Məhkəmə qərarları › İş №2-1(114)-3295/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3295/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3295/2025 13.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş təhsil haqqının geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı 2021-2022-ci tədris ilində Cavabdeh2nə ödədiyi 1500 manat, 2022-2023-cü tədris ilində Cavabdeh1nə ödədiyi 1500 manat təhsil haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2021-2022-ci tədris ilində Cavabdeh2nə ödədiyi 1500 manat, 2022-2023-cü tədris ilində Cavabdeh1nə ödədiyi 1500 manat təhsil haqqının cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə sərəncam göndərilərək, iddia tələbinə cavab verməli orqanın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi olması bildirilmiş və həmin orqanın cavabdeh qismində qeyd edildiyi yeni ərizənin təqdim edilməsi təklif edilməklə, həmin xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

6. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının hüquqi marağı 2021-2022-ci tədris ilində Cavabdeh2nə ödədiyi 1500 manat, 2022-2023-cü tədris ilində Cavabdeh1nə ödədiyi 1500 manat təhsil haqqının ona geri ödənilməsindən ibarətdir və həmin tələbə cavab verməli orqan olaraq həm Cavabdeh2, həm Cavabdeh1 cavabdeh qismində qeyd edilmişdir.

7. Lakin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 1308 saylı Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilmişlər.

8. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1722 saylı Sərəncamına əsasən, 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat, magistratura, doktorantura (dissertantlıq istisna olmaqla), əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”na 1 nömrəli Əlavə olan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında nümunəvi çərçivə müqaviləsi”nin 2.1-ci bəndindən isə görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi illik təhsil xərclərini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına uyğun olaraq, bu Müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş qaydada dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan şəxsin seçdiyi ali təhsil müəssisəsinə və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına ödəməyi öhdəsinə götürür.

10. İstinad edilən qanunvericilik aktlarının tələbinə görə, ödənişli əsaslarla təhsil alan şəxs məcburi köçkün statusuna malikdirsə, ali təhsil müəssisəsinə təhsil haqqı yenə ödənilir, lakin bu təhsil haqqını ali təhsil müəssisəsinə təhsil alan deyil, dövlət büdcəsinin vəsaiti hesabına müvafiq dövlət orqanı ödəyir.

11. Yəni, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir.

12. Ona görə də, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılmasını oxuduğu Universitetlərdən deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanı - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyindən tələb edə bilər ki, məhkəmə müdafiəsindən istifadə etdiyi halda da cavabdeh qismində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi qeyd edilməlidir.

13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya iki dəfə sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 10, 11, 12-ci bəndində qeyd edilənlər) bildirilməklə, yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

14. Lakin verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

15. Hazırkı halda isə cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə cavab verməli orqan deyildirlər.

16. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

17. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar