Məhkəmə qərarları › İş №2-1(114)-3299/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3299/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3299/2025 24.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı aldığı ünvanlı dövlət sosial yardımın məbləğinə əlavə olaraq kirayə müqaviləsinə əsasən hər ay ödədiyi 210 manat kirayə pulunun ona ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı aldığı ünvanlı dövlət sosial yardımın məbləğinə əlavə olaraq kirayə müqaviləsinə əsasən hər ay ödədiyi 210 manat kirayə pulunun ona ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı təmsil etdiyi ailəyə xx.xx.2024-cü il tarixdən 1 il müddətinə 361,09 manat məbləğində, xx.xx.2025-cü il tarixdən 1 il müddətinə 284,72 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

2. xx.xx.2024-cü il tarixli kirayə müqaviləsinə əsasən kirayəyə verən – X1 şəhəri, Kəpəz rayonu, DOS 101, bina 2 ünvanında yerləşən, ümumi sahəsi 58.2 kv.m olan mənzili kirayəçi – İddiaçı 210 manat kirayə haqqı ödəmək şərtilə kirayəyə vermişdir.

3. Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Departamentinin “Ünvanlı dövlət sosial yardımın alınması haqqında” məktubunda bildirilmişdir ki, ailəsinə ünvanlı dövlət sosial yardımının verilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətinizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Müəyyən edilmişdir ki, “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********19901 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən ailəsinə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək aylıq 361,09 manat məbləğində sosial yardım təyin edilmiş və bu barədə müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir.

4. Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X4 X5 “Təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləği haqqında” məktubunda bildirilmişdir ki, ailəsini təmsil edən şəxs qismində ÜDSYnin təyin edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2025-ci il tarixli müraciətinə əsasən VEMTAS tərəfindən ailəsinə xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq 284,72 manat məbləğində ÜDSY təyin edilmiş və müraciətdə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Müraciətində qeyd etdiyi məsələ ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 5.17-ci yarımbəndinə əsasən ödədiyi icarəhaqqı ailəsinin gəlirləri hesablanan zaman nəzərə alınmışdır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı 12 ay boyunca ödənilməyən 2520 manat kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cu il tarixdə **********19901 nömrəli müraciətlə ünvanlı sosial yardım üçün müraciət etmiş və xx.xx.2024-cü il tarixdə təyinat almışdır. Müraciətində kirayə müqaviləsi qeyd etmişdir (210 AZN aylıq ödəniş). O, xx.xx.2024-cü il ildən etibarən ünvanlı sosial yardım 361.09 AZN təyin edilib. Kirayədə qalır ve kirayə müqaviləsi var. DSMF müraciət etmişdir mesele ile bağlı ki kirayə pulu ödənilsin lakin ona kirayə pulu ünvanı sosial müdafiə fondu tərəfindən ödənilmir. Himalay Məmişov dövlət sosial müdafiə fondunun idarə heyətinin sədri mətbuata bildirir ki, ünvanlı sosial yardım alan şəxs kirayə müqaviləsi ilə ünvanlı sosial yardım təyin edilirsə onun kirayə haqqı həmin sosial ödənişin üstünə əlavə edilir, həmin sədrin mətbuata çıxış etdiyi video linkini təqdim edir.

7. Məhkəmə tərəfindən iddiaçıya ünvanlanmış qanunauyğunluq haqqında sərəncamın tələblərinə əməl edilmədiyi üçün Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-4534/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08101.2025-ci il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-4534/2024 nömrəli qərardadı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmışdır.

9. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hazırkı cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əvəz edilməsini və ailəsinə xx.xx.2024-cü il tarixdə təyin olunmuş ünvanlı dövlət sosial yardım məbləğinin yenidən hesablanmaqla yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Daha sonra iddiaçının ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi “aldığı ünvanlı dövlət sosial yardımın məbləğinə əlavə olaraq kirayə müqaviləsinə əsasən hər ay ödədiyi 210 manat kirayə pulunun ona ödənilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

12. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər

13. Cavabdehin iddianın mümkün sayılmamasına dair ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3.-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Qanunun 1.0.5ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X8 və X10 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Bildirilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 361,09 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. İddiaçı iddia ərizəsində kirayədə yaşadığını və ona ÜDSY təyin olunarkən kirayə müqaviləsinə əsasən ödədiyi 210 manat məbləğin nəzərə alınmadığını iddia edir. Qeyd edirlər ki, iddiaçının təqdim etdiyi müqavilə xx.xx.2024-cü il tarixdə bağlandığından, təyinat isə xx.xx.2024-xx.xx.2025 dövrü üçün aparıldığından həmin tarixdə bağlanmış kirayə müqaviləsindəki məbləğin gəlirdən çıxılması mümkün olmamışdır. Bildirilir ki, iddiaçıya yenidən xx.xx.2025-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 284,72 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunmuş və kirayə müqaviləsində qeyd olunan məbləğ ailənin gəlirlərinin hesablanmasında nəzərə alınmışdır. Ailəyə xx.xx.2024cü il tarixdə ÜDSY təyin olunarkən ailənin VEMTAS tərəfindən təqdim olunan rəsmi gəlirləri 4635 manat məbləğində olmuşdur. VEMTAS-a əsasən ailənin ÜDSY təyinat məbləğinin hesablanma qaydasını təqdim edirlər: - 4635 : 12 (ay) : 3 (ailə üzvlərinin sayı) = 128,75 (ailənin adambaşına düşən orta aylıq gəliri) - adambaşına düşən telefon xərci: 0,067 manat xx.xx.2024-cü il tarixində qüvvədə olan qanunverciliyə əsasən: - Ehtiyac meyarı: 270 manat - Yaşayış minimumu: 270 manat - 37 saylı qərarın 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (32.6% + 15.6% + 7.2%) + R + RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Bildirilir ki, ailənin gəlirləri 5.22-ci bənddə qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduğuna görə, ailəyə təyin olunan ÜDSY məbləği: (270 - 149,58 - 0,06) * 3 = 361,09 manat olmuşdur. Qeyd etməyi zəruri hesab edirlər ki, ailənin ödədiyi kirayə xərci hesablamada nəzərə alınmış olsa idi, ÜDSY təyinat məbləği dəyişməmiş olacaq idi. - 4635 - 2520 (12 aylıq kirayə məbləği) = 2115 2115 : 12 : 3 = 58,75 (ailənin adambaşına düşən orta aylıq gəliri) Ailənin orta aylıq gəliri kirayə xərcləri nəzərə alınsa belə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 5.22-ci bəndində qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduğuna görə, ailəyə təyin olunan ÜDSY məbləği: - (270 - 149,58 - 0,06) * 3 = 361,09 manat olacaq idi.

14. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. O, sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, DSMF-nin sədri Himalay Məmişovun televiziya kanalına müsahibəsini dinləmiş və müəyyən etmişdir ki, cavabdeh orqan onun kirayə haqqı kimi ödədiyi 210 manat məbləğində pulu ona ödənilən ünvanlı dövlət sosial yardımın üzərinə gəlməklə ona ödəməlidir. Bu barədə hər hansı qanunvericilik müddəasına istinadı yoxdur.

16. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında ərizədə göstərilən dəlillərə istinad edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

19. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsində kirayədə yaşadığını və kirayə müqaviləsinə əsasən ödədiyi 210 manat məbləğin ona ödənilən ünvanlı dövlət sosial yardımın üzərinə əlavə olunmadığını iddia edir.

20. Halbuki, nə “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununda, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda ünvanlı dövlət sosial yardımı təyin edilmiş şəxsin ödədiyi kirayə haqqının ona ÜDSY üzərinə gəlinməklə ödənilməsi bardə hər hansı müddəa yoxdur.

21. Yəni, iddiaçının tələbinin maddi-hüquqi əsası mövcud deyildir. İddiaçı cavabdeh qarşısında sosial təminat qanunvericiliyində nəzərdə tutulmamış tələb irəli sürmüş, nəticədə cavabdeh tərəfindən haqlı olaraq bunun mümkün olmaması ona bildirilmişdir.

22. İddiaçı tələbinin maddi əsasın kimi DSMF-nun sədri H.Məmişovun 2022-ci ilin yekunlarına dair mətbuat konfransı zamanı APA TV adlı televiziya kanalına verdiyi müsahibənin videosuna istinad edir.

23. Məhkəmə iclası zamanı həmin müsahibənin videosunun əks olunduğu diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, DSMF-nun sədri H.Məmişov çıxışında qeyd edir ki, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edən şəxs kirayədə qalırsa, kirayə müqaviləsinin rekvizitlərini ərizə-bəyannamədə qeyd edərsə, bu zaman onun kirayə xərcləri nəzərə alınır və həmin xərc onun ümumi xərclərindən çıxılır.

24. Məhkəmə tərəfindən iddiaçıya iclas zamanı həmin hallar, yəni kirayə xərcinin sadəcə ailənin orta aylıq gəlirinin məbləğinin müəyyənləşdirilməsi zamanı ailənin ümumi xərclərindən çıxılmaqla nəzərə alınmalı olduğu və iddiaçının ödədiyi 210 manat kirayə haqqının 2025-ci il üzrə ÜDYS təyin olunarkən nəzərə alındığı, 2024-cü il üzrə isə nəzərə alınmadığı izah edilsə də, o, hazırkı tələbin müdafiə etdiyini və ona baxılmasını tələb etdiyini bildmirşdir.

25. Bu zaman iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması halı, başqa sözlə hüquqa müdaxilə müəyyən edilməmişdir.

26. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə maddi-hüquqi və faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

29. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar