. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qanunun 37.3.1-ci maddəsinə görə yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 fevral 2022-ci il tarixli Qərarında qeyd edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Deməli, pensiyaya çıxmış hərbi qulluqçunun aldığı pensiyası, onun sığorta kapitalına görə yenidən hesablana bildiyinə görə, onun da aldığı pensiyası sığorta kapitalına görə yenidən hesablana bilər, yəni o aldığı pensiyanın sığorta kapitalına görə yenidən hesablanmasını tələb etmək hüquqna malikdir. Məlum olduğu kimi, pensiyanın yenidən hesablanması mövcud pensiyanın artırılması deməkdir. Onun pensiyasında isə Mərkəzi Filial tərəfindən heç bir artım aparılmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabında 01 aprel 2023-cü ilədək 82571 manat pensiya kapitalı toplanmışdır və həmin vəsaitin hal-hazıradək fərdi şəxsi hesabında istifadə edilmədən mövcud olduğu aydın görünür.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı məhkəmə iclasında vəkil olan nümayəndəsi ilə təmsil edilmiş, cavabdehin nümayəndəsi də məhkəmə iclasına gəlmişdir.
18. Həmin məhkəmə iclasında iddiaçının vəkil olan nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə qeydə alınan pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçının vəkil olan nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X1 şifahi məhkəmə baxışı iclasında iddiaya yazılı etiraz təqdim edərək, etirazda göstərilənlərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. VI. Etiraz imtina məktublarında göstərilənlərlə (bu Qərarın 5 və 6-cı bəndlərində göstərilənlər) əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunmuşdur. Buna görə də topladığı pensiya sığorta kapitalına görə təkrar olaraq yenidən hesablanması mümkün deyil. X4 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən onun əmək pensiyasının topladığı kapitala əsasən yenidən hesablanması mümkün deyil. VII. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Fərdi şəxsin hesabdan çıxarış; - İddiaçıya məxsus əmək kitabçasının təsdiqli surəti; - xx.xx.2022-ci il tarixli xxxxxxx220002 nömrəli məlumat vərəqəsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 12/67 nömrəli məktubunun surəti; - Əmək pensiyasının yenidən hesablanması barədə **********3 nömrəli qərar; - Cavabdeh orqanın xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubları.
Əsaslandırma hissəsi:
VIII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında müraciət etdiyi 71921,77 manat pensiya kapitalı yığmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərara əsasən iddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 683,17 manat (sığorta hissəsi 243,30 manat+qulluq əlavəsi 439,87 manat) olmuş, hesablamadan sonra yenə də 683,17 manat (sığorta hissəsi 679,19 manat + qulluq əlavəsi 3,98 manat) təşkil etmişdir.
24. İddiaçının isə hüquqi marağı mahiyyət etibarı ilə ona pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında qulluq stajına əlavələrin azaldılmamaqla pensiyanın yenidən hesablanmasından ibarətdir.
25. Göründüyü kimi, hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq olaraq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasında deyilir ki: Maddə 29.2. 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyasçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
27. İddiaçı hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının sığorta hissəsinə əsasən yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
28. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2003-cü il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır.
29. Belə olan halda, iddiaçının xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalı idi.
30. Belə ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz.
31. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən normalara əsasən cavabdeh orqanın iddiaçının pensiyanın yenidən hesablanması barədə qərarı qanunsuz olmuş və iddiaçının qanunla qorunan sosial təminat hüquqlarını pozmuşdur.
32. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
33. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında **********3 nömrəli qərar ləğv edilsin və onun pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək xx.xx.2019-cu il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva